Fil marketə girdi, yedi, getdi...

"Plai Biang Lek" adlı fil Taylandın şimal-şərqindəki Nakhon Ratchasima əyalətindəki Khao Yai Milli Parkı yaxınlığında yemək axtarmaq üçün marketə girib.
"Cebheinfo.az" xəbər verir ki, təhlükəsizlik kamerası görüntülərində nəhəng filin mağazanın içərisinə çətinliklə yerləşdiyi, təxminən 10 dəqiqə rəflərdə qəlyanaltı yediyi görünür. Market sahibi nəhəng fili qovub. Fil ərazini tərk etməzdən əvvəl bir müddət qonşu evin bağında dolaşıb.
Dükan sahibi Ploy verdiyi açıqlamada fillərin arabir ərazidən keçdiyini, lakin mağazaya ilk dəfə girdiyini bildirib. Ploy mağazaya təxminən 1000 Baht (təxminən 55 manat) maddi ziyan dəydiyini, filin xüsusilə düyü krakerləri və toyuq yumurtası yediyini bildirib.
Milli park rəsmiləri və yerli əhalinin tanıdığı filin illərdir eyni ərazidə yaşadığı, lakin ilk dəfədir ki, bu şəkildə mağazaya girərək yemək axtardığı bildirilib.
Taylanddakı vəhşi fil populyasiyasının 3000 ilə 3500 arasında olduğu təxmin edilir və fillər sürülər halında gəzir. Bəzən qida axtarmaq üçün yaşayış yerlərində tarlalara və bağlara girirlər. Bununla belə, gün ərzində filin yaşayış massivində təkbaşına mağazaya girməsi rayonda nadir hal kimi qeydə alınıb.
Nigar Hacılı
"Cebheinfo.az"