Qiymətli metal hesabı: “Bütün banklar bunu...”

Qiymətli metal hesabı: “Bütün banklar bunu...”

Qızıl bazarında qiymətlərin artacağını nəzərə alsaq, qızıl almaqla pul qazanmağın bir neçə yolu var.

Ekspertlər bildirirlər ki, birinci yol qızılı külçə və ya investisiya sikkələri şəklində almaq yenə də ən əlverişli variant kimi görünür. Qızıl həm oğrulardan, həm də mexaniki zədələrdən bu vasitə ilə qoruya bilərsiniz.

İkinci yol bölünməmiş metal hesablardır. Metal hesab pul vahidinin deyil, qramla qiymətli metalların daxil olduğu bank hesabıdır: qızıl, gümüş, platin, palladium. 

Qiymətli metal fiziki formada alınmır. Bu hesabda təkcə qızılın kütləsi barədə məlumat olur. Bu hesabdan əldə edilən gəlir metalın alış və satış qiymətləri arasındakı fərqdən ibarətdir.

Dünya ölkələrində banklar metal hesab təklif edir. Dörd növ metal təklif oluna bilər: qızıl, gümüş, platin və palladium. Bu üsul bir sıra üstünlüklərə malikdir.

İlkin investisiya məbləği olduqca kiçik ola bilər, çünki siz 0,1 qram qızıl, platin, palladium və ya 1 qram gümüş ala bilərsiniz. Həcm məhdudiyyəti yoxdur. Üstəlik, adətən heç bir komissiya yoxdur. Alış, satış və hesaba qulluq pulsuzdur və bank tətbiqində 24/7 aktiv olur.

Ənənəvi əmanətlərlə müqayisədə metal hesabdakı çatışmazlıqlardan biri oradaki vəsaitin fiziki şəxslərin əmanətlərinin sığortalanması haqqında qanunlara tabe olmamasıdır. Metal hesablardan qiymətli metalların satışından əldə edilən gəlirlər fərdi gəlir vergisinə cəlb edilir.

Bəs Azərbaycan banklarında metal hesab açılmasına icazə verilirmi?

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov "Cebhe.info"-ya açıqlamasında bildirib ki, bu, qanunla qadağan edilmir:

"Kim istəsə, bankda metal hesab aça bilər. Lakin bütün banklar bunu etmir. Pulu necə qoyub götürə bilirsinizsə, metalı da elə qoyursunuz. Qızılın göstəricisi var, o cür atılır, o cür də götürülür. Yəni, xüsusi əlavə və fərqli şərti yoxdur, şərtlər eynidir. Sadəcə, bunu bütün banklarda etmək mümkün deyil".

Xatırladaq ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında qiymətli metallarla əməliyyatların aparılması və əqdlərin bağlanması Qaydaları”nın təsdiq edilməsi haqqında qərarına görə, bankların qiymətli metallarla əməliyyatlarına nəzarət bank nəzarəti çərçivəsində qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən həyata keçirilir.

Azərbaycan Respublikasının ərazisində bank metalları ilə aparılmış əməliyyatlar və əqdlərin uçotu Azərbaycan Respublikasının milli valyutası ilə aparılır. Azərbaycan Respublikasının Mərkəzi Bankı bank metallarının manatla məzənnəsini müəyyən edir. 

Bank metallan ilə əməliyyatlar və əqdlərin uçotu hər bir bank metalı növü üzrə ayrılıqda aparılmalıdır. Azərbaycan Respublikasında tədavülə buraxılmış qiymətli metallardan hazırlanmış sikkələr istisna olmaqla, bank metallarının və digər dövlətlər tərəfindən tədavülə buraxılan sikkələrin ödəniş vasitəsi kimi işlədilməsinə yol verilmir.

Müvəkkil banklar qiymətli metal hesabları ilə əməliyyatları yalnız açıq valyuta mövqeyinə dair Mərkəzi Bankın müəyyən etdiyi qaydalara və limitlərə riayət etməklə apara bilərlər.

Naibə
"Cebhe.info"