Elgün anası ilə sonuncu dəfə nə danışıb?

Elgün anası ilə sonuncu dəfə nə danışıb?

Mayın 12-si axşam saatlarında Gəncədə 18 yaşlı Elgün İbrahimov küçədə döyülüb və ertəsi gün aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Hadisəni kimin törətdiyi məlum deyil. Hüquq-mühafizə orqanları cinayət əməlini törədən şəxs və şəxslərin axtarışını davam etdirir.

“Qafqazinfo”nun məlumatına görə, Elgün İbrahimovun anası Fizzə xanım Modern.az-a açıqlamasında oğlunun çox sakit təbiətli olduğunu bildirib: “Bəlkə də bu vəhşiliyi Elgünün dost bildiyi kimsə edib. Dünən axşam prokurorluqda olmuşuq, dedilər narahat olmayın, mütləq tapılacaq. O nə dalaşqan, nə pis iş tutan uşaq olub. Həm oxuyurdu, həm işləyirdi. 5 fənndən hazırlığa gedirdi. Onun boş vaxtı yox idi ki, kənar işlərlə məşğul olsun. Əksinə hamını bir araya gətirən uşaq idi. Dostları çox idi, həm qız, həm də oğlan. Hamı ilə də mehriban idi. Sevdiyi bir qız da olmayıb ki, deyim onun üstündə olub bu dəhşət”.

 

Fizzə İbrahimova Elgünlə olan son söhbətindən də danışıb: “Repetitor yanında hazırlıqlarından başqa o bazar günləri restoranda ofisiant işləyirdi. İmtahanına 15 gün qalmışdı, istəmirdim dərslərindən yayınsın, gecə yorğun gəlib yatdı, ertəsi gün informatika hazırlığına hazırlaşdı, öpüb yola saldıq, axırıncı dəfə elə o hazırlıqda olub. Danışdım, dedi “Son zəng” hazırlığına gedirəm. Ondan sonra neçə dəfə yığsam da, zəng çatmadı Elgünə. Sinif yoldaşları ilə də danışdım, ümumiyyətlə son zəng hazırlığına getməyib, informatika hazırlığı yoldaşları da Elgünün onlardan aralanıb, tək getdiyini bildirdi. Mənim övladım həyat dolu idi, ona restoranda “Son zəng” qonaqlığı verəcəkdik. Arzuları gözündə qaldı. Heç bir səbəb mənim balamı o vəziyyətə qoymağa əsas vermir. Onun məktəbində də “Son zəng” ləğv edildi, bütün dostları imtahana hazırlaşmağa həvəslərini itiriblər. Mən də onlara Elgün üçün oxuyun deyirəm”.

Qeyd edək ki, qətlə yetirilən Elgün Gəncədəki 34 saylı məktəbin 11-ci sinif şagirdi imiş. O, bir neçə gün öncə buraxılış imtahanında yüksək nəticə göstəribmiş.

"Cebheinfo.az"