“Qayi Bulaq” istirahət mərkəzi bağlandı - VİDEO

“Qayi Bulaq” istirahət mərkəzi bağlandı - VİDEO

Qusar rayonu, Qayakənd kəndi ərazisində yerləşən “Qayi Bulaq” istirahət mərkəzində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. 

"Cebheinfo.az"  xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, yoxlamalar Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aparılıb. 

Belə ki:

- obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu tam quraşdırılmayıb;

- obyektdə standarta uyğun olmayan elektrik və qaz cihazlarından istifadə olunur;

- elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən elektrik təsərrüfatına profilaktik baxış keçirilərək kabel və naqillərin izolyasiyasının gərginliyə qarşı müqaviməti ölçülməyib;

- obyekt ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin edilməyib.

- taxta konstruksiyalara odadavamlı məhlul hopdurulmayıb;

- təxliyə planı mövcud deyil;

- obyektin daşınmaz əmlakı “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta olunmayıb.

Məlumatda qeyd olunub ki, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Bütün bunlar nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Qusar rayonu, Qayakənd kəndi ərazisində yerləşən “Qayi Bulaq” istirahət mərkəzinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.

"Cebheinfo.az"