Hökumətə çağırış: "Yumşaq pul" siyasəti dayandırılmalıdır

Hökumətə çağırış: "Yumşaq pul" siyasəti dayandırılmalıdır

Azərbaycanın aşağı borc səviyyəsi (2023-cü ilin sonuna 21,8%) ilə dəstəklənən güclü xarici balansı, yüksək neft qiymətlərindən yaranan gözlənilməz gəlirləri idarə etmək üçün daha ehtiyatlı fiskal mövqeyə sadiqlik ölkənin kredit reytinqinin 2022-ci ildən "Müsbət" proqnozla təsdiqlənməsini şərtləndirib.

Bu barədə “Fitch Ratings” beynəlxalq reytinq agentliyinin hesabatında bildirilib. Reytinq agentliyi bununla belə hesab edir ki, zəif pul siyasəti, karbohidrogenlər gəlirlərindən asılılıq və iqtisadi artım tempinin aşağı olması kimi zəif nöqtələr qalmaqdadır. Yüksək likvidlik, inkişaf etməmiş yerli bazar və yüksək maliyyə dollarlaşması səbəbindən pul siyasəti məhdudlaşdırılmaqda davam edir. “Fitch" qeyd edib ki, uçot dərəcəsinin bazara təsirinin artırılması ilə bağlı yeni Mərkəzi Bank alətlərinin tətbiqi və maliyyə dollarlaşmasının azaldılması səyləri vasitəsilə müəyyən irəliləyiş əldə edilib, lakin neft gəlirlərinin dəyişkənliyindən yaranan riskləri idarə etmək üçün əsas rıçaq fiskal siyasətdir. 

"Dövlət büdcəsinin profisitliliyini qoruyub saxlanılması və siyasət çərçivəsinin effektivliyinin təkmilləşdirilməsinin xarici şokları idarə etməyə və makro dəyişkənliyi azaltmağa kömək edəcəyinə daha çox inam ölkənin kredit reytinqinə müsbət təsir edə bilər",- "Fitch" əlavə edib. 

Mövzu ilə bağlı iqtisadiyyatçı Razi Abbasbəyli "Cümhuriyət"-ə bildirib ki, Azərbaycanın maliyyə siyasətilə bağlı hesabat hələlik ciddi addım atılmadığını göstərir: 

“Azərbaycanda yumşaq pul siyasətinin həyata keçirilməsi, inzibati yollarla idarəetmə və bir sıra digər səbəblər var. Üstəlik, Azərbaycanın kredit reytinqi saxlanılıb. Həmin reytinqlər bu gün də saxlanılır, bundan sonrakı mərhələlər üzrə hesabat Azərbaycanın maliyyə göstəriciləri və Mərkəzi Bankın atacağı əsas addımlar nəzərə alınaraq verilə bilər". 

Ekspert vurğulayıb ki, ölkənin kredit reytinqi həm də sabit iqtisadi inkişaf və siyasi sabitliklə bağlı məsələdir:

“Azərbaycan işğal edilmiş ərazilərini azad edib və beynəlxalq səviyyədə tanınan torpaqlarımızın azad edilməsindən sonra ölkəmizin təkcə siyasi mövqeyinə deyil, eyni zamanda iqtisadi potensialına da kifayət qədər imkan yaranıb. İşğaldan azad edilmiş ərazilər həm də Azərbaycanın iqtisadi potensialının yüksəlməsinə gətirib çıxaracaq. Təbii ki, iqtisadi imkanların böyüməsi xarici investisiyaların da ölkəyə cəlbini şərtləndirir. Bunun üçün hökumət bir sıra paralel addımlar atmalıdır. İlk növbədə maliyyə sahəsində "yumşaq pul" siyasəti dayandırmalıdır". 

Ekspert qeyd edib ki, bazarda dollarlaşma siyasətindən qorxmaq yox, bunu bir az sabitləşdirmək lazımdır:

"Manatla bağlı istifadə olunan inzibati alətlərdən daha az istifadə edilməlidir. Mərkəzi Bank bu sahədə humanitar siyasətdən qismən imtina edərsə, əlbəttə ki, ölkədə kredit reytinqində də müsbətə doğru irəliləyiş əldə etmək mümkündür. Təbii ki, bütün bunlar edildikdən  sonra daxilə və xaricə yönəlik maliyyə siyasətinə də bir sıra dəyişikliklər lazım gələcək". 

Ekspert hesab edir ki, ilk növbədə xarici ölkələrdə şəffaflığı təmin etmək lazımdır: 

“Ermənistanla sülh müqaviləsi bağlanarsa, bu, Azərbaycanın kredit reytinqinə müsbət təsir göstərəcək". 

Həsən Məmmədov
"Cebhe.info"