Sülhə “yaşıl işıq”: İrəvan öhdəliklərini yerinə yetirəcək?

Sülhə “yaşıl işıq”: İrəvan öhdəliklərini yerinə yetirəcək?

“Regionda sülhün bərqərar olunması Ermənistana iqtisadi dividentlər qazandıracaq”. 

Bu sözləri Milli Məclisin deputatı, siyasi şərhçi Hikmət Babaoğlu “Cebhe.info”-ya şərhində Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması üçün zamanın çatıb-çatmadığı ilə bağlı suala cavablandırarkən bildirib.

O xatırladıb ki, aprelin 19-da Azərbaycan-Ermənistan şərti sərhədində delimitasiya prosesi ilə bağlı razılığa gəlinməsi mühüm tarixi hadisədir:

“Sülhə doğru proseslər indiki sürətlə davam edərsə, Azərbaycanla Ermənistan arasında tez bir zamanda sülh sazişinin imzalanması mümkün olacaq. Nəzərə almaq lazımdır ki, Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA universitetində təşkil olunan “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışı zamanı bəyan edib ki, bu ilin noyabrında Bakıda COP29 beynəlxalq konfransın keçirilməsinə qədər iki ölkə arasında sülh sazişi imzalana bilər. Ancaq sülh prosesinə əngəl olan səbəblər, problemlər hələ də qalmaqdadır.

Birincisi, Ermənistan Konstitusiyasında və Müstəqillik Bəyannaməsində Azərbaycana qarşı ərazi iddialarını nəzərdə tutan müddəalar var. Bu, sülhə mane olan ən böyük problemdir. Həmin müddəaların ləvğ olunması üçün ölkədə referendum keçirilməlidir.

İkincisi, Ermənistan öz ərazisindən Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirən kommunikasiyaları açmaq barədə öhdəlik götürüb. Ermənistan hakimiyyəti üçtərəfli 10 noyabr Bəyanatından irəli gələn bu öhdəliklərini yerinə yetirməlidir. Lakin İrəvan öz öhdəliklərinin icrasından boyun qaçırır.

Əgər həm Bakı, həm də İrəvan kommunikasiyaların açılması məsələsində razılığa gəlsələr, ən əsası da Ermənistan hakimiyyəti öz öhdəliyini yerinə yetirərsə, bu ilin sonuna yaxın sülh sazişinin imzalanması üçün münasib şərait yaranacaq”.

H.Babaoğlu əlavə edib ki, regionda daimi sülhün təmin olunması Ermənistanın iqtisadi blokadadan xilas olmasına gətirib çıxaracaq:

“Sülh sazişinin imzalanmasından sonra Ermənistanın regional iqtisadiyyata inteqrasiyası başlayacaq. Kommunikasiyaların açılması Ermənistana milyard dəyərində mənfəət qazandıracaq. Ölkənin iqtisadi artımı daha da yüksək səviyyəyə qalxacaq”. 

Yunis Abdullayev 
“Cebhe.info”