Ceyranlar da öz tarixi yerlərinə qaytarılır: “Şuşanın qayalıqlarında onlar yaxşı yaşaya bilərlər”

Ceyranlar da öz tarixi yerlərinə qaytarılır: “Şuşanın qayalıqlarında onlar yaxşı yaşaya bilərlər”

Azərbaycanın zəngin təbiəti var. Vaxtilə torpaqların işğalı nəticəsində təkcə insanlara, mədəni abidələrə deyil, həm də ölkənin təbiətinə, flora və faunasına ciddi ziyan dəyib. İşğalla bağlı Qarabağ bölgəsinin gözəllik simvollarından olan ceyran, maral, cüyür, dağkeçisinin sayında azalma müşahidə edilib.

Lakin indi parklarda qorunan və sayı artırılan heyvanların öz tarixi torpaqlarına qaytarılmasına imkan yaranıb və bu sahədə bir sıra layihələr həyata keçirilir.

Zoologiya İnstitutunun elmi işçisi, ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin rəhbəri Elşad Əsgərov Cebhe.info-ya açıqlamasında bildirib ki, ceyranın tarixçəsi uzun və kədərlidir.

Mütəxəssis dəfələrlə sayında azalma müşahidə edilən ceyranların hazırda artdığını və öz tarixi areallarına qaytarılması prosesinin davam etdiyini deyib:

“Azərbaycanda keçən əsrin əvvəllində Mərkəzi Aranda, dağətəyi bölgələrdə çox sayda ceyran sürüləri olub. O vaxt hələ Mərkəzi Aran düzənliyində pambıq əkinləri yox idi, ovçular ən yaxşı halda ceyranları atla qovurdular. Sonradan Kür-Araz ovalığında əkin sahələri çoxaldı, ovçular motorlu texnikanın köməyi ilə ceyranları asan ovlaya bildilər. Bu da onların sayının azalmasına səbəb oldu. 1960-cı ildə aparılan aviareydlər (təyyarə ilə aparılan sayımlar - red.) zamanı ceyranların dəqiq sayı məlum olub. Azərbaycanda 10 minlərlə ceyrandan cəmi 200 baş ceyran qalmışdı. Həmin ceyranların 66-sı Şirvan düzündə idi. Həmin vaxt akademik Həsən Əliyev həyəcan təbili çaldı ki, ceyranları bərpa eləmək lazımdır. Ceyranlar bizim milli sərvətimizdir, folklorumuz, ədəbiyyat və incəsənətimizin hamısı ceyran haqqında məlumatlarla doludur. O vaxt yasaqlıq və Şirvan qoruğu yaradılır, bununla da ceyranların sayı artmağa başlayır. Artıq 1980-ci illərdə ceyranların sayı 3 500-dək artdı. Ondan sonra ölkəmizin başına fəlakətlər gəldi, Birinci Qarabağ müharibəsi, iqtisadi böhran yaşandı və bunlar ceyranın sayına da təsir etdi. Ceyranların sayı azaldı. 2003-cü ildə Prezident İlham Əliyev seçkiqabağı marafonunu Şirvan Milli Parkından başladı və parkın açılışı oldu. Park 65 000 hektar ərazini əhatə edirdi. Apardığımız tədqiqata görə, hazırda orda 6500 ceyran var”.

Elşad Əsgərov bu gün ceyranları öz tarixi areallarına qaytarmaq üçün tarixi şansın yarandığını qeyd edİb:

“Tarixi bir şans yaranıb ki, ceyranın tarixi arealını bərpa edək. Vaxtilə Kür-Araz ovalığının hamısı ceyran idi. Kürün sol qolu böyük düzənlik olsa da, indi orada bir dənə də olsun ceyran yoxdur. Abşeron Milli Parkında, Qobustanda, Samuxda və digər ərazilərdə ceyranları qaytarıb təbiətə buraxmışıq və bununla da onlar artıblar. Qarabağın işğaldan azad olunması bizə imkan verir ki, onları qaytarıb tarixi areallarına bərpa edək. Ceyran üçün əsas yaşayış yeri Arazkənarı düzənliklərdir. Ötən gün ilkin olaraq 18 ceyran tarixi arealına buraxıldı. Hansı ərazilərdə mümkündürdürsə, ora ceyranın qaytarılması prosesi gedir”.

Mütəxəssis bundan başqa digər heyvanların da artırılması və öz tarixi arealına qaytarılmasından bəhs edib:

“Kiçik Qafqazda maralın sayı tükənmək üzrədir. Keçən əsrdə Göygöl Milli Parkında bərpa olunmuşdu, amma I Qarabağ müharibəsindən sonra sayı azaldı. Çalışırıq ki, həmin maralları artıraq. İsmayıllı rayonunun Buynuz kəndində 300 hektar ərazimiz var, orada onları artırandan sonra öz tarixi areallarına buraxacağıq. Bundan əlavə, qaya keçisidir ki, onların Naxçıvan Muxtar Respublikasında sayı çoxdur. Qarabağda da, xüsusən Kəlbəcər və Laçında da var. Şuşanın qayalıqlarında onlar yaxşı yaşaya bilərlər. Bunlar həm də turizm potensialıdır. Turistlər qaya keçilərini müşahidə eləyə biləcəklər ki, bu da cəlbedici faktordur. Həm də heyvanın özünün arealını, özünü bərpa etmək deməkdir. Prosesin ilk mərhələsi dünən başladı, növbəti illərdə heyvanların sayı tam bərpa olunanadək davam edəcək”.

Qeyd edək ki, ceyranların tarixi arealının bərpa olunması layihəsi Ekologiya Nazirliyi, İDEA İctimai Birliyi və Təbiətin mühafizə fondu tərəfindən həyata keçirilir.

Günay Şahmar
Cebhe.info