Bazarda ucuzlaşma yaratmağın sadə yolu GÖSTƏRİLDİ

Bazarda ucuzlaşma yaratmağın sadə yolu GÖSTƏRİLDİ

Sentyabrın 1-dək ərzaq və kənd təsərrüfatı məhsullarını satmaq niyyətində olan istehsalçı və satıcılar "tedaruk.az" saytına daxil olaraq dövlət satınalan təşkilatların 2025-ci il üzrə tələbatlarına uyğun şəkildə ərzaq məhsullarına dair təkliflərini yerləşdirə bilərlər.

İstehsalçı və satıcılar "tedaruk.az" saytında növbəti il üzrə tələbata uyğun olaraq ərzaq məhsullarının siyahısı, həmin məhsulların növü, qiyməti, miqdarı və satınalma şərtləri ilə tanış ola bilərlər.

Qeyd edilən tarixədək təkliflərini elektron portala daxil etməyən istehsalçılar və ya satıcılar satınalmada iştiraka buraxılmayacaqlar. Qeyd edək ki, "tedaruk.az" elektron portalı dövlət büdcəsinin vəsaitləri hesabına ərzaq məhsullarını satın alan dövlət müəssisə və təşkilatları (idarələri) ilə həmin məhsulları satmaq istəyən istehsalçı və satıcıları birləşdirən platformadır. Qeyd edək ki, ilk olaraq bu gün məhsul istehsal edən hər vətəndaşın bu sayt marədə məlumatı və buraya daxil olmaq imkanı yoxdur.

Digər tərəfdən niyə bu gün ölkədə bir çox tədarük məntəqələri yaradılmır ki, bölgədə ucuz qiymətə olan məhsullar üçqat qiymətə Bakıda satılır? 

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli “Cebheinfo.az”a bildirib ki, ümumiyyətlə, əvvəlki tədarük qurumları indiki halda qəbil edilməzdir:

“Çünki biz bazar iqtisadiyyatı qurmaq fikrindəyik, hələ çalışırıq, alınmır. Ona görə ki, möhtəkirlər, oliqarxlar, eləcə də bəzi adamlar var ki, bu sahədə problemlər yaradırlar. Kənd Təsərrüfatı Nazirliyinin yaratdığı portallar, kəndlilər, kiçik fermer təsərrüfatları, fərdi təsərrüfatlarında məhsul istehsal edənlər üçün əlçatan deyil. Ola bilsin ki,görüntü yaratmaq məqsədilə bunu edirlər. Bütün istehsalçıların məhsullarını almaq üçün dövlət büdcəsindən o qədər vəsait ayrıla bilməz.

KTN, müəyyən qurumlar,qapalı müəssisələr, xəstəxanalar, məktəblər  üçün  müəyyən qədər kənd təsərrüfatı məhsulları tədarük edir. Orada da yanaşma belədir ki, özlərinin tanıdıqları  şəxslərə daha çox üstünlük verirlər. Artıq onlarla müavilələri var, onlarla işləyirlər. Hökumət çalışmalıdır ki, Azərbaycanda bazar normal fəaliyyət göstərsin. Ölkədə bir neçə yerdə topdansatış bazarı, onlar arasında rəqabət olmalıdır. Həmin topdansatış bazarlarının menecerləri sövdələşməyə getməməli, qiyməti onlar müəyyən etməməlidirlər. Kəndli, fermer istehsal edir, tədarükçülər həmin məhsulu istehsalçıdan alır ki, burada da mütləq müqavilə şərtləri olmalıdır. Ölkədə bir neçə topdansatış bazarı olsa, onlar da məhsulu gətirib harada daha tez satmaq mümkün olarsa, gətirib satışını həyatını keçirərlər”. 

Ekspertin sözlərinə görə, daha tez satmaq o bazarlarda mümkün olacaq ki, orada qiymətlər əhali üçün əlçatan olacaq:

“O tədarükçülər qiymət artımı hesabına deyil, dövriyyənin hesabına daha çox qazanc əldə edəcəklər. Biz də görərik ki, Azərbaycanda artıq bazar öz fəaliyyətimi qaydalara uyğun həyata keçirir. Nazirlik buna çalışmalıdır. Bu, elə də çətin deyil.  Monopoliyanı aradan götürmək  nə problemdir?

Heç kəndliyə də sərf etmir ki, portala girsin, vaxt itirsin. Orda da inhisarçılar var. O demək deyil ki, asanlıqla girib orada məhsulunu təqdim edəcək və  onun alıcısı tapılacaq. O bir oyundur ki, onu təşkil edirlər.

Ən yaxşısı odur ki, Azərbaycanda bazar iqtisadiyyatı fəaliyyət göstərsin.  Kəndli, fermer istehsal etdiyini ya özü, ya da etibar etdiyi nümayəndəsi, ya da ona sərf edən tədarükçü məhsulu bazara çıxarsın. Bütün sivil ölkələrdə bazar belə işləyir. Mən sovet dövründə yaşamışam və tədarük təşkilatlarında yoxlama aparmışam. Həm Rusiyada, həm də Azərbaycanda gördüm ki, oraya acgöz adamlar  cəlb olunub  Onlar qiyməti diqtə edir, çəkini az göstərir, ucuz alıb baha satırlar.

Bir çox hallarda görürdük ki,  həmin “kaptyorklarda” xarab olmuş məhsullar satılır. O zaman ölkədə ən varlı adamlar kimlər idi? Süd, ət, yağ zavodunun direktorları. Heyvanları gətirib ətlik idarəsinə verəndə yarı çəkidə, aşağı qiymətə qəbul edirdilər. Süd zavoduna süd təhvil verəndə yağlılığını aşağı  göstərirdilər. Mən dəfələrlə mübarizə aparsam da görürdüm mümkün deyil.  Yəni rayonlarda,şəhərlərdə, kəndlərdə ən varlı adamlar kimlər idi? Tədarük təşkilatının rəhbərləri və işçiləri, ət, süd zavodunun rəhbərləri idi. Kalxoz və sovxozların hesabına və yaxud da əhalidən aldığı südün,ətin, yağın hesabına varlanırdılar. İndi bazardan monopoliya götürülsə, ölkədə bir neçə yerdə topdansatış bazarı olsa, kəndlilər üçün  yaxşı imkan yaradılsa heç bir problem olmaz.

Normal ölkələr belə inkişaf edir. Məsələn, Türkiyədə həftə başlayanda yarmarkalar olur. Çoxsaylı yarmarkalarda mən də alış-veriş etmişəm. Görürdüm ki, orada qiymət marketə nisbətən   təxminən 20-50 faiz ucuz idi. Bizdəki yarmarkalara nisbətən isə 2-3 dəfə ucuz idi. Burada pomidor 3 dollardan baha olanda, orada 1 dollar olub. Demək bizdə 3 dəfə baha olub. Azərbaycan neft-qaz istehsal edən ölkədir. Niyə istixanada istehsal onunan məhsul bazarda o qiymətə təqdim olunsun. Bizdə əskinə, daha ucuz olmalıdır. Elə şərait yaratmaq lazımdır ki, istehsalçının istehsal etdiyi məhsul həm bazara, həm də yarmarkalara çıxsın, onda rəqabət mühiti və qiymətlər də bizim üçün əlçatan olacaq. İndiki kimi yüksək olmayacaq”. 

Nigar Abdullayeva
"Cebheinfo.az"