Tehranı qazəbləndirəcək səfər: Azərbaycanın siyasi və iqtisadi gücünü artıracaq

Tehranı qazəbləndirəcək səfər: Azərbaycanın siyasi və iqtisadi gücünü artıracaq

İsrail Prezidenti İsxak Hersoqun Bakıya səfəri Təl-Əvivin Azərbaycana marağının artdığını göstərir.

Yəni Azərbaycanla münasibətlərin inkişafı İsrailin xarici siyasətinin əsas prioritetlərindən birinə çevrilib. Bu da Azərbaycanın regional proseslərdə strateji əhəmiyyətinin artması ilə bağlıdır. Təbii ki, bu proses qarşılıqlı xarakter daşıyır və Azərbaycan da öz növbəsində, İsraillə mövcud strateji tərəfdaşlığın birinci dərəcəli səviyyəyə qaldırılmasını vacib hesab edir. Çünki İsraillə əlaqələr indiyə qədər Azərbaycanın milli təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.

Bu da Azərbaycanın geosiyasi mövqeyini gücləndirən xarici amillər sırasında aparıcı yer tutur. Azərbaycanın Cənubi Qafqazda regional güc mərkəzinə çevrilməsindən İranın narahatlığı da bununla bağlıdır.

Yəni İranın məqsədi Azərbaycanın mövqeyinin zəifləməsi üçün İsrailin bölgədə təsirinin aradan qalxmasına nail olmaqdır. Ancaq indiyə qədər İranın təzyiqlərinin heç bir nəticə verməməsi rəsmi Tehranın öz hədəfinə çata bilmədiyini göstərir. Buna baxmayaraq, İran terrorçu dövlət kimi təhlükə mənbəyi olaraq qalır. Ona görə də Azərbaycan özünün müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin yeni mərhələyə qaldırılmasını vacib hesab edir.

İsrail Prezidentinin Azərbaycana səfəri zamanı aparılan danışıqların və imzalanmış müqavilələrin analizi deməyə əsas verir ki, hər iki tərəf bu məsələdə yalnız hərbi və kəşfiyyat sahələrində əməkdaşlıqla kifayətlənməyəcək. Azərbaycan tərəfi İsraillə iqtisadi münasibətlərin inkişafını əsas hesab edir. Yəni iki ölkə arasında ticarət dövriyyəsinin artırılması vacib prioritetlərdən biri kimi seçilib.

Qeyd edək ki, hazırda Azərbaycanla İsrail arasında ticarət dövriyyəsinin həcmi 1 milyard 780 milyon dollar təşkil edir. Ancaq Prezident İlham Əliyevin də açıqlamasından göründüyü kimi, tərəflər bu rəqəmi artırmaq qərarına gəlib. Məsələn, növbəti mərhələdə ticarət həcmini 2 milyartd dollara çatdrmaq mümkündür.

Eyni zamanda, Azərbaycan İsrail şirkətlərinin investisiyalarının qeyri-neft sektoruna cəlb edilməsini təklif edir. Bu yöndə ən vacib sahələrdən biri səhiyyə sistemidir. Belə ki, İsrail şirkətləri Azərbaycanda dərman preparatlarının istehsalına investisiya qoya bilər.

Bundan başqa, müalicəsi çətin olan xəstəliklərin diaqnostikasında və aradan qaldırılmasında İsrail texnologiyalarının tətbiqi, Azərbaycan həkimlərinin peşəkarlığının artırılması məqsədilə İsraillə elm və təcrübə mübadiləsinin aparılması gözləniləndir. İsrail sərmayələrinin Azərbaycanın kənd təsərrüfatına, həmçinin suvarma sahəsinin inkişafına da cəlb edilməsi müsbət nəticə verə bilər. Azərbaycan digər ölkələrin ərazisində də israil şirkətlərinin investisiyası əsasında birgə layihələrin həyata keçirlməsinə dair razılaşma var.

Söhbət ilk növbədə Avropa bazarlarına təbii qazın satışını təmin etmək üçün yeni interkonnektorların inşasında İsrail texnologiyalarının tətbiqindən gedir. Hazırda Avropa ölkələrinin təbii qaza olan ehtiyacının artdığını nəzərə alsaq bu sahədə razılaşma, həm Azərbaycan, həm də İsrail üçün səmərəli sayıla bilər.

ümumilikdə, investisiyaların həcminin artması və iqtisadi maraqlar İsrailin Azərbaycana həm ikitərəfli münasibətlər, həm də beynəlxalq səviyyədə dəstəyini gücləndirmiş olar. Bu baxımdan, iki ölkə arasında kibertəhlükəsizlik sahəsində əməkdaşlığın qurulması diqqəti cəlb edir. Bu məsələdə böyük təcrübəyə malik olan İsrail dövləti ilə əməkdaşlıq Azərbaycanın milli təhlükəsizliyinin təmin edilməsində müasir texnologiyalardan istifadəni həyata keçirmək üçün çox vacibdir.

Çox güman ki, İsrail Prezidentinin Azərbaycana səfərinə İran rəsmilərinin reaksiyası sərt olacaq. İran rejiminin nümayəndələri yenə də Azərbaycanda “sionizm” təhlükəsinin olduğunu əsas gətirməklə hədələr yağdıracaq və özlərinin terror-təxribat əməllərinə bərət qazandırmağa çalışacaq. Çünki İran bu səfərin Azərbaycanın regiondakı siyasi və iqtisadi gücünün artmasına növbəti töhfə verəcəyini anlayır.

Müşfiq Abdulla
Cebhe.info