Məkrli plan baş tutmadı: Makron meydanda tək qaldı

Məkrli plan baş tutmadı: Makron meydanda tək qaldı

Fransa Azərbaycana qarşı məkrli planlarından əl çəkmir və bundan sonra da əl çəkməyəcək.

Rəsmi Paris Qərb tərəfdaşlarından fərqli olaraq Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olunmasına hər vəchlə mane olmağa çalışır. Makron administrasiyasının Azərbaycana münasibətdə çirkin, qərəzli və riyakar siyasət yürütməsi onun neokolonyalizm (sömürgecilik) ambissiyalarından irəli gəlir. 

Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron növbəti anti-Azərbaycan kampaniyasına cəhd edib. 

Fransanın “Le Figaro” qəzetinin məlumatına görə, rəsmi Paris beynəlxalq səviyyəli "Dağlıq Qarabağ" forumu təşkil etmək istəyib. Makronun təkliflərinə rəğmən ABŞ və Avropa İttifaqı konfransda iştirak etməkdən imtina edib. Foruma Polşa, Almaniya, Böyük Britaniya və Vatikan qarşı çıxıblar.

Sözügedən nəşrin məsələ ilə bağlı məlumatında bildirilib ki, Emmanuel Makron və Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen arasında Qarabağla bağlı ciddi fikir ayrılıqları baş verib.

Fransanın dövlət rəhbəri Qarabağla bağlı konfransın keçirilməsini və Azərbaycana qarşı sanksiyalar tətbiq edilməsini tələb edib. Ursula von der Leyen Makronun təklifinə qarşı çıxaraq bildirib ki, Azərbaycan Avropa İttifaqı üçün enerji təhlükəsizliyi baxımından önəmlidir və Brüssel buna gedə bilməz.

Eyni zamanda Almaniya hökuməti də Fransanın sanksiya təklifinə qarşı çıxıb. Macarıstan və Polşa da Makronun təklifinə veto qoyacaqlarını bildiriblər.

Məhz Makron administrasiyasının belə bir forumun keçirilməsini təklif etməsi, ən əsası da anti-Azərbaycan kampaniyasının arxasında müəyyən səbəblər və hədəflər dayanır.

İlk öncə onu vurğulamaq lazımdır ki, Prezident Emmanuel Makronun Ermənistan və Azərbaycanla bağlı mövqeyi onun Türkiyəyə qarşı düşmən münasibətindən irəli gəlir. Makronun Azərbaycana qarşı addımları elə onun Türkiyə qarşısında duruş gətirə bilməməsindəndir.

Fransa, həqiqətən Türkiyənin beynəlxalq arenada geostrateji və geosiyasi güc mərkəzinə çevrilməsini həzm edə bilmir. Makron hakimiyyətə gələndən bəri Şimali Afrika, Şərqi Aralıq dənizi və Yaxın Şərqdə Türkiyəyə qarşı bəzi region ölkələri ilə bərabər cəbhə yaratmağa cəhd etsə belə, onun bütün addımları fiaskoya uğradı.

Bu üç region uğrunda rəqabətdə Türkiyə, demək olar ki, Fransanı sıradan çıxara bilib. Artıq region ölkələri Türkiyənin üç regionda geostrateji və geosiyasi güc mərkəzi olduğunu qəbul ediblər. Hesab etmək olar ki, Makron Türkiyəyə olan qəzəbini Azərbaycandan çıxmağa çalışır.

Türkiyə ilə yanaşı Rusiya faktorunu da nəzərə almaq lazımdır. Son zamanlar Ukrayna üçün özünü guya dəridən-qabıqdan çıxdığını görsədən, xüsusilə özünə məxsus dikbaşlığı ilə seçilən Emmanuel Makron NATO ölkələrini Ukraynaya hərbi kontingent göndərməyə və Rusiya qarşı hərbi-siyasi cəbhə yaratmağa çağırıb.

Alyansın üzvlərini Moskvanın Ukrayna müharibəsində qalib gəlməsinə mane olmağa çağıran və özünü Napoleon simasında görən Makron açıq şəkildə Rusiyaya meydan oxuyur. Halbuki ABŞ, Böyük Britaniya, Almaniya və NATO-nun bir çox üzv ölkələri Fransanın təklifinə müsbət yanaşmadılar və buna qarşı çıxdılar. Çünki onlar başa düşürlər ki, Parisin bu təşəbbüsü Şərqi Avropada çox böyük hərbi toqquşmalara gətirib çıxara bilər.

Makron Ermənistanda da Rusiyaya qarşı cəbhə açmaq niyyətindədir. Ermənistanı da öz geosiyasi ambissiyalarının qurbanına çevirmək istəyir.  Ən əsas məsələyə gəlincə, Fransa dövlət rəhbərinin anti-Azərbaycan kampaniyası Ermənistanı ələ almaq və erməni ictimaiyyətində öz nüfuzunu artırmağa  istiqamətlənib. Qərbi-mərkəzi Afrikadan sıxışdırılan Fransa indi Ermənistanı öz koloniyasına çevirmək istəyir.

Şübhəsiz ki, rəsmi Paris öz məqsədinə çatmaq üçün bu istiqamətdə daha ciddi və zəruri addımlar atmaq qərarındadır. Fransanın Ermənistanı silahlandırması və Azərbaycana qarşı sanksiya məsələsini gündəmə gətirməsi məhz bundan qaynaqlanır. 

Xatırladım ki, Ermənistan Baş naziri Nikol Paşinyan fevralın 17-18-də Münhen Təhlükəsizlik Konfransında iştirak etdikdən sonra Fransaya rəsmi səfər edib. Heç kəsə sirr deyil ki, Paşinyanın Parisə səfər etməkdə əsas məqsədi Ermənistan ilə Fransa arasında diplomatik-siyasi münasibətləri daha da gücləndirmək, xüsusilə də hərbi-müdafiə və hərbi-təhlükəsizlik sahəsində ikitərəfli sazişlərin imzalanmasına nail olmaqdır. 

Ən önəmli məqam isə Nikol Paşinyan Ermənistanın təhlükəsizliyinə zamin duracaq alternativ ölkə axtarışındadır. Bu da, təbii ki, Fransadır. Paris səfərindən sonra Paşinyanın Moskvaya qarşı bəyanatları, əlxəsus Ermənistanın Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilatında (KTMT) iştirakını dondurması ilə bağlı qərarı bunu sübut edir.

Paşinyanın Paris səfərindən bir-iki gün keçməmiş Fransa müdafiə naziri Sebastian Lekornu İrəvana səfər etdi. Bu səfər zamanı iki ölkənin müdafiə nazirləri arasında “ətraflı hərbi əməkdaşlığa dair sənədlər paketi” sazişi imzalandı.

Həmkarı Suren Papikyan ilə mətbuat konfransıda Sebastian Lekornu bəyan edib ki, Fransa Ermənistanı müasir hücum və müdafiə xarakterli silah-sursat və hərbi ləvazimatlarla təmin etməyə hazırdır. Təbii ki, Fransa ilə Ermənistan arasında hərbi əməkdaşlığa dair imzalanan saziş İrəvanın maraqlarından daha çox Parisin geosiyasi maraqlarına xidmət edir. 

İstər hərbi-siyasi, istərsə də diplomatik-siyasi baxımından Fransanın Ermənistana canfəşanlığı onu deməyə əsas verir ki, rəsmi Paris bu ölkədə öz təsir imkanlarını artırmaq və geosiyasi güc mərkəzinə çevrilmək niyyətindədir. Həmçinin bu da istisna olunmur ki, Fransa əlverişli və münasib imkanlar əldə edəcəyi təqdirdə Ermənistanda öz hərbi bazasına yaratmağa, o cümlədən İrəvan üzərindən Cənubi Qafqazda proseslərə müdaxilə etməyə cəhd edəcək. 

Emmanuel Makronun və onun komandasının anti-Azərbaycan kampaniyasının mahiyyətində məhz  yuxarıda qeyd etdiyim amillər dayanır. Öz hədəflərinə çatmaq üçün Makron hakimiyyəti bütün hücum xarakterli mexanizmlərdən istifadə edəcək. Makron Ermənistanı Fransanın Cənubi Qafqazda hərbi-siyasi qalasına çevirmək məqsədi güdür. 

Bu da inandırıcı görsənir ki, Fransa istənilən zaman beynəlxalq təşkilatlarda “Qarabağ ermənilərinin etnik təmizlənməyə məruz qalması” ilə bağlı məsələ qaldıra bilər. Onsuzda Qarabağ erməniləri də Fransanın geosiyasi məqsədləri üçün sərfəli siyasi alətdir. 

O ki qaldı Makronun öz ambissiyalarına nail olmasına, bunu yalnız zaman göstərəcək. Rusiyanın Ermənistanda təsir imkanlarının çox olması və İrəvanın Moskvadan siyasi, iqtisadi və enerji asıllığı, habelə Azərbaycan-Türkiyə strateji tərəfdaşlığı fonunda Fransanın Cənubi Qafqaza daxil olması qeyri-mümkündür. 

Rusiya, Türkiyə və Azərbaycan, hətta İran Fransanın Ermənistanda istədiyi kimi hərəkət etməsinə imkan verməz. Rəsmi Paris başa düşməlidir ki, bu regionun artıq öz sahibləri var. 

Yunis Abdullayev 
“Cebhe.info”