Azərbaycanda uşaq futboluna vurulan "badalaq": Kim və niyə?

Azərbaycanda uşaq futboluna vurulan "badalaq": Kim və niyə?

“Azərbaycanda uşaq futbolunda çox ciddi problemlər var”.

Bunu tanınmış futbol eksperti Mehman Süleymanov “Cebheinfo.az”-a açıqlamasında deyib.

O, aşağı yaş qrupları üzrə liqalara əcnəbi futbolçuların transfer edilməsinin qəbuledilməz olduğunu bildirib:

“AFFA-nın aşağı yaş qrupları üzrə liqalarda birmənalı şəkildə yerli futbolçulara üstünlük verilməlidir. Ümumiyyətlə, AFFA-nın uşaq liqalarında nəticəyə yox, futbolçu yetişdirməyə fokuslanmaq lazımdır. 

Təəssüf ki, bir sıra klub rəhbərləri aşağı liqalarda da məşqçilərin qarşısına nəticə qazanmaq hədəfi qoyurlar. Ona görə də bir çox hallarda sözügedən liqalarda futbolçu yetişdirmək məsələsi ikinci plana keçir”.

Onun sözlərinə görə, U-19 liqalarında nəticə qazanmağı hədəfləməyi başa düşmək olar:

“Çünki oranın qalibi gedib UEFA Gənclər Liqasında ölkəmizi təmsil edir. Ona görə də bu liqanı istisna hesab edə bilərik. Lakin digər aşağı yaş qruplarında nəticə ikinci planda olmalıdır.

Bizdə isə nəticə hədəf kimi qarşıya qoyulduğu üçün aşağı liqalarda belə, legionerə üstünlük verirlər. Bu isə Azərbaycanda uşaq futbolunun inkişafına ciddi zərbə vurur. Nəzərə almaq lazımdır ki, orada çıxış edəcək legionerlər yerli futbolçuların yerlərini tutacaqlar”.

Ekspert vurğulayıb ki, aşağı yaş qrupları üzrə liqalardakı futbolçular sadəcə məşqlə kifayətlənməməlidirlər:

“Onlar daima oynamalıdırlar. Bunun üçün həmin yaş kateqoriyaları üçün oyun saylarını artırmaq lazımdır. Bizdə isə uşaq liqalarında “play-off” mərhələsinə çıxmayan komandalar üçün mövsüm artıq apreldə başa çatır.

Oyun saylarını artırmaq üçün nələrsə fikirləşmək lazımdır. “Play-off” mərhələsinə düşə bilməyən klublar da kənarda qalmamalıdır. Əslində, mövsüm mayın sonunda bitməlidir. İndiki vəziyyətdə isə apreldə yuxarı liqaya çıxmayan komandalar üçün mövsüm bitir. 

Məşqçilərin əksəriyyəti apreldən futbolçulara istirahət verirlər. O futbolçular ancaq neçə aydan sonra yeni mövsümə hazırlanırlar. Həmin arada məşq etdikləri də sual altındadır. Biz gənc futbolçularımızı itirməməliyik”.

O qeyd edib ki, uşaq məşqçilərinə yaxşı maaş vermək lazımdır:

“Uşaq məqşçisi 3 rəqəmli maaş alanda onun futbolçu yetişdirmək kimi bir marağı olmayacaq. Onların dolanışığı da düşünmək, maaşlarını ən azından 4 rəqəmli həddə çatdırmaq lazımdır. Təməli düzgün qoymaq üçün məşqçidən futbolçu yetişdirmək tələb olunmalıdır. 

Həmçinin, uşaqlarla çalışan ixtisaslaşmış məşqçiləri yaxşı sertifikatlaşmalıdır. Onun həqiqətən məşqçi olmaq kriteriyalarına sahib olub-olmadığı dəqiqləşməlidir. 

Tələblərə cavab verənləri isə maddi baxımdan qorumalıyıq. Çünki təməli məhz onlar qoyurlar. Bir çox hallarda əsas komandaya yüksələn futbolçulara vaxtında elementar məlumatların öyrənilmədiyi məlum olur. Buna görə də uşaq futbolçuların təməli doğru qoyulmalıdır”.

Həmsöhbətimiz diqqətə çatırıb ki, aşağı yaş qrupları üzrə liqalara əcnəbi futbolçular transfer etmək əvəzinə, uşaqları yetişdirmək üçün xarici mütəxəsisslər gətirilməlidir:

“Düşünürəm ki, uşaq futbol akademiyalarına ixtisaslaşmış məşqçilərin gətirilməsi faydalı olar. Həmçinin, uşaq futboluna peşəkar koordinatarlar da gətirilə bilər.

Qeyd edim ki, uşaq futbolunun əsas məsələsi seleksiyadır. Təəssüf ki, bizdə bu iş axsayır. Əslində, ildə ən azından 1-2 dəfə bütün Azərbaycan üzrə güclü seleksiya aparılaraq, istedadlı uşaqlar kəşf olunmalıdır”.

Elmir Mustafa
“Cebheinfo.az”