Bakı və İrəvan arasında sülh danışıqlarının yeni formatı

Bakı və İrəvan arasında sülh danışıqlarının yeni formatı

“Azərbaycan-Ermənistan sülh prosesi üzrə Astanada danışıqların keçirilməsi məqbuldur, amma ikitərəfli qaydada danışıqların davam etməsi daha müsbət nəticələr doğura bilər”. 

Bu sözləri Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə “Cebhe.info”-ya şərhində Azərbaycan-Ermənistan sülh prosesi üzrə “Astana formatı”nın formallaşmasının mümkünlüyü barədə fikir səsləndirərkən bildirib.

Partiya sədri qeyd edib ki, Azərbaycan Ermənistanla istənilən məkanda danışıqlarda iştirak etməyə hazırdır:

“Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana son səfəri zamanı Gürcüstanın ovaxtkı baş naziri İrakli Qaribaşvili Tiflisin Azərbaycan-Ermənistan sülh danışıqlarına ev sahibliyi etməyə hazrır olduğunu bildirmişdi. 

Təbii ki, Prezident İlham Əliyev Qaribaşvilinin təklifini məmnuniyyətlə qarşıladı. Amma Azərbaycan Ermənistanla sülh danışıqlarının vasitəçilərizsiz və ikitərəfli qaydada keçirilməsinin tərəfdardır. Ölkə olaraq hesab edirik ki, ikitərəfli danışıqların aparılması hər iki tərəf üçün daha məqbuldur və bu yolla daha müsbət nəticələr əldə etmək olar.

Düzdür, Azərbaycanla Ermənistan arasında istər Moskva, istərsə Brüssel, istərsə də Vaşinqton formatında bir sıra sülh danışıqları həyata keçirilib. Ancaq bu formatlar çərçivəsində təşkil olunan danışıqlarda o qədər də uğurlu nəticələr əldə olunmayıb. Halbuki ikitərəfli qaydada aparılan danışıqlarda həm Azərbaycan, həm də Ermənistan üçün münasib olan razılaşmalar əldə olundu.

Xatırladaq ki, 2023-ci ilin dekabrın 7-də Azərbaycan Respublikası Prezident Administrasiyası və Ermənistan Respublikası Baş Nazir Aparatının birgə bəyanatı və bu ilin aprelin 23-də Ermənistanın Qazaxın dörd kəndini Azərbaycana qaytarması və delimitasiya prosesinin başlanılması məhz ikitərəfli qaydada aparılan danışıqların nəticələridir.

O ki qaldı “Astana formatı”nın mümkün olub-olmamasına, Azərbaycan istənilən türk ölkəsində, hətta Türkiyədə belə Ermənistanla sülh danışıqlarına qatılmağa hazırdır. Hesab edirəm ki, sülh danışıqları Azərbaycan və Ermənistanın özündə də keçirilə bilər.

Əsas odur ki, Ermənistan səmimi, düzgün və dürüst mövqe sərgiləməlidir. Qalan məsələlər zaman çərçivəsində öz həllini tapacaq”. 

Yunis Abdullayev 
“Cebhe.info”