Əsli Kazımova: “Bu, Azərbaycanın enerji təhlükəsizliyinə verilən növbəti töhfə olacaq”

"Öz inkişafının yeni mərhələsinə qədəm qoyan Azərbaycanda ötən 20 il ərzində bütün sahələrdə uğurlar əldə edilib. Bu uğurların əsasında isə həyata keçirilən düşünülmüş və çoxşaxəli dövlət siyasəti dayanır. Xüsusi olaraq vurğulamaq lazımdır ki, müstəqilliyimizin ilk dövrlərində Azərbaycanın qarşılaşdığı əsas çətinliklərdən biri ölkədə enerji çatışmazlığı ilə bağlı idi. Əhalinin enerji, təbii qazla təchizatı fasilələrlə həyata keçirilirdi. Ölkədə etibarlı enerji təchizatı sisteminin yaradılması əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən davam etdirilən inkişafa yönəlik dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi. Bunun nəticəsidir ki, artıq ölkəmizdə müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilir. Qeyd edim ki, ölkəmizin enerji potensialı böyük dərəcədə güclənəcək və Mingəçevirin Azərbaycanın elektroenergetika mərkəzi kimi önəmi daha da artacaq".
Bunu Cebhe.info-ya açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib.
Onun sözlərinə görə, fevralın 13-də Bakıda “Gülüstan” sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasiminin keçirilməsi mühim hadisələrdəndir:
“İES-in mingəçevir şəhərində tikiləcəyinə diqqət çəkən partiya sədri vurğulayıb ki, beləliklə Mingəçevir nəinki Azərbaycanın, ümumilikdə Qafqazın enerji mərkəzi kimi şöhrətinə daha da artıracaq. "Mingəçeviri Qafqazın enerji mərkəzinə çevirən Ulu Öndər Heydər Əliyev olmuşdur. İES-in təməlqoyma mərasimində çıxış edən Prezident İlham Əliyev bildirdi ki, məhz Ulu öndərin rəhbərliyi və təşəbbüsü ilə 1976-cı ildə Mingəçevirdə böyük elektrik stansiyasının təməli atılıb. Müstəqilliyin ilk illərində məhz Mingəçevir Elektrik Stansiyası ölkəni elektrik enerjisi ilə təmin edirdi. Ümumi generasiya gücü 2400 meqavat olan stansiya ölkəmizin nəinki enerji potensialını, ümumiyyətlə, sənaye potensialının böyük hissəsini ödəyərək imkan verdi ki, hətta müstəqilliyimizin ən ağır illərində, ilk illərdə Azərbaycanda elektrik enerjisi ilə təchizat təmin edilsin. 2018-ci ildə isə Mingəçevir Elektrik Stansiyasının yenidən qurulması prosesi başladı. İki ildə 8 blok tamamilə yenidən quruldu və istifadəyə verildi. 2020-ci ildə stansiya öz əzəli gücü ilə yenidən işləməyə başladı və 2400 meqavat generasiya gücünə malik oldu. Bərpa-yenidənqurma işləri nəticəsində təqribən 600 meqavatdan çox itirilmiş güclər bərpa edildi".
Ə.Kazımova bildirib ki, 44 günlük Vətən müharibəsi dövründə Mingəçevir Elektrik Stansiyasının əhəmiyyəti bir daha təsdiqləndi:
“Həmin dövrdə məğlub Ermənistan müharibə qanunlarına zidd olaraq mülki obeyktləri, eyni zamanda Mingəçevir Elektrik Stansiyasını da hədəfə alırdı. Qazanılan zəfər isə ölkəmizin həyatında yeni inkişaf mərhələsinin başlanğıcını özündə əks etdirdi: "Cənab Prezidentimiz vurğuladı ki, Mingəçevir şəhərinin Azərbaycanın və nəinki Azərbaycanın, bütün Qafqazın elektroenergetika mərkəzi kimi yeni dövrü başlayır, təxminən 1300 meqavat gücündə olan stansiya bizim potensialımızı böyük dərəcədə gücləndirəcək. Bu, Azərbaycanın enerji təhlükəsizliyinə verilən növbəti töhfə olacaq, yüzlərlə yeni iş yerləri yaranacaq və beləliklə, Azərbaycan öz imkanlarından tam istifadə edərək həm daxili tələbatı ödəyəcək, eyni zamanda, həm elektroenergetika, həm də təbii qaz sahəsində daha böyük addımlar atacaq. Bu eyni zamanda, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə növbəti töhfəsi kimi qiymətləndirilməlidir. Yeni tikiləcək stansiyada şərti yanacağın sərfiyyatı kifayət qədər aşağıdır və bu, imkan verəcək ki, ildə təqribən 800 milyon kubmetr və ya 1 milyard kubmetr qaza qənaət edilsin. Bu gün Avropa məkanında Azərbaycan qazına böyük tələbat olduğu üçün bu, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinə növbəti töhfə olacaqdır".
Partiya sədri əlavə edib ki, stansiyanın Azərbaycanın daxili resursları çərçivəsində inşa edilməsi ölkəmizin gücünü, maddi resurs və imkanlarının genişliyini göstərir:
“Stansiyanın ümumi dəyəri təqribən 400 milyon dollara qədər olacaq ki, ödəniləcək vəsaitin 60 faizi “Azərenerji”nin öz vəsaiti hesabına təmin ediləcək. Qalan 40 faiz isə kreditlər vasitəsilə təmin olunacaq. Stansiyanın xarici tərəfdaşlarla birlikdə inşa ediləcəyi bəllidir. Stansiyanın tikintisində İtaliyanın və Çinin şirkətləri iştirak edəcək. Dövlət başçısı öz nitqində də bildirdi ki, İtaliya şirkətinin bu stansiyanın inşasında iştirakı təsadüfi deyil. İtaliya Azərbaycanın strateji tərəfdaşıdır. İtaliya ilə Azərbaycan arasında strateji tərəfdaşlığa dair iki sənəd imzalanıb. Energetika sahəsində İtaliya ilə əməkdaşlıq ənənəvi xarakter daşıyır. Azərbaycan neftinin böyük hissəsi İtaliya bazarına çatdırılır və iki ildən artıqdır ki, Azərbaycan qazı İtaliya bazarına çatdırılır. TAP layihəsi birgə uğurumuzdur. Cənub Qaz Dəhlizinin başlanğıcı Azərbaycanın Xəzər dənizindəki sektorudursa, bunun son məntəqəsi İtaliyadır və yol boyunca bir neçə ölkə Azərbaycan qazından faydalanır. Azərbaycanda son 20 il ərzində 34 elektrik stansiyası inşa edilib ki, bu stansiyaların generasiya gücü təqribən 3400 meqavata bərabərdir. Hazırda ölkəmizin ümumi generasiya gücü 7200 meqavatdır, onun 3400 meqavatı son 20 ildə yaradılıb”.
Vilayət Muxtar
Cebhe.info