Azərbaycan: Avropa ilə Asiya arasında KÖRPÜ

“Türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığımız güclənir”.
Bu sözləri 21 mayda Budapeştdə Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündəki çıxışı zamanı Azərbaycan Respublikası Prezidenti İlham Əliyev deyib.
Dövlətimizin başçısı vurğulayıb ki, son illər ərzində Azərbaycanda nəqliyyat infrastrukturuna - avtomobil yollarına, dəmir yolu xətlərinə, dəniz limanına, gəmiqayırma zavoduna, hava nəqliyyatına böyük həcmdə sərmayələr qoyulmuşdur:
“Nəticədə, açıq dənizlərə çıxışı olmasa da, Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilmişdir. Türkiyənin vә Mərkəzi Asiya dövlәtlәrinin Azәrbaycan ərazisindən tranzit keçәn daşımalarının hәcmi 2024-cü ildә 11 milyon ton təşkil etmişdir.
Qonşu ölkələrlə yeni əməkdaşlıq formatları yaratmış, müştərək müəssisələr qurmuşuq. Orta Dəhlizin bir hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun daşıma qabiliyyəti keçən il Azərbaycanın vəsaiti hesabına 5 milyon tona çatdırılmışdır.
Orta Dəhlizin rəqəmsallaşdırılmasına böyük önəm veririk. Hazırda Xəzər dənizi limanları arasında nəqliyyat əməliyyatlarının və ticarətin sadələşdirilməsini nəzərdə tutan vahid rəqəmsal platformanın yaradılması layihəsi üzərində işlər davam etdirilir”.
Beləliklə, dövlətimizin başçısı Azərbaycanın türk dünyası üçün necə böyük əhəmiyyətə malik olduğunu bir daha diqqətə çatdırdı. Ölkəmiz Türk Dövlətləri Təşkilatlarının aparıcı dövlətlərindən biri olaraq digər sahələrdə olduğu kimi nəqliyyat sahəsində də əməkdaşlığını genişləndirməyə davam edir.
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadə “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, ölkəmiz yerləşdiyi coğrafi məkana görə Avropa ilə Asiya arasında körpü rolunu oynayır:
“Azərbaycanda xüsusilə son illərdə yürüdülən siyasət sayəsində bir sıra nəqliyyat və kommunikasiya qovşaqları formalaşıb. Bu, ölkəmizin iqtisadi potensialını artırmaqla yanaşı, həm də regiondakı əhəmiyyətini də kifayət qədər yüksəldib.
Bakı-Tblisi-Qars dəmir yolu və Bakı Limanı formalaşdırılması ilə yüklərin Azərbaycana, ölkəmizdən də Avropaya daşınması mümkün olacaq. Həmçinin, Orta Dəhliz və Şimal-Cənub nəqliyyat dəhlizi layihələri də bu prosesin içərisindədir.
Bütün bunlar çox əhəmiyyətlidir. Göründüyü kimi, iqtisadi siyasət və infrastruktur layihələrin həyata keçirilməsi sayəsində Azərbaycan bölgədə faktiki olaraq tranzit yükdaşımaların keçdiyi bir məkana çevrilib”.
Millət vəkili vurğulayıb ki, Azərbaycanın Türk Dövlətləri Təşkilatı ilə də əlaqələr xüsusi əhəmiyyət daşıyır:
“Məlumdur ki, Mərkəzi Asiyada yerləşən türk dövlətlərinin yükdaşımları da Azərbaycan üzərindən Avropaya çıxış imkanı qazanıb. Gələcəkdə bunun bir qədər artılması istiqamətində isə Zəngəzur dəhlizinin açılması hədəflənir. Bu layihədən sonra Türk Dövlətləri Təşkilatının üzvlərinin istehsal etdiyi məhsulları Azərbaycan üzərindən Türkiyəyə, oradan da Avropaya daşınacaq. Bu da ölkəmizi regionda əhəmiyyətini bir qədər artıracaq”.
Arzuxan Əlizadə diqqətə çatdırıb ki, Türk Dövlətləri Təşkilatı getdikcə güclənməkdədir:
“Bu təşkilatda təmsil olunan ölkələrin ildə bir dəfə rəsmi Zirvə toplantısı keçirilməsi barədə qərar var idi. Lakin Prezident İlham Əliyevin təşəbbüsü ilə əlavə olaraq ildə bir dəfə də qeyri-rəsmi Zirvə toplantısının keçirilməyə başlandı. İlk belə toplantının Şuşa şəhərində keçirilməsi də çox böyük simvolik məna daşıyır. İkinci qeyri-rəsmi Zirvə toplantısı isə Macarıstanın paytaxtı Budapeştdə keçirildi.
Ümumiyyətlə, Türk Dövlətləri Təşkilatında Azərbaycanın rolu və verdiyi təkliflər xüsusi önəm daşıyır. Qardaş Türkiyə və Azərbaycanın dominantlığı ilə bu təşkilat daha da güclənir, eləcə də dövlətlərarasındakı münasibətlər bütün sahələrdə inkişaf edir. Bütün bunların fonunda da türk dünyasının güclənməsi prosesi baş verir”.
Elmir Mustafa
“Cebheinfo.az”