3 min qadın arasından seçilən məşhur aktrisa: “Azərbaycanlı müğənni ilə duet oxuyaram” - MÜSAHİBƏ

Cebhe.info-nun “Türk Ulduzları” rubrikasının növbəti qonağı “Kərtənkələ” serialı ilə hər kəsin sevgisini qazanan məşhur aktrisa və müğənni Səda Tosundur.
O, həmçinin, “Bal ayı” və Mahsun Kırmızıgülün “Möcüzə” filmlərində rol alıb. Bununla yanaşı, məşhur aktrisa həm də “Miss Turkey 2008”-in finalçılarından biri olub.
- İlk olaraq, sizi evlənməyiniz münasibətilə təbrik edirik. 22 iyun tarixində sürpriz bir şəkildə sosial media fenomeni Tanər Ataş ilə evləndiniz. Duyğularınızı necə ifadə edə bilərsiniz?
- Evliliyimiz həm bizim üçün, həm də insanlara sürpriz oldu. Bizimki “ildırım eşqi” kimi bir şeydir. Ona görə də təxirə salmaq istəmədik. Son zamanlar işlərim çoxdur. Yeni mahnı və film layihələrim var, amma bunların arasına nikahı da sıxışdıra bildik. Yəni “eşq gözləməz” deyərək evləndik.
- Bəs toy nə zamandır?
- Böyük ehtimalla gələn ay da toy edəcəyik. Hazırda hər şey çox yaxşı gedir və evləndiyimiz üçün çox xoşbəxtik. Sağ əlimiz sevənlərin başına.
- Kəçək karyeranızla bağlı suallara. Yeni layihələriniz varmı?
- Tezliklə yeni bir filmdə rol alacağam. Yay aylarında çəkilişləri başlayacaq. Bir neçə ay öncə çəkildiyim "Dədəmin göz yaşları" adlı film isə sentyabr ayında kinoteatrlarda yayımlanacaq. Orada baş rollardan biri olan tibb bacısı Pınar obrazını canlandırdım. Çox gözəl bir layihə oldu. Bundan başqa, yeni iş təkliflərim var. Həmçinin, yeni mahnı üzərində də çalışdığımı da qeyd etdim. O mahnı üçün klip də çəkəcəyik. Tətilə çıxa bilməmişəm və hazırda aktrisalıq ilə müğənniliyi eyni anda edirəm.
- "Bal ayı" və Mahsun Kırmızıgülün "Möcüzə" filmləri ilə tamaşaçılar tərəfindən tanındınız. üstəlik, çəkildiyiniz hər film də uğurlu oldu. Bunu nəyə borclusunuz?
- Çünki işlərimlə bağlı seçici olmağa çalışıram. Yəni hər layihədə yer almamağı üstün tuturam. Buna görə də az, amma uğurlu işlərdə olmağı seçdim. Hər layihədə olmaqdansa, inandığım və uğurlu olacağım işlərin içində yer almağı sevirəm. Oynadığım obrazlar aktrisalığım ilə birləşdikdə gözəl nəticələr ərsəyə gəldi. Uğurumu buna borcluyam. Çox çalışmaq, əzmli olmaq, obrazı doğru analiz etmək və bunu izləyicilərə ən doğru şəkildə yansıtmaq uğurumun sirridir.
- Xüsusilə "Möcüzə" filmi üçün 3 min nəfərin arasından seçilərək inanılmaz bir uğura imza atdınız. Hər kəsi geridə qoymanığınıza səbəb olan, sizi digərlərindən fərqləndirən əsas xüsusiyyətiniz nə idi?
- "Möcüzə" filmi mənim üçün çox özəl bir layihə idi. Çünki tanınmağıma səbəb olan ilk film oldu. Fərqli bir obrazı canlandırmaq üçün 3 min nəfər arasından seçilmək asan olmadı. Bu layihədə aktrisalığımla bağlı sınandığımı deyə bilərəm. Filmin rejissoru Mahsun Kırmızıgül mənə "Səndən daha gözəl və bu rolu səndən daha yaxşı oynayan yoxdur. Ona görə də Mizgin obrazı sənindir", - dedi. Yəni aktrisalıq bacarığıma inandığı üçün məni seçdi. Hətta bu film sayəsində İstanbuldakı Aydın Universitetinin Dram fakültəsində təhsil alarkən, aktrisalıq etməyə başladım. Hər kəsi geridə qoymağıma səbəb olan tək şey obraza inanaraq, onu yaşatmağım oldu. üstəlik, bir çox insan Mizgin obrazının təsiri altına düşərək, mənim həyatda da elə biri olduğumu düşünürdü. İzləyicilərə bunu düşündürən tək şey oynadığım obraza inanmaları oldu və bu, çox xoşuma gəldi. Çünki bacarmaq üçün öncə inanmaq lazımdır. Mən bütün layihələrimdə özümə inandım və mənə uğur gətirməyəcək heç bir işin içində yer almadım.
- "Kərtənkələ" serialındakı Gizəm obrazı ilə çox böyük izləyici kütləsinin sevgisini qazandınız və karyeranızın zirvəsinə yüksəldiniz. Bu rol sizin üçün nə ifadə edir?
- "Kərtənkələ" serialı ilə könüllərdə taxt qurmağı bacara bildim. Bu, mənim çəkildiyim ilk komediya serialı idi. Daha əvvəl sadəcə dram rolları oynamışdım. Həmin dönəmdə artıq komediya serialında çəkilmək istəyirdim və belə bir təklif aldım. İzləyicilər serialdakı Gizem və Hicabi cütlüyünü çox sevdilər. Hətta həmin serialda improvizələr etdim. üstəlik, orada istifadə etdiyimiz replikalar hələ də deyilir. Hətta məni yolda görən insanlar hələ də mənə Səda yox, Gizəm deyirlər. Yəni çox təsirli və sevilən bir serial idi. Mən də çox zövq alaraq çalışdım. Elə bir kollektivlə çalışmaq da məni çox xoşbəxt etdi və unuda bilməyəcəyim bir obraz oynadım. İndi də "Kərtənkələ" və Gizəmdən danışılırsa, bu, mənim doğru seçim etdiyimi göstərir. Çünki izləyicilərin sevmədiyi bir layihə məşhurluq gətirə bilməz. İzləyici ilə oyunçuların enerjisi birləşəndə uğurlu bir iş ərsəyə gəlir. Tənqidlərə məruz qalmamaq üçün obrazı əlimdən gələn ən yaxşı şəkildə canlandırmağa çalışıram. Əslində bir rola həyat vermək heç də asan deyil. Çünki olmadığın birini oynayırsan. Oynadığım rolların heç biri mənə bənzəmirdi. üstəlik, sənə bənzəməyən bir rolu oynamaq da çətindir. Amma mən çətin olan şeyləri sevirəm.
- "Kərtənkələ" serialındakı Gizəm və Hicabi cütlüyü çox sevildi. Maraqlıdır, Fatih Doğan ilə yenidən eyni serialda sizi görə bilərik?
- ümumi olaraq, hansısa layihədə mütləq filan aktyorla oynamalıyam kimi bir şey düşünmürəm. Bizim üçün əsas obraz və onu canlandıra bilməkdir. Tərəf müqabilinin kim olmağından asılı olmayaraq, önəmli olan sənin performansındır. Fatih Doğan və ya başqa biri, fərq etmir. Yetər ki, ortaya gözəl bir iş çıxsın. Mən sadəcə layihəyə və obraza baxıram. Ona görə də tərəf müqabilimin fərqi yoxdur. üstəlik, davamlı olaraq ancaq eyni aktyorla birlikdə oynamaq dezavantaj olur. Ona görə bəzi şeylər yarım qalmalıdır. İnsanların hələ də “Kərtənkələ”dən danışmalarının səbəbi də o hekayənin yarım qalmasıdır. Çünki yarım qalan hər şey gözəl olur.
- Həmçinin, sizin "Buz dağı" və "Yaşıl dağ" adlı mahnılarınız da var. Özünüzü müğənni olaraq görürsünüz, yoxsa sadəcə hobbidir?
- Bəli, iki mahnım var. Hazırda isə üçüncü mahnı üzərində çalışıram. Bunun üçün də çox həyəcanlıyam. İnşallah, bu yayda yeni mahnım da yayımlanacaq. Aktrisa olmadan əvvəl də müğənni olmaq xəyallarım var idi. Amma əsl işim aktrisalıqdır və bununla karyerama başlamaq qismət oldu. Sadəcə olaraq, hər zaman istədiyim, yarım qalan xəyalımı reallaşdırmaq istəyirəm. Müğənniliyi hobbi olaraq deyil, iş olaraq edirəm. Aktrisalıq və müğənnilik mənim üçün ayrı-ayrı dadlardır. İkisi də çox fərqlidir və ikisini də çox zövq alaraq edirəm. Sənətdən başqa heç bir işin içində olmaq istəmirəm. Özümü sənət üçün doğulmuş kimi hiss edirəm. Ona görə də sənətin hər sahəsi ilə maraqlanmaqdan çox xoşum gəlir.
- Siz "Miss Turkey 2008" gözəllik yarışmasının finalçılarından idiniz. Son illərdə Türkiyədə və Azərbaycanda gözəllik yarışmalarının qalibləri çox tənqid olunur. Sizcə, yarışmada ən çox nəyə diqqət edirlər?
- Bəli, həmin yarışmada ilk onluqda yer aldım. "Kərtənkələ" serialında da oynadığım Gizəm obrazı “Türkiyə gözəli” idi. Ona görə mənə indi də “Türkiyə gözəli Gizəm” deyirlər. Açıqcası, gözəllik yarışmalarının çox ədalətli olduğunu düşünmürəm. Yəni bir neçə münsif tərəfindən verilən qərarın doğru nəticə olduğunu demək olmaz. Hər kəsin gözəllik anlayışı çox fərqlənir. Baxıram ki, heç dərəcəyə layiq görülməmiş qızlar ilk üçlükdə yer almayanlardan daha gözəldir. Bunları gördükcə nəticələrin doğru və ədalətli olduğuna qətiyyən inanmıram. Buna görə də gözəllik yarışmalarını çox tənqid edirəm. Kaş ki, ədalətli şəkildə olsa. Birinci olan ən gözəl olmalıdır, amma digərləri ondan gözəl olur.
- Bəyəndiyiniz azərbaycanlı müğənnilər var?
- üzeyir Mehdizadənin "Yaxşı olar" mahnısını çox bəyənirəm. Bundan başqa, bir çox Azərbaycan mahnılarını da dinləyirəm.
- Bəs azərbaycanlı müğənni ilə duet oxumaq istəyərsiniz?
- Əslində heç kimlə duet oxumaq fikrim yox idi. Amma Azərbaycan xalqını və mahnılarını sevirəm. Niyə də olmasın? Bəlkə də bir gün mən Azərbaycan dilində bir mahnı oxuyaram. Məncə, Azərbaycan dili çox şirindir.
Elmir
Cebhe.info