Putin Paşinyanı necə cəzalandıracaq?

Putin Paşinyanı necə cəzalandıracaq?

Ermənistan və Rusiya arasındakı gərginlik artır.

Rəsmi İrəvanın Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya Prezideti Vladimir Putinin həbs olunması qərarına dəstək verməsi Kremlin qəzəbinə səbəb olub. Rusiyanın Ermənistana bu addımına görə sərt cavab verəcəyi gözlənilir. Hətta erməni yazıçı Karo Vardanyan da bunu istisna etməyib. O, Vladimir Putinin bir gün qəfildən Ermənistanı cəzalandıra biləcəyini açıqlayıb. Vardanyan hesab edir ki, Ermənistan hakimiyyəti planlı şəkildə Beynəlxalq Cinayətlər Məhkəməsinə qoşulmağa çalışır:

“Anti-Rusiya alovu ilə oynamaq bizə yaxşı heç nə verməyəcək. Hətta iş o yerə çatıb ki, hakim partiyanın deputatı Qaqik Melkonyan Rusiya Prezidentini həbs etməyə çağırır. Amma biz hələ də kağız üzərində dövlət sayılırıq. Bəs ruslar bu qədər təhqirə nə vaxta qədər dözəcəklər? Düşünürəm ki, bu, çox təhlükəli macəradır. Putin bizə qarşı sərt tədbirlərə əl atsa, özümüzü necə müdafiə edəcəyik?”

Maraqlıdır, Rusiya Ermənistana qarşı hansısa sərt tədbirlərə əl atacaqmı?

Bununla bağlı Cebhe.info-ya açıqlama verən politoloq Murad Sadəddinov bildirib ki, Ermənistan uzun müddətdir ardıcıl olaraq Rusiyanın Cənubi Qafqazdakı maraqlarına zərbələr endirir:

“Nikol Paşinyanın hakimiyyətə gəldikdən sonra rəsmi İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsiz Təşkilatına (KTMT) qarşı addımlar atması Rusiya Prezidenti Vladimir Putinə çox ciddi demarşlar idi. Ermənistan tərəfindən uzun müddətdir KTMT əlayhinə təxribat xarakterli bəyanatlar səsləndirilir. Biz də uzun müddətdir düşünürük ki, Rusiya buna görə Ermənistanı cəzalandırmalıdır. Amma indiyə kimi rəsmi Moskva bu istiqamətdə hər hansısa ciddi tədbirlər görməyib. Son olaraq, Ermənistanın Konstitusiya Məhkəməsi ölkənin Beynəlxalq Cinayət Məhkəməsinə daxil olması ilə bağlı rəy verdi. Bu da məhz o zaman verildi ki, Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Prezidenti barədə həbs qərarı qəbul edib.

Bu, o deməkdir ki, Ermənistanın siyasi rəhbərliyi həmin qərarı dəstəkləyir. Dəfələrlə Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistanla bağlı sərt bəyanatlarını eşitmişik. Amma başqa dövlətlərdən fərqli olaraq Rusiya Ermənistanı cəzalandırmır. Əksinə, onlara dünya qiymətlərindən aşağı qaz və yanacaq verir, Qarabağda qanunsuz yerləşən erməni silahlı qüvvələrinə 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli Bəyanata zidd olaraq silah-sursatla təmin edir. Bunların hamısı onu göstərir ki, Kreml hələ də rəsmi İrəvanın cəzalandırılması ilə bağlı planların üzərində işləmir”.

Politoloqun fikrincə, Ermənistan Parlamenti Vladimir Putinin həbs qərarını dəstəkləməyəcək:

“Mən əminəm ki, Ermənistan Parlamenti Beynəlxalq Cinayət Məhkəməsinin qərarını qəbul etməyəcək. Bu, açıq-aydın görünür. Ona görə də hələ Vladimir Putinin Ermənistana qarşı hər hansısa sərt addımlar atacağını düşünmürəm. Əslində Rusiyanın əlində çox böyük imkanlar var idi. Amma bu, Rusiyanın Ukrayna müharibəsində bugünkü hala gəlib çatmayana qədər idi. İstər hərbi cəhətdən, istər qonşu ölkələrə təsir etmək imkanı, istərsə də beynəlxalq imic cəhətdən bu imkanlar vardı. Ukrayna müharibəsi Rusiyanı o qədər zəiflətdi ki, hətta hər cəhətdən ondan asılı olan balaca Ermənistan belə ona qarşı demarşlar edir”.

Elmir Mustafa
Cebhe.info