Şəhidin ailəsi Ermənistandan təzminat ala bilər

Şəhidin ailəsi Ermənistandan təzminat ala bilər

Dünən Ceyranbatan qəsəbəsindəki qəbiristanlıqda Xocalı rayonu ərazində aşkarlanmış məzarlıqdan qalıqları tapılmış, Xocalı soyqırımı zamanı itkin düşmüş şəxslərdən Akif Seydulla oğlu Mahmudovun dəfn mərasimi keçirilib.

Dəfn mərasimində Xocalı Rayon İcra hakimiyyətinin başçısı Şahmar Usubov, Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Xocalı rayon bölməsinin rəisi Rahim Mustafayev, mərhumun yaxınları, qazilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasimdə mərhumun ruhuna dualar oxunub, fatihə verilib.

Xatırladaq ki, 32 il əvvəl Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş bir çox vətəndaşımızın qalıqları tapılıb.

Maraqlıdır, şəhid ailəsi və ya onların qohumları Ermənistandan təzminat ala bilər?

Məsələ ilə bağlı hüquqşünas Əsabəli Mustafayev "Cebhe.info"-ya açıqlamasında bildirib ki, bu, hüquqi cəhətdən mümkündür:

"Avropa Məhkəməsinə şikayət vermək olar. Bundan ötrü qalıqların harada tapılması, qalıqların kimə məxsus olmasının dəqiqləşdirilməsi, nədən ölməsinin müəyyənləşdirilməsi peşəkarcasına aparılmalıdır. 

O zaman şəhidin hüquqi varisləri tapılmalıdır ki, onlar şikayətçi ola bilsin. Amma bununla bağlı istəklərinin olacağına inanmıram. Gələcək üçün bunu etmək lazımdır. Hansı zərərə düşdüyümüz, hansı itkilərlə qarşılaşdığımızı göstərmək üçün lazımdır.

Həmçinin, həmin şəhidlərin hüquqi varisləri üçün bu lazımdır. Amma bu, böyük zəhmət, xərc tələb edir. Həyata keçirilməsi sual altındadır. Həyata keçirilsə, beynəlxalq qurumların nümayəndələrini də bura dəvət etmək olar".

Naibə
"Cebhe.info"