Gözəl qızlara görə “meymun əməliyyatı” keçirilir

Gözəl qızlara görə “meymun əməliyyatı” keçirilir

Hindistanın Telinqana ştatında “Miss World” gözəllik müsabiqəsi ilə bağlı meymunların kütləvi tutulması aksiyası həyata keçirilir.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə "Deccan Chronicle" nəşri məlumat yayıb.

Bildirilir ki, mayın 14-də müsabiqə iştirakçıları UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edilmiş Ramappa məbədini ziyarət edəcəklər.

Məbəd təkcə tarixi əhəmiyyəti ilə deyil, həm də ziyarətçilərə tez-tez hücum edən aqressiv meymunlarla tanınır.

Qonaqların təhlükəsizliyini təmin etmək üçün yerli hakimiyyət “Meymun əməliyyatı” adlı kampaniya başladaraq vəhşi meymunların tutulmasına qərar verib.

Artıq 150-dən çox meymun tutulub və Telinqananın "Eturunaqram" adlı qoruq meşəsinə aparılaraq orada sərbəst buraxılıb.

Aqressiv primatların yaratdığı problemlərdən əziyyət çəkən yerli sakinlər isə bu təşəbbüsü müsbət qarşılayıblar.

Səbinə Uğur
"Cebheinfo.az"