Rəfail Becanov: “Açıq müstəviyə keçən düşmənçilik səfirliyə silahlı hücumla nəticələndi” 

Rəfail Becanov: “Açıq müstəviyə keçən düşmənçilik səfirliyə silahlı hücumla nəticələndi” 

“Yanvarın 27-də səhər saat 08:30 radələrində Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum edilib. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda bu xain hücum üzrə araşdırma gedir. Göründüyü kimi, İranda Azərbaycana qarşı illərlə davam edən və Vətən müharibəsindəki qələbəmizdən sonra açıq müstəviyə keçən düşmənçilik səfirliyə silahlı hücumla nəticələndi”.

Bunu Cebhe.info xəbər portalı və “Cümhuriyət” qəzetinin baş redaktoru Rəfail Becanov deyib.

Baş redaktor bildirib ki, xain hücum İranın Azərbaycanla münasibətlərini daha da gərginləşdirmək üçün hətta insan ölümündən belə çəkinmədiyini göstərir:

“Dəfələrlə İranın Azərbaycana qarşı təxribatına şahid olmuşuq. Bu təxribatlar bir çox hallarda açıq təhdid formasına keçib, İranın qalib Azərbaycan əvəzinə məğlub Ermənistanla münasibətləri inkişaf etdirərək az qala işğal faktına haqq qazandırmağa yönəlik siyasəti, bu ölkədə yaşayan milyonlarla Azərbaycan türkünün hüquqlarının pozulması ciddi narazılıq yaradır. Ancaq İran bütün qırmızı cizgiləri tapdalayaraq Azərbaycan qarşı düşmənçilik siyasətini səfirliyə hücum səviyyəsinə qədər aparıb. Beynəlxalq konvensiyaya görə, səfirliyin təhlükəsizliyinin təmin edilməsi həmin ölkənin borcudur və İran beynəlxalq sənədlə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyib.

SEPAH-ın dünyada terror təşkilatı kimi tanınması ətrafında müzakirələrin artdığı bir zamanda Azərbaycan səfirliyinə hücum deyilənlərin təsdiqini tapmasına işarədir. Bu hücumun da SEPAH-ın xüsusi öyrədilmiş şəxsləri tərəfindən törədilməsi istisna deyil. Azərbaycanın regionda, eləcə də dünyada artan nüfuzundan, Türkiyə ilə müttəfiqlikdən və möhkəmlənən statusundan narahat olan İran bilməlidir ki, ölkəmiz belə təhdidlərlə öz mövqeyindən bir addım da geri çəkilməyəcək”.

Cebhe.info