Məsələ ciddiləşir: 3 ölkənin razılığı vəziyyəti dəyişir

Məsələ ciddiləşir: 3 ölkənin razılığı vəziyyəti dəyişir

Türkiyənin Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələdə mövqeyi ciddidr.

Xüsusilə, “Orta dəhliz” in reallaşmasına təkan verəcək Zəngəzur dəhlizi Ankaranın Cənubi Qafqaz siyasətində prioritet məsələyə çevrilib. 

Qeyd edək ki, Rusiya KİV-lərində Türkiyənin Zəngəzur dəhlizinin açılması istiqamətində Ermənistanla təmaslar qurması barədə məlumatlar yayılıb. Bu məlumatlarda qeyd olunur ki, Türkiyə rəhbərliyi diplomatik kanallar vasitəsilə Ermənistana Zəngəzura Suvalki dəhlizi modelində status verməyə və bu məsələ barədə Azərbaycanla razılıq əldə etməyi təklif edib. 

Türkiyənin təkliflərinə əsasən Azərbaycan tərəfi Naxçıvan ilə yük və sərnişindaşımalarda heç bir yoxlamaya məruz qalmayacaq. Yəni Azərbaycan tərəfi sərbəst Naxçıvana və Türkiyəyə keçid əldə edəcək. Əvəzində Zəngəzurdan keçəcək yol tamamilə Ermənistanın yurisdiksiyasında olacaq. Bundan başqa, Ankara və İrəvan arasında aparılan qarşılıqlı təmaslar nəticəsində razılıq əldə olunub ki, Ermənistan dinc dövrdə yolu açıq saxlamaqla bağlı öhdəlik götürür, yola nəzarət isə Ermənistan Sərhəd Xidməti tərəfindən aparılacaq. Ancaq Ermənistan dövlətçiliyinə və suverenliyinə təhdid gələcəyi halda yolu bağlamaq və yoxlama aparmaq hüququna malik olacaq. 

Eyni zamanda, rəsmi Ankara Türkiyə-Ermənistan və Ermənistan-Azərbaycan sərhədinə də Ermənistanın özünün nəzarətini təklif edib. Rusiya KİV-lərindəki bu məlumatların nə dərəcədə doğru olub-olmaması hələ bəlli deyil.

Buna görə də bu kimi məlumatların təsdiqlənməsinə ehtiyac var. Ancaq hazırki reallıq budur ki, Türkiyə Zəngəzur dəhlizinin açılmasında maraqlıdır və bu məsələdə təkcə öz geosiyasi maraqlarını deyil, həmçinin region dövlətlərinin maraqlarını da nəzərə alır. 

Ona görə də rəsmi Ankara bu dəhlizin reallaşmasına əngəl yaradan problemlərin aradan qaldırılması və münasib şəraitin olması üçün lazımi mexanizmlərdən istifadə edəcək. Azərbaycan da Türkiyə ilə bu istiqamətdə mübarizə aparacaq. Həm rəsmi Bakı, həm də Ankara bu məsələdə eyni mövqeyi bölüşür. 

Onsuz da Zəngəzur dəhlizi ilə bağlı strateji layihə Azərbaycan və Türkiyə tərəfindən irəli sürülüb. Azərbaycan və Türkiyənin bu məsələdə ortaq mövqeyi dörd əsas istiqamətə hesablanıb. 

Birincisi, İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda dayanıqlı sülh, sabitlik, əmin-amanlıq və təhlükəsizliyin bərqərar olunması, dövlətlərarası qarşılıqlı əməkdaşlığın əsasının qoyulması və bütöv bir regionu Qərb ilə Şərq arasında nəqliyyat qovşağına çevirməkdir. Bu amillər onu deməyə əsas verir ki, bundan nəinki Azərbaycan və Türkiyə, hətta Ermənistan da iqtisadi dividentlər qazanacaq. 

İkincisi, Ermənistan ərazisindən nəqliyyat kommunikasiyaları çəkməklə Azərbaycanın qərb bölgələri ilə Naxçıvanı birləşdirmək və Naxçıvanı blokadadan xilas etməkdir. 

Üçüncüsü, Azərbaycan ilə Türkiyə arasında ticarət dövriyyəsini daha da artırmaq nəzərdə tutulur. Xüsusilə vurğulayım ki, bu dəhliz Azərbaycanla Türkiyənin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında birgə azad iqtisadi və sənaye zonaları yaratmasına yol açacaq. Sözsüz ki, bu da işğaldan azad olunan ərazilərdə məskunlaşan əhalinin sosial rifahına müsbət təsir göstərəcək. 

Dördüncüsü, Çinin “Bir kəmər, bir yol” layihəsinin bir parçası olan “Orta Dəhliz”in həyata keçməsinə təkan verməkdir. 

Bildiyimiz kimi, “Orta Dəhliz” Mərkəzi Asiya, Xəzər dənizi, Cənubi Qafqaz və Anadolunun üzərindən keçməklə Avropaya qədər uzanır. Yəni bu dəhliz üç regionu bir-birilə birləşdirir. Zəngəzur dəhlizinin açılacağı təqdirdə isə Çindən Türkiyə və Avropaya, eləcə də Avropadan Mərkəzi Asiya və Çinə “Orta Dəhliz” üzərindən logistik yüklərin daşınması həm qısa zamanda, həm də rahat şəkildə baş tutacaq.

Bütün bu istiqamətlər fonunda Cənubi Qafqazın mühüm və əhəmiyyətli bir regiona çevrilməsi üçün münasib imkanlar yaranacaq, Azərbaycan, Türkiyə və Ermənistan arasında qarşılıqlı əməkdaşlığın qurulmasını təmin edəcək. Əlbəttə, Zəngəzur dəhlizi ilə bağlı məsələdə Rusiyanın da mövqeyini nəzərə almaq lazımdır. Çünki 2020-ci ilin noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan tərəfindən imzalanan Bəyanatın 9-cu müddəasına görə, Ermənistan ərazisində Azərbaycanın qərb bölgələri ilə Naxçıvanı birləşdirən nəqliyyat kommunikasiyaların təhlükəsizliyinə birbaşa Rusiya Federal Təhlükəsizlik Xidməti zəmanət verməlidir. 

Düzdür, Ermənistan bu məsələdə israr edir, amma Türkiyə və Azərbaycan bu bəyanatı nəzərə alaraq Rusiya ilə müzakirələri davam etdirir. Rəsmi Moskva da bu dəhlizin açılmasında maraqlıdır. Bir önəmli məqamı qeyd edim ki, Rusiya Zəngəzur dəhlizi üzərindən Türkiyəyə daxil olub Yaxın Şərqə və Şimali Afrikaya çıxış əldə edəcəyi halda Ankara da öz logistik yüklərini Azərbaycan üzərində Rusiyaya daşımaq imkanları qazanacaq. Hər iki tərəf qarşılıqlı qazanc əldə edəcək. 

Azərbaycan, Türkiyə və Rusiyanın Zəngəzur dəhlizi üzərində birgə əməkdaşlığı tam mümkündür. Yetər ki, tərəflər bir-birlərinin maraqlarını nəzərə alaraq ortaq razılığa gəlsinlər. 

Yunis Abdullayev 
“Cebhe.info”