İrəvan Azərbaycanla sərhəddə Rusiya ilə müttəfiqliyi pozur

İrəvan Azərbaycanla sərhəddə Rusiya ilə müttəfiqliyi pozur

Azərbaycan-Ermənistan sərhədində nəzarəti Rusiya deyil, Ermənistan həyata keçirəcək.

Bu sözləri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistanın İctimai Televizyasına müsahibəsində deyib. “Bu, artıq bütün iştirakçı tərəfdaşlara aydındır ki, sərhədlərə bütün nəzarət Ermənistan tərəfinin nəzarəti altında olacaq”, - deyə Qriqoryan bildirib.

Qeyd edək ki, Ermənistanın dövlət sərhədlərinin mühafizəsini əsasən Rusiya qoşunları həyata keçirir. Ermənistanda isə Dövlət Sərhəd Xidməti və ya Sərhəd Qoşunları ayrıca struktur kimi mövcud deyil. Armen Qriqoryanın bu açıqlaması Ermənistanın dövlət sərhədlərinin mühafizəsindən Rusiyanı kənarlaşdırmaq niyyətindən xəbər verir.

Ancaq Ermənistanla Rusiya arasında sərhədlərin qorunması əsasən daha çox ikitərəfli müqavilələr əsasında həyata keçrilir. Bu sazişlər qüvvədə qaldığı müddətdə Ermənistanın sərhədlərinin mühafizəsini öz üzərinə götürməsi mümkün deyil. Xatırladaq ki, sərhədlərin birgə mühafizəsi ilə bağlı bir neçə saziş var. Bunlardan biri iki ölkə arasında 2Ermənistan ərazisində yerləşən Rusiya Federasiyası Silahlı Qüvvələrinin hüquqi statusu haqqında” 1992-ci ildə imzalanmış Moskva müqaviləsidir.

Həmin sazişin 4-cü maddəsinə görə, Rusiya silahlı qüvvələri Ermənistan ərazisində olduqları müddətdə keçmiş SSRİ-nin xarici sərhədi boyunca Ermənistan Respublikasının təhlükəsizliyini təmin edir. Bu proses Ermənistan SQ ilə birlikdə həyata keçirilir. Müqavilə ilə Ermənistan tərəfi Rusiya silahlı qüvvələrinin öz funksiyalarını yerinə yetirməsi üçün lazımi şəraitin yaradılması və onların saxlanması xərclərinin bir hissəsini öz üzərinə götürməsi barədə öhdəlik götürüb.

Bundan əlavə, Ermənistan sərhədlərinin Rusiya tərəfindən mühafizəsinin təmin olunması digər bir müqavilə ilə də tənzimlənir. Həmin sənəd “Ermənistan Respublikası ərazisində yerləşən Rusiya Federasiyasının Sərhəd Qoşunlarının statusu və onların fəaliyyət göstərmə şərtləri haqqında” 1992-ci ildə imzalanmış sazişdir. Müqavilənin 2-ci maddəsinə görə, Ermənistan özünün, Rusiya Federasiyasının və MDB iştirakçısı olan dövlətlərin kollektiv təhlükəsizliyini təmin etmək mənafeyinə uyğun olaraq, Türkiyə və İranla dövlət sərhədlərinin mühafizəsi məsələlərini Rusiyanın Sərhəd Qoşunlarına həvalə edib.

Moskva və İrəvan arasında 1994-cü ildə imzalanmış sazişə görə, Ermənistanın hava sərhədlərinin müdafiəsi də Rusiya tərəfindən təmin olunur. 2016-cı ilin noyabr ayında isə iki ölkə arasında “Ermənistan Respublikası Silahlı Qüvvələrinin və Rusiya Federasiyası Silahlı Qüvvələrinin qoşunlarının (qüvvələrinin) birgə qruplaşdırılması haqqında” Saziş imzalanıb. 2017-ci ilin iyul ayından qüvvəyə minmiş sənədə əsasən, Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin tabeliyinə verilən birgə hərbi qruplaşmalar Ermənistana təcavüzün qarşısını almalı, quru sərhədlərinin müəyyən edilmiş məsuliyyət hüdudlarında fəaliyyət göstərməlidir. Lakin 2018-ci ildə Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonra bu proses yarımçıq qaldı.

Paşinyan hakimiyyəti ilə Kreml arasında artan narazılıq sərhədlərin mühafizəsi üçün birgə hərbi qruplaşmaların yaradılmasına dair sazişin tam icrasına mane oldu. Əslində, bu məsələdə daha çox Ermənistan hakimiyyəti maraqlı görünmür. üstəlik, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür.

Ona görə də Ermənistanın dövlət sərhədləri KTMT-nin sərhədləri sayılır. Bu, Ermənistanla Azərbaycan arasındakı şərti sərhədə də aiddir. Yəni Armen Qriqoryan Rusiya ilə sazişlərin Azərbaycanla şərti sərhədə aid olmadığına dair mesaj verir. Bu isə Rusiya və KTMT ilə imzalanmış müqavilələrin pozulması deməkdir. Ermənistan sərhədlərinin mühafizəsini yalnız özü həyata keçirmək üçün ilk növbədə Rusiya ilə qeyd edilən müqavilələrdən və KTMT üzvlüyündən çıxmalıdır.

Qriqoryanın bəyanatı Rusiyanın Ukraynadakı müharibə fonunda Cənubi Qafqazda geosiyasi təsirinin azalmasından istifadə edən Ermənistanın hərbi müttəfiqlik üzrə öhdəliklərdən yayındığını göstərir. Baş nazir Paşinyanın Avropa İttifaqı Siyasi Şurasının Moldovada keçirilən sammitində “Biz Rusiya ilə Ukraynada müttəfiq deyilik” deməsi bu istiqamətdə ciddi mesaj idi.

Xüsusilə də son zamanlar rəsmi İrəvanla KTMT arasında fikir ayrılığının dərinləşməsi Ermənistanın bu təşkilatdan çıxacağına dair qənəti möhkəmlədib. Ona görə də Qriqoryanın açıqlaması Ermənistanın öz sərhədlərinin mühafizəsini KTMT-yə həvalə etmək istəmədiyini və Azərbaycanla sülh sazişindən sonra alyansla yollarını ayırmaq niyyətində olduğunu deməyə əsas verir.

Müşfiq Abdulla
Cebhe.info