Tənəzzüldən intibaha: Heydər Əliyevin yüksəlişə apardığı Azərbaycan

Tənəzzüldən intibaha: Heydər Əliyevin yüksəlişə apardığı Azərbaycan

Dünyada hər bir qüdrətli və dayanıqlı inkişafa malik dövlətlin yaranaraq formalaşması onun mənsub olduğu xalqın siyasi liderinin adı ilə bağlıdır.

Güclü təməllər üzərində dayanan müasir Azərbaycan dövləti də ümumilli lider Heydər Əliyevin zəngin biliyi, siyasi təcrübəsi və nüfuzlu şəxsiyyətinin bəhrəsidir. Xalqımız Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyini yüksək səviyyədə qeyd edir və əziz xatirəsini ehtiramla anır. Dahi Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının dövlət quruluşunun konstitusion əsaslarını yaradıb.

Azərbaycanın demokratik dəyərlərə sadiq müstəqil dövlət kimi formalaşması ümummilli liderin böyük xidmətlərinin nəticəsidir. Heydər Əliyevin fenomenal lider kimi üstünlüyü onun yeni siyasi proses yaratmaq qabiliyyətinə malik olması idi. Müstəqil Azərbaycan dövlətinin formalaşmasında Heydər Əliyevin tarixi xidmətləri də məhz bu keyfiyyətləri ilə ölçülür.

Heydər Əliyev Azərbaycanın siyasi və iqtisadi sisteminin təməl prinsiplərini yaratmaqla yanaşı, eyni zamanda böyük strateji əhəmiyyətə malik geosiyasi layihələrin müəllifi sayılır. Ötən 100 ilə nəzərə saldıqda, Ulu Öndərin Azərbaycan dövləti və xalqı üçün böyük əhəmiyyət daşıyan mənalı həyat yolunu və fəaliyyətini üç mühüm mərhələdə təhlil etmək olar:

Heydər Əliyevi ictimai xadim kimi səciyyələndirə biləcəyimiz birinci dövrə 1923-1969-cu illəri aid edə bilərik. Bu mərhələ Heydər Əliyevin fenomenal şəxsiyyət kimi formalaşması, dövlət təhlükəsizlik orqanlarında bacarıqlı, həmçinin milli kadr kimi uğurlu fəaliyyəti və istedadlı dövlət xadimi kimi Azərbaycanın rəhbərliyinə gəldiyi dövrü əhatə edir.

İkinci, yeni tarixi-siyasi dövr üçün Heydər Əliyev böyük siyasi lider və ideoloq kimi xarakterizə edilməlidir. Ulu Öndərin həyat yolunun bu mərhələsi daha geniş idarəçilik təcrübəsi və zəngin siyasi karyerasının formalaşması ilə yadda qalıb. Bu dövrün özü də Heydər Əliyev şəxsiyyətinin liderliyi altında bir neçə vacib siyasi-ictimai proseslərdən ibarətdir. Belə ki, 1969-1982-ci illərdə bacarıqlı rəhbər kimi yüksək siyasi populyarlıq qazanan dahi Heydər Əliyev Azərbaycanın iqtisadi və sosial inkişafındakı xidmətlərinə görə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə irəli çəkilib.

1982-1987-ci illərdə böyük dövlət xadimi Heydər Əliyev Sovet İttifaqına daxil olan digər respublikaların da iqtisadiyyatının və təsərrüfat sisteminin idarə edilməsinə töhfələr verib. Məhz bu fəaliyyəti ümumilli liderin başqa xalqlar arasında da yüksək siyasi xadim kimi nüfuz qazanmasına səbəb olub. 1990-cı ildə Naxçıvan Muxtar Respublikasından SSRİ Ali Sovetinin deputatı və Naxçıvan MSSR-nin Ali Sovetinin deputatı seçilən Heydər Əliyev şanlı həyatının bundan sonrakı hissəsini xalqına həsr edib.

1991-ci ildən Naxçıvan MR Ali Məclisinin sədri vəzifəsinə seçilən ümumilli lider 1993-cü ildə xalqın tələbi və müraciəti ilə Bakıya qayıtdı və müasir Azərbaycan dövlətçiliyinin əsasını qoydu. 1993-2003-cü illərdə Prezident Heydər Əliyev müstəqil Azərbaycanın inkişaf strategiyasını hazırlayaraq həyata keçirdi. Azərbaycançılıq ideologiyası əsasında milli həmrəyliyə və dövlət quruculuğuna nail olan Ulu Öndər xalqımız qarşısında əbədi yaşayacaq xidmətlər göstərib.

Heydər Əliyevin prezidentlik fəaliyyəti müddətində Azərbaycan dövləti qısa müddətdə dünyada nüfuz qazandı, beynəlxalq siyasi münasibətlər sistemində layiqli yer tutdu. Heydər Əliyevin zəngin siyasi təcrübəsini və idarəçilik fəaliyyətini təhlil edərkən ilk növbədə, Ulu Öndərin 1969-cu ildən 1991-ci ilə qədər olan mərhələni, yəni SSRİ dövrünə xüsusi nəzər salınmalıdır.

Çünki qeyd edilən illər Azərbaycanın yaxın tarixində intibah və dirçəliş dövrü kimi qiymətləndirilir. 1969-cu ilə qədər ilə qədər keçmiş Azərbaycan SSR-in sosial-iqtisadi həyatında durğunluq hökm sürür, respublika rəhbərliyinin bir çox məsələlərdə zəif və səriştəsiz mövqe tutması xalqın vəziyyətini daha da ağırlaşdırırdı. İkinci Dünya müharibəsindən sonra bütün SSRİ-də olduğu kimi, Azərbaycanda da yoxsulluğun sürətlə artması, ərzaq çatışmazlığı, işsizliyin səviyyəsinin yüksək, ümumdaxili məhsulun həcminin əhalinin tələbatından aşağı olması 1950-1960-cı illərdə də davam edirdi.

Bu da öz növbəsində, Azərbaycanda soyğunçuluq, qarət və qətllərlə məşğul olan mütəşəkkil cinayətkar qrupların meydana çıxmasına səbəb olmuşdu. Azərbaycan SSR-in əksər dövlət orqanlarında milliyyətcə rus və erməni olan kadrların rəhbər vəzifələr tutması bu problemlərin həllinə münasibətdə laqeydliyə səbəb olurdu. Neft sənayesi istisna olmaqla digər sənaye sahələri üzə müəssisələrin yaradılması işinə demək olar ki, diqqət yetirilmirdi. Kolxoz və sovxozlar kənd təsərrüfatı istehsalı üzrə öhdəlikləri yerinə yetirə bilmir, yığılan məhsul isə başqa respublikalara göndərilirdi. Azərbaycanın torpaqları kolxoz təsərrüfatının inkişafı adı altında SSRİ-nin hakimiyyət orqanlarının göstərişi ilə qanunsuz olaraq Ermənistana pay verilirdi.

Belə vəziyyətdə, Azərbaycanı çətin vəziyyətdən çıxartmaq üçün müdrik və işgüzar bir rəhbərə ehtiyac var idi. Tarixi missiyası xalqın xilaskarı olan Heydər Əliyev məhz bu cür şəraitdə Azərbaycanda hakimiyyət başına gəldi. 1969-cu il iyulun 14-də Azərbaycan SSR Dövlət Təhülkəsizlik Komitəsinin sədri Heydər Əliyev Azərbaycan SSR Mərkəzi Komitəsinin Birinci katibi seçildi. Respublikanın yeni rəhbəri kimi Heydər Əliyev ilk gündən Azərbaycanda köklü islahatlara başladı. Azərbaycanı bütün sahələrdə müşahidə olunan tənəzzüldən qurtarmaq, iqtisadiyyatı dirçəltmək, yoxsulluğun ləğvi, işsizliyin aradan qaldırılması və əhalinin maddi rifah halının yaxşılaşdırılması istiqaməsində sistemli işin aparılması mühüm vəzifə kimi qarşıya qoyulmuşdu.

ümumilli liderin həyata keçirdiyi islahatlar bir neçə istiqamətləri əhatə edirdi. Bunlar qeyri-neft sektorunun inkişafı, əhalinin ərzaq təminatının yaxşılaşdırılması, rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə, kadr islahatının həyata keçirilməsindən ibarət idi. Qeyri-neft sektorunun yenidən qurulması Azərbaycanda yeni sənaye müəssisələrinin yaradılması və kənd təsərrüfatı istehsalının gücləndirilməsi ilə iki mühüm sahəni əhatə edirdi.

Sənaye məhsullarının ümumi inkişaf səviyyəsinə görə digər respublikalardan geri qalan Azərbaycanda Heydər Əliyevin rəhbər fəsaliyyəti ilə bu sahədə dirçəliş baş verdi. Ulu Öndərin rəhbərliyi və təşəbbüsü ilə respublikanın bütün bölgələrində geniş sənaye potensialı yaradıldı. Bu addım qısa müddətdə işsizliyin ləğvinə, əhalinin gəlirlərinin artmasına səbəb oldu. İstehsalla bilavasitə bağlı olan elmi-tədqiqat sahələrinin inkişafına başlanıldı. Ulu Öndər Heydər Əliyevin Azərbaycanda sənayenin tərəqqisinə diqqəti 1982-ci ildə SSRİ Nazirlər Soveti sədrinin Birinci müavini vəzifəsinə irəli çəkildikdən sonra da davam etdi.

Nəticədə, 1970-1985-ci illərdə Azərbaycanda 213 iri sənaye müəssisəsi yaradıldı. Bundan başqa, Azərbaycanda çoxsaylı kiçik sənaye və emal müəssiələri fəaliyyət göstərirdi ki, bu da əhalinin məşğulluq səviyyəsinin yaxşılaşdırılmasına xidmət edirdi. Azərbaycanda istehsal olunan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunurdu. Bu baxımdan, 1975-ci ildə istifadəyə verilmiş Bakı Məişət Kondisionerləri Zavodu Heydər Əliyevin böyük əzmi və əməyi sayəsində başa gəlmiş əsas müəssisələrdən biri kimi xüsusi qeyd edilməlidir.

Həmin illərdə istehsal olunan sənaye məhsulları öz həcminə görə əvvəlki 50 ildəkinə bərabər idi. 1971-1980-ci illərdə Sumqayıt şəhərində mərhələli şəkildə kimya və sənaye müəssisələri kompleksinin yaradılması bu sahədə növbəti inqilab idi. Azərbaycanda kənd təsərrüfatı ən yüksək tərəqqi dövrünü məhz Heydər Əliyevin Azərbaycan SSR-ə rəhbərlik etdiyi illərdə yaşayıb.

Qeyd edək ki, həmin illərdə Moskvadan Azərbaycana qarşı ayrıseçkilik münasibəti, sərt qanunların hökm sürdüyü bir şəraitdə genişmiqyaslı islahat tədbirləri həyata keçirmək çətin idi. Bu baxımdan, Ulu Öndər SSRİ-nin səlahiyyətli dövlət orqanları qarşısında ciddi siyasi iradə nümayiş etdirərək ölkə rəhbərliyini Azərbaycanda aqrar sektorun inkişafının vacibliyinə inandıra bilmişdi. Heydər Əliyev Azərbaycanda kənd təsərrüfatının yüksək potensiala malik olduğunu görür, bu istiqamətdə həyata keçirilən tədbirlərin uğurlu nəticə verəcəyinə inanırdı.

Ona görə də Azərbaycanın kənd təsərrüfatını inkişaf etdirmək haqqında geniş tədbirlər planı hazırlandı. İlk növbədə, aqrar sahənin inkişafına dair hüquqi baza formalaşdırıldı. 1970-ci il iyul ayının 23-də Sov.İKP MK-nın və SSRİ Nazirlər Sovetinin “Azərbaycan SSR-də kənd təsərrüfatının inkişaf etdirilməsi tədbirləri haqqında” xüsusi qərarı qəbul olundu. Praktiki olaraq həmin qərar doqquzuncu beşillikdə və ondan sonrakı dövrlərdə Azərbaycanda kənd təsərrüfatının inkişafını müəyyənləşdirən əməli fəaliyyət proqramını təşkil etdi. “Azərbaycanda kənd təsərrüfatının inkişaf etdirlməsi tədbirləri haqqında” 1970-ci il, “Azərbaycanda kənd təsərrüfatı istehsalını daha da intensivləşdirmək tədbirləri haqqında” 1975-ci il və “Azərbaycanda kənd təsərrüfatı istehsalını daha da ixtisaslaşdırmaq, üzümçülüyü və şərabçılığı inkişaf etdirmək tədbirləri haqqında” 1979-cu ildə qəbul olunmuş qərarlar aqrar sahənin dinamik inkişafına böyük töhfə verdi.

Lakin kənd təsərrüfatında baş verən dönüş məhsuldarlığın artırılması ilə yekunlaşmırdı. Qısa müddətdə Azərbaycanda aqrar-sənaye kompleksinin yaradılması bu sahənin inkişafını təmin etdi. Kənd təsərrüfatının səmərəliliyinin və istehsalının artırılması məqsədilə bu sahəyə dövlət büdcəsindən yüksək məbləğdə vəsait ayrıldı. Doqquzuncu beşillikdə Azərbaycanda kənd təsərrüfatına ayrılan əsaslı vəsaitin miqdarı 1518 milyon manat məbləğində müəyyən edildi ki, bu da səkkizinci beşillikdəkinə nisbətən 57,1 faiz çox və yeddinci beşillikdəkindən 2,5 dəfə çox idi.

Nəticədə, sənaye xarakterli 18 heyvandarlıq kompleksi tikilib istifadəyə verildi. Respublikada yeni suvarma sistemləri yaradıldı, su anbarları və kanallar çəkildi. Şoran torpaqların təmizlənməsi işləri həyata keçirldi. 1975-ci ildə Suqovuşan su anbarı, 1976-cı ildə Sərəsəng su anbarı kimi nəhəng layihəlırin inşası həyata keçirildi.“1976-1980-ci illərdə torpaqların meliorasiyası və meliorasiya olunmuş torpaqların yaxşılaşdırılması tədbirləri haqqında” qərar bu istiqamətdə işlərin daha intensiv və planlı şəkildə reallaşdırılmasına təkan verdi.

1972-ci ildə Azərbaycan SSR-də və İran İslam Respublikasında 120 min hektar torpaq sahəsinin suvarıılmasına xidmət edən Mil-Muğan Hidroqovşağı və Baş-Mil kanalı, Yuxarı-Mil kanalı və Yeni Xanqızı kanalları tikilərək istifadəyə verildi. 1976-1982-ci illərdə meliorasya tədbirlərinə yönəldilən vəsaitin həcmi 1 milyard 382 milyon manata çatdı, 1,2 milyard manata yaxın əsas fondlar işə salındı, 89,6 min hektar yeni suvaran torpaqlar istifadəyə verildi, 605 min hektar sahədə suvarma sistemləri yenidən quruldu, 137 min hektar torpaq sahəsi meliorativ cəhətdən yaxşılaşdırıldı. Heydər Əliyevin rəhbərlliyi dövründə Azərbaycanda pambıq, üzüm, taxıl, yun, tərəvəz istehsalı maksimum səviyyəyə çatıb.

ümummilli liderin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri milli kadrların yetişdirilməsi və rəhbər vəzifələrə təyin edilməsi olub. Hökumət orqanlarında azərbaycanlı kadrların irəli çəkilməsi ilə yanaşı, gənclər yüksək səviyyədə ixtisaslaşmaq üçün SSRİ-nin nüfuzlu ali təhsil ocaqlarına göndərilirdi. Hərbi sahədə milli kadrların hazırlanması isə bütün SSRİ miqyasında bir inqilabi addım idi. 1971-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması məhz Ulu Öndərin şəxsi təşəbbüsü və bu məsələdə israrlı mövqe tutması nəticəsində mümkün olub.

Bundan başqa, Heydər Əliyev azərbaycanlı təyyarəçilərin hazırlanması və ixtisaslaşmış təhsil müəssisələrinə göndərilməsi barədə xüsusi tapşırıqlar verib. 1978-ci ildə Azərbaycan SSR-in Konstitusiyası qəbul olundu. Məhz Heydər Əliyevin ali siyasi iradəsi və uzaqgörən təşəbbüsü ilə bu Konstitusiya mətnində Azərbaycan üçün çox vacib olan bir sıra maddələr qəbul edilib.

Belə ki, sözügedən sənədin 69-cu maddəsində qeyd edilir ki, Azərbaycan SSR SSRİ-dən azad surətdə çıxmaq hüququnu özündə saxlayır. Bu maddə həmin dövr üçün real görünməsə də, 1991-ci ildə Azərbaycanın SSRİ tərkibindən çıxmasına yol açan mühüm hüquqi-siyasi bazaya çevrildi. Yaxud 73-cü maddəsində Azərbaycan Sovet Sosialist Respublikasında dövlət dilinin Azərbaycan dili olduğu qeyd edilir ki, bu da SSRİ tərkibində suveren hüquqların saxlanılması, Moskva tərəfindən həyata keçirilən ruslaşdırma siyasətinin qarşısının alınması istiqamətində atılmış mühüm addım idi.

83-cü maddə ilə təsbit edilmişdi ki, Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycan Sovet Sosialist Respublikasının tərkibindədir. Bu da öz növbəsində, 1988-ci ildə və sonrakı müddətdə ermənilərə öz məkrli niyyətini və Azərbaycana qarşı ərazi iddiasını həyata keçirməyə hüquqi maneə yaratdı.

Dahi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanda dövlətin siyasi institutisonal əsasları formalaşdı. Bu isə 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyi əldə edilən zaman idarəçilik sisteminin təməlini təşkil etdi. Yəni ümummilli lider Azərbaycanın dövlət müstəqlliyinin banisi kimi özünün müstəsna xidmətlərini hələ Sovet dönəmində həyata keçirib.

Yazı Yeni Azərbaycan Partiyasının “Heydər Əliyev İli” çərçivəsində jurnalistlər arasında keçirdiyi “Heydər Əliyev və yeni Azərbaycan” mövzusunda fərdi yazı müsabiqəsinə “Tənəzzüldən intibaha: SSRİ dönəmində Azərbaycanın yüksəklişi” nominasiyası üzrə təqdim edilir.

Cebhe.info