Paşinyan-kilsə qarşıdurması BÖYÜYÜR

Bu gün Ermənistanda hökumət ilə kilsə arasında açıq qarşıdurma artıq gündəmin əsas mövzusudur.
Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” partiyasının parlament fraksiyası bu dəfə kilsənin dövlətə qarşı maliyyə hesabatlılığını qanunla tənzimləmək istəyir.
Fraksiya katibi Artur Ovannisyanın sözlərinə görə, sosial şəbəkədə keçirilən sorğuda iştirak edənlərin 96 faizi bu təşəbbüsə “bəli” deyib.
Bu rəqəm Paşinyan tərəfdarlarının belə bir addıma nə qədər hazır olduğunu göstərir.
Amma məsələ sadəcə maliyyə şəffaflığı ilə bağlı deyil. Ermənistan Konstitusiyasında kilsə ilə dövlətin ayrı olduğu açıq şəkildə qeyd olunur. Belə bir dəyişiklik isə əsas qanunun yenidən işlənməsi deməkdir.
Üstəlik, bu təşəbbüs illərdir davam edən gərgin münasibətlər fonunda irəli sürülür, xüsusilə də 44 günlük müharibədən sonra Erməni Apostol Kilsəsinin rəhbərliyi Paşinyanı sərt tənqid etdikdən və onun istefasını tələb etdikdən sonra tərəflər arasında qarşıdurma daha da dərinləşib.
Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın kilsəyə qarşı həyata keçirdiyi bu təzyiqlər, ilk növbədə, 2026-cı il parlament seçkiləri ərəfəsində kilsənin demək olar ki, müxalifətlə, xüsusilə Robert Köçəryan və Serj Sarkisyanla birləşməsi ilə bağlıdır.
Politoloq hesab edir ki, onlara bütün təlimatlar isə Rusiyadan gəlir.
"Təbii ki, Ermənistan Apostol Kilsəsi ilə Nikol Paşinyan arasında münasibətlər hələ 2018-ci ildən pozulub. Kilsə Paşinyanın hakimiyyətini qəbul etmir və tərəflər arasında yaşanan gərginlik ölkədə daxili siyasi böhrana da səbəb ola bilər. Xüsusilə də, kilsənin xalq arasında böyük nüfuzu var".
Politoloq qeyd edib ki, Baqrat Qalstyanın liderliyi ilə kilsə Nikol Paşinyana qarşı etiraz aksiyalarına başlamağa hazırlaşır:
"Yəni, göründüyü kimi, tərəflər siyasi maraqlar uğrunda mübarizə aparırlar. Nikol Paşinyan isə kilsəni neytrallaşdırmaq, onu siyasətdən uzaqlaşdırmaq və Ermənistan Apostol Kilsəsinə özünə yaxın bir şəxsi rəhbər gətirmək üçün, hətta konstitusiyada dəyişikliklər etməyi planlaşdırır.
Təbii ki, kilsənin neytrallaşdırılması Ermənistanda Azərbaycana və Türkiyəyə qarşı sülhə mane olan əsas qüvvələrdən birinin zəiflədilməsi deməkdir. Çünki kilsə daima ermənilərin Qarabağa “qayıdışı” ideyasını, qondarma “erməni soyqırımı” məsələlərini ön plana çıxarır.
Proseslər bu istiqamətdə inkişaf edir. Həmçinin Nikol Paşinyana qarşı hakimiyyətə qarşı yeni bir proses də başlaya bilər. Əgər Nikol Paşinyan kilsəni neytrallaşdıra bilsə, bu, regionda Ermənistanla Azərbaycan arasında sülhə töhfə verə, Ermənistanda qondarma soyqırımı iddialarını və revanşist əhval-ruhiyyəni zəiflədə bilər. Bu isə regionda davamlı sülhün əldə olunması üçün əsas vasitələrdən biri hesab oluna bilər".
Səbinə Uğur
"Cebheinfo.az"