Ailələri uşaqdan məhrum qoyan “uşaq pulu”

Ölkəmizdə bu il birinci sinif üzrə məktəblərin rus dili bölməsinə qəbul olunan uşaqların sayı 25% azalıb.
Əgər ötən tədris ilində 14989 nəfər 1-ci sinif şagirdi məktəb həyatına rus sektoru üzrə başlamışdısa, bu il bu rəqəm 11943 nəfərdir. Amma əslində, təkcə rus bölməsi üzrə qəbul deyil, ümumilikdə ilbəil 1-ci sinifə qəbul olan uşaqların sayında azalma müşahidə olunur:
*2019-2020-ci tədris ili üzrə ümumi təhsil müəssisələrində 1-ci sinfə gedən şagirdlərin sayı 159 644 nəfər olub.
*2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu elektron qaydada həyata keçirilib. Tədris ilində birinci siniflərə 165 511 uşaq qəbul edilib.
*2021-2022-ci tədris ilində respublika üzrə 158 608 uşağın I sinifinə qəbul edilib.
*2022-2023-cü tədris ilində ümumi təhsil müəssisələrində 1 milyon 610 min şagird təhsil alıb. Onlardan 152 minə yaxını birinci sinfə qəbul olub.
Göründüyü kimi, hər il birinci sinifə gedən şagirdlərin sayında azalma müşahidə edilib.
Bu da bir tərəfdən ölkədə demoqrafik problemin yaranması üçün təməl yaradır. Demoqrafik problemin kökündə dayanan bir səbəb isə sözsüz ki, “uşaq pulu”nun hələ də verilməməsidir.
"Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova “Cümhuriyət”-ə açıqlamasında bildirib ki,uşaq pulu verilsə, bu məsələ öz həllini tapar:
"ümumiyyətlə, son illər rəsmi nikaha girənlərin sayının və doğuşun azalması müşahidə olunur. Bunun da səbəbi sosial-iqtisadi problemlərdir. Təbii ki, “uşaq pulu” verilsə, bu məsələ öz həllini tapar. “Uşaq pulu”nun verilməsi də daim gündəmdə olan məsələdir. Hələ ki bizdə qlobal şəkildə demorəqrafik problem yoxdur. Amma əvvəl ailələr azı ikiuşaqlı idisə, indi daha çox biruşaqlı ailələrə təsadüf edilir".
Onun sözlərinə görə, ailələr maddi cəhətdən çətinlik çəkdiyi üçün bir uşaqla kifayətlənir:
"Ailələr buna uşaqların təminatını təmin etmək baxımından yanaşır. Uşağın 1 aylıq xərci qidası, geyimi, təhsili, asudə vaxtının təşkili, hansısa kurslara getməsi minimum 1500 manata gəlib çıxır. Bu da ailələrə çətinlik yaradır. Yəni belə problemlər var ki, bu da ailələrin bir uşaqla kifayətlənməsinə gətirib çıxardır. Nəticədə 1-ci sinifə gedən uşaqların sayı da azalır.
Bu, hələlik tam qorxulu vəziyyət sayılmır, amma illər sonra təhlükəli hala çevirilə bilər. Bununla bağlı məsələnin çözümü yönündə sosial proqramlar, paketlərin təklif edilməsi, asudə vaxtının təşkili üçün dövlət hesabına yerlərin açılması önəmlidir. Həm də “uşaq pulu”nun verilməsi bu tendensiyanın qarşısını ala bilər".
Naibə
Cebhe.info