“Azərbaycanda qorunan ərazi artıq 1 milyon hektara çatıb”- MÜSAHİBƏ

“Azərbaycanda qorunan ərazi artıq 1 milyon hektara çatıb”- MÜSAHİBƏ

22 may dünyada Beynəlxalq Biomüxtəliflik Günü kimi qeyd olunur. Hesabata görə, təcili tədbirlər görülməsə, 2030-cu ilə qədər biomüxtəlifliyin azalması sürətinin qarşısını almaq məqsədi əldən çıxa bilər.

Bu məqsəd 2022-ci ilin dekabrında keçirilən BMT-nin biomüxtəliflik sammitinin əsas mövzularından biri olub. Bəs Azərbaycanda biomüxtəliflik necə qorunur? Biomüxtəlifliyə əsas təhlükə nədir?

Bu və digər sualları Cebhe.info-ya müsahibəsində ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan üzrə rəhbəri Elşad Əsgərov cavablandırıb.

-Hazırda ölkəmizdə biomüxtəliflik hansı səviyyədədir?

-Bir neçə ildir bəzi biomüxtəlifliklər var ki, müzakirə edilir və çıxış yolları axtarılır, təqdim edilir. Məsələn, çaylarda suların azalması. Sular azaldıqca, meşələrin sərhədinin dəyişməsi, Xəzərin geri çəkilməsi, Kürdə suyun azalması böyük pöroblemlərindən biridir. Bir vaxtlar iqlim dəyişimi Azərbaycan üçün böyük problem deyildi. Hazırda isə Azərbaycan üçün böyük təhlükəyə çevirilib. Həmçinin, ölkəmizdə ətraf mühitin çirklənməsi də böyük problemlərdən biridir. Çaylarda, meşələrdə, istirahət yerlərində plastik tullantılar var. Hazırda ciddi problemlər bunlardır.

-Azərbaycan üçün biomüxtəlifliyə əsas təhlükə nələrdir?

-İllər öncə ilə müqayisədə bəzi təhlükələr artıq arxada qalıb. Demək olar ki, geriyə sayım başlayıb. Sovet hökuməti dağıldığı illərdə, ölkədə müharibə gedirdi, əllərdə silah var idi. Həmin dövrdə ən böyük təhlükə brokonyerlik və meşələrin qanunsuz qırılması idi. İndi həmin proseslər ləngiyib, demək olar ki, tam azalıb. İndi daha çox təhlükə qlobal iqlim dəyişmələri ilə əlaqəlidir.

-Bu təhlükənin qarşısının alınması üçün hansı addımlar atılmalıdır və ya atılır?

-Ekologiya və Təbii Sərvətlər Nazirliyi çalışır ki, problemlərin qarşısını alsın. Məsələn, brokonyerlik səviyyəsi bu çalışmalar sayəsində xeyli dərəcədə azalıb. Qoruqlar yaradılır, milli parklar salınır. Azərbaycanda əvvəllər milli park yox idi, indi artıq 10 milli parkımız var. Bütün qorunan ərazilərimiz 2 dəfədən artıq böyüyüb. Qorunan ərazilər bir vaxtlar 400 min hektar idisə, artıq 1 milyon hektara çatıb. Bu, qorunan ərazilərin sahəsinin genişlənməsi deməkdir.

-Biomüxtəlifliyin bir parçası da nəsli tükənməkdə olan heyvanlardır. Bəs ölkəmizdə bununla bağlı hansı işlər görülür?

-Bəli. Qorunan növlərin bərpası proqramları gedir. Elə növlər var idi ki, 20-ci əsrdə onların sayı çox az idi. Məsələn, ceyran. Ceyran hazırda tarixi arealına qaytarılır, Azərbaycana gətirilməsi layihəsi həyata keçirilir, bəbirlərin mühafizəsi təmin olunur. Ayrı-ayrı növlər nəzarətdə saxlanılır. Balıqartırma zavodlarından 10 minlərlə balığı çaylara buraxırlar. Bu kimi bərpa prosesləri gedir.

-Bəs nəsli kəsilməkdə olan növlərin yox olma sürəti necədir?

-Bunu ölçmək üçün “Qırmızı Kitab” var. 1989-cu ildə ilk dəfə “Qırmızı Kitab” nəşr edilib. Həmin nəşrə 14 məməli növü daxil edilmişdi. Daha sonra 2013-cü ildə “Qırmızı Kitab” çıxıb. 24 ildən sonra çıxan “Qırmızı Kitab”da 43 məməli növü var idi. Bu, növlərin yox olma sürəti barədə fikir formalaşdırır. Əslində, nəticə olduqca yaxşıdır. Dediyim kimi, qoruqlar növlərin yox olmasının qarşısının alınmasında önəmli faktordur.

-İqlim dəyişməsinin Azərbaycanda biomüxtəlikdə əsas təsirindən biri olduğunu dediniz. Azərbaycan iqlim dəyişmələrində nə qədər paya sahibdir?

-İqlim qlobal problemdir və burada Azərbaycanın rolu çox azdır. Azərbaycan xəritədə çox kiçikdir. Qlobal iqlim dəyişikliklərində də rolu az olduğu üçün çox da böyük təsir edə bilməz.

-Biomüxtəliflikdə insan faktorundan da danışmağınızı istəyərdim.

-Biomüxtəliflikdə insan faktoru çoxdur. Elə bu qədər işi görən insandır. Qədim zamanlarda təbiət öz faktorları ilə idarə olunurdu. Məsələn, dinozavrın nəsli kəsilirdisə, bu, təbiət faktoru əsasında olurdu. Amma son 200 ildə bu işləri görən insandır. İnsan biomüxtəlifliyə böyük ölçüdə təsir edir. Çünki qədimdə qidasını heyvan təşkil edirdi və insanların bir qismi ovçu idi. O vaxt insan təbiətin bir parçası idi. Amma zaman keçdikcə insan təbiətin bir parçası olmaqdan çıxdı.

Təbiəti mənimsəməyə, çayların axarını dəyişdirməyə, heyvanları aid olduğu mühitdən kənarda saxlamağa başladı. Bu da biomüxtəlifliyə gətirib çıxardı. Buna görə qlobal iqlim dəyişmələrini də insanın üstünə yıxırlar. Haqsız da sayılmırlar. Ola bilsin, kosmik proseslər də buna təsir edir. İstənilən halda burada “insan əməyi” var.

Naibə Məmmədova
Cebhe.info