"Kupça" yoxdursa: Şəhid ailələri və qazilərin evləri necə sığortalanır?

"Kupça" yoxdursa: Şəhid ailələri və qazilərin evləri necə sığortalanır?

Müxtəlif təbii fəlakətlər, yaxud ən təhlükəli hadisələrdən sığortalana bilmək üçün vətəndaşların öz əmlaklarını icbari sığortalaması vacibdir.

Çünki insanların sahib olduğu maddi sərvətlər sırasında ən önəmli yerlərdən birini məhz daşınmaz əmlak tutur.

“Daşınmaz əmlakın icbari sığortası” növü üzrə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun xüsusi bölməsinin II fəslində nəzərdə tutulub. “İcbari Sığortalar haqqında” Qanunun 35.2-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının, mənzillərin, habelə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən dövlət əmlakının sığortası icbaridir.

Qeyd edək ki, bəzi mənzillər vətəndaşlara xidmət müqabilində verilir. Bununla yanaşı şəhid ailəsi və qazilərə verilən evlərə “kupça” verilmir və həmin evlər nəsildən-nəslə ötürülür.

“Kupça” olmadığı təqdirdə sığorta nəyə əsasən həyata keçirilir?

Məsələ ilə bağlı Azərbaycan Sığortaçılar Assosiasiyasından “Cebheinfo.az”-ın sorğusuna cavab olaraq bildirilib ki, 2011-ci ildə qəbul edilmiş “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, respublika ərazisində mövcud olan bütün daşınmaz əmlaklar (yarımtikili, sökülməsi haqqında rəsmi qərar çıxarılmış və ya qəzalı vəziyyətdə olan daşınmaz əmlaklar istisna olmaqla) “Daşınmaz əmlakın icbari sığortası” növü ilə sığortalanmalıdırlar:

“Müxtəlif peşə sahiblərinə xidməti əsaslarla verilmiş və müvəqqəti yaşayış üçün nəzərdə tutulan daşınmaz əmlakların icbari qaydada sığortası məsələsinə münasibətdə qeyd edə bilərik ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, daşınmaz əmlakın hüquqi sahibi və ya daimi istifadəçisi müvafiq daşınmaz əmlakı “Daşınmaz əmlakın icbari sığortası” növü üzrə aidiyyəti qaydada sığortalamalıdırlar. 

Sözügedən qanunda xüsusi həssas əhali qruplarına bağışlanmış, hədiyyə olunmuş yaşayış əmlaklarının icbari sığortasına münasibətdə hər hansı xüsusi qeyd və ya müddəa yer almadığına görə, həmin əmlakların, “Daşınmaz əmlakın icbari sığortası” növü üzrə sığortalanması da “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, əmlakın hüquqi sahibi və ya daimi istifadəçisinin üzərinə düşür.

Əlavə olaraq vurğulayaq ki, hazırda respublika ərazisində yerləşən yaşayış əmlaklarının sığortası tarifləri Bakı şəhəri üzrə 50 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərləri üzrə 40 manat, respublikanın digər regionları üzrə isə 30 manat müəyyən edilib.

Baş verə biləcək hadisələr nəticəsində sığortalanmış yaşayış əmlaklarına dəymiş zərərə görə əmlak sahiblərinə ödənilməsi nəzərdə tutulan təminat məbləğləri isə Bakı şəhəri üzrə 25 min manata qədər, Gəncə, Sumqayıt və Naxçıvan şəhərləri üzrə 20 min manata qədər, respublikanın digər regionları üzrə isə 15 min manata qədər müəyyən olunub. “Kupça” olmasa belə, yaşayışı və mülkiyyəti təsdiq edən hər hansı bir sənədin olması da sığrortalanmaq üçün kifayət edir”.

Nigar Abdullayeva
“Cebheinfo.az”