Azərbaycandan təhlükə xəbərdarlığı

Azərbaycandan təhlükə xəbərdarlığı

Prezident İlham Əliyev Ermənistana və onun havadarlarına növbəti dəfə xəbərdarlıq edib.

Belə ki, aprelin 23-də Prezident İlham Əliyev ADA universitetində təşkil olunan “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışında Cənubi Qafqazda hazırkı geosiyasi proseslər, xüsusilə Azərbaycan-Ermənistan sülh prosesi barədə mühüm fikirlər səsləndirib. Dövlət başçısı bəyan edib ki, Azərbaycanla Ermənistan arasında növbəti hərbi qarşıdurma İrəvan üçün çox ağır nəticələr doğuracaq.

“Doğrudan da, nəyi nümayiş etdirmək istədiklərini bilmirəm. Cavab vermədiyimiz üçün bizə minnətdar olmalıdırlar. Əminəm ki, ciddi bir şey olsa, qaçacaqlar. Biz vəziyyəti belə görürük. Və bir daha təkrar edirəm ki, regionda təhlükəsizliyə və sabitliyə aparan yol Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasından keçir”. 

Prezident İlham Əliyev Ermənistanı İkinci Qarabağ müharibəsindəki ağır məğlubiyyətindən dərs çıxarmağa çağırıb:

“Ermənistan özünü normal qonşu kimi aparmağı öyrənməli və qonşularına qarşı ərazi iddialarına son qoymalıdır. Müəyyən müsbət tendensiyalar görürük. Lakin bu kifayət deyil. Bunlar sadəcə sözlərdir. Biz bilirik ki, onlar öz fikirlərini necə dəyişə bilərlər. 2019-cu ildə dedilər ki, Qarabağ Ermənistandır və bu, müharibəyə təkan verdi. İndi deyirlər ki, Qarabağ Azərbaycandır. Bilmirəm, bəlkə beş ildən sonra onlar öldürücü silahlarla təmin olunduqdan sonra yenə deyəcəklər ki, Qarabağ Ermənistandır. Bəs onda biz nə etməliyik? Biz gözləyə bilmərik”. 

Eyni zamanda, dövlət başçısı Ermənistanın beynəlxalq havadarlarına mesaj ötürüb və onun silahlandırılmasının yolverilməz olduğunu bildirib:

“Onlara və onlardan Azərbaycana qarşı forpost kimi istifadə etmək istəyənlərə mesajım budur ki, bunu etməyin! Ermənistana nə qədər silah verilsə də, onların bizə qarşı heç bir şansı yoxdur. İkinci Qarabağ müharibəsi bunu nümayiş etdirdi. Cəmi 44 gündə adi insanların çıxa bilmədiyi dağları fəth etdik. Sonra bir neçə saatlıq antiterror əməliyyatı oldu, bunun nəticəsində biz separatizmə son qoyduq və bir daha onlara nümayiş etdirdik ki, bizim Ermənistana qarşı heç bir pis niyyətimiz yoxdur. Biz onların ərazisinə iddia etmirik. 

Amma başa düşməlidirlər ki, birincisi, bu silahlar onlara kömək etməyəcək. İkincisi, təhlükəlidir. Onların, eləcə də onların arxasında duran və manipulyasiya edənləri xəbərdar etmək mənim borcumdur ki, bu, həqiqətən də təhlükəlidir. Sözlərimə qulaq asmalıdırlar. Bilirlər ki, sözlərimə qulaq asmalıdırlar. Bu, mənim tövsiyəmdir”. 

Dövlət rəhbəri aydın şəkildə Ermənistan və onun beynəlxalq havadarlarının diqqətinə çatdırıb ki, sülhdən yayınmaq regionda daimi genişmiqyaslı toqquşmalara gətirib çıxaracaq və regional təhlükəsizlik arxitekturasının formalaşmasına imkan verməyəcək.

Prezident onu da nəzərə çatdırıb ki, Azərbaycan istənilən təhlükəni dəf etmək iqtidarındadır. 

Məsələ ilə bağlı politoloq Tofiq Abbasov “Cümhuriyət”-ə açıqlamasında qeyd edib ki, Ermənistan özünəməxsus xarici siyasəti olmayan və beynəlxalq güc mərkəzlərinin maraqlarına xidmət edən bir ölkədir:

“Ermənistanın real problemi budur ki, bu ölkə, ümumiyyətlə, yerləşdiyi regionun mahiyyətini dərk edə, xarici siyasətini müəyyənləşdirə bilmir. İrəvan anlaya bilmir ki, o, hansı hədəflər uğrunda mübarizə aparır. Dünyanın istənilən bölgəsində xalqlar bir-birilə normal münasibətlər qurmağa çalışırlar, regional inkişaf və tərəqqi uğrunda mübarizə aparırlar. Yəni sülh şəraitində yaşamağa meyl göstərirlər. Ancaq təəssüflər olsun ki, Ermənistan və erməni ictimaiyyəti sülh, sabitlik və təhlükəsizliyin əhəmiyyətini anlamaq istəmir. Ən acınacaqlısı budur ki, Ermənistan üçüncü qüvvələrin əlində siyasi alət olmağa öyrəşib. Həmin qüvvələr Ermənistanı silahlandırmaqla, qarşıdurmalara sövq etməklə və təxribatlara çəkməklə ondan türk-müsəlman ölkələrinə qarşı istifadə edirlər. İndiki zamanda da bu siyasət davam etdirilir və bundan sonra da davam etdiriləcək. Bu baxımdan, Ermənistanın öz hüquqi subyektliyini itirən bir ölkə olduğunu görərik. Ermənistan qonşularına qarşı ərazi iddiaları və təcavüzkar siyasətini davam etdirməklə heç bir halda nicat yolu tapmayacaq, öz xalqı üçün normal güzəran yarada bilməyəcək. Ermənilər başa düşmək istəmirlər ki, bu yol onları məhvə aparacaq. Ermənistan və erməni cəmiyyəti özünü regional sabitliyin və təhlükəsizliyin tərəfdarı kimi təsdiqləyə bilmir. Bu da üçüncü qüvvələrə regionda məkrli planlarını həyata keçirməsinə imkan verir”. 

T. Abbasov Fransa, Yunanıstan və Hindistanın Ermənistanı silahlandırmasının səbəblərini bu cür izah edib:

“Onların birinci hədəfi budur ki, Ermənistanı siyasi alətə çevirib Qafqaz coğrafiyasında öz geosiyasi maraqlarını həyata keçirsinlər. İkincisi, beynəlxalq güc mərkəzləri, istər ABŞ, istərsə Fransa, istərsə də Britaniya dünyanı öz aralarında bölüşdürməyə çalışırlar. Həmin güc mərkəzləri Cənubi Qafqaza da göz dikib. Qərb güc mərkəzləri Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən regionun sabitliyi və inkişafı üçün irəli sürülən “3+3” formatının həyata keçməsinə əngəl olmağa çalışırlar. Xüsusilə ABŞ və Fransa bu regionda möhkəmlənmək, region dövlətlərini təcrid etmək marağındadır.

Onların siyasi gündəmindən 19-cu və 20-ci əsrin müstəmləkəçilik siyasəti çıxmayıb. 

Anlamaq istəmirlər ki, artıq dünya, dövr, insanların təfəkkürü dəyişib. Hazırkı beynəlxalq sistemdə beş və ya altı ölkə qlobal dünyadakı prosesləri nizamlaya bilməz. 

Çünki bu gün hər bir regionun öz sahibləri var. Heç bir şəkildə istisna ola bilməz ki, Azərbaycan Cənubi Qafqazın lider ölkəsidir və regionda özünü orta güc səviyyəsində təsdiqləyib. Bununla yanaşı, Rusiya, Türkiyə və İranın Cənubi Qafqazla həmsərhəd olduğu da nəzərə alınmalıdır. Mərkəzi Asiyada isə Qazaxıstan və Özbəkistan güclü dövlətə çevrilir. Bütün bunların fonunda Qərb güc mərkəzləri hər iki regionda öz məkrli planlarını həyata keçirə bilmir. Yalnız Ermənistan özünü Qərbin hiyləgər və iyrənc missiyasının qurbanına çevirib”. 

Politoloq əlavə edib ki, Ermənistan hər zaman beynəlxalq güc mərkəzlərinin forpostu olaraq qalacaq.

“Ermənistan istənilən beynəlxalq güc mərkəzinin forpostu olmağa hazırdır. Əvvəl Rusiyanın forpostu olan Ermənistan indi də ABŞ və Fransanın forpostu olmağa can atır. Bu ölkə başqalarının təlimatlarına uyğun davranış sərgiləməyə öyrəşib.

Onu da vurğulayım ki, Birinci Dünya müharibəsi dövründə də böyük güclər, xüsusilə Rusiya, Fransa və Britaniya Osmanlını çökdürmək, Yaxın Şərqdə öz geosiyasi ambisiyalarını reallaşdırmaq üçün ermənilərdən istifadə ediblər. Onlar ermənilərə guya “Böyük Ermənistan” dövləti yaradacağını vəd etmişdilər. Nəticədə Qərb güc mərkəzləri – Britaniya və Fransa regionda öz dayaqlarını möhkəmləndirdi, ermənilər isə heç bir dövlətə malik olmadılar”. 

Yunis Abdullayev
"Cebhe.info"