“Yurd”un təşkilatçılığı ilə Qubada şəhidlərin qəhrəmanlıqları təbliğ edilir - FOTOLAR

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən “Konstitusiya və Suverenlik ili” çərivəsində icra olunan “Şəhidlərin qəhrəmanlıqlarının təbliği” layihəsinin növbəti tədbiri Quba rayonunun Pirvahid kəndində təşkil olunub.
"Cebheinfo.az" xəbər verir ki, Quba rayonu Pirvahid kənd tam orta ümumtəhsil məktəbinin idman zalında keçirilən tədbirdə Quba rayonunun Səbətlər, Pirvahid, Küçeyi, Amsar, Birinci Nügədi, İkinci Nügədi kəndlərindən və Qaraçay qəsəbəsindən olan 50 nəfər yeniyetmə və gənc müəllim 10 komanda tərkibində Nə? Harada? Nə zaman? oyunu üzrə intellektual turnirdə mübarizə aparıb.
Tədbirin açılış mərasimində çıxış edən layihə rəhbəri, “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov layihənin icra edilməsində əsas məqsədin Vətən müharibəsi iştirakçılarının qəhrəmanlıqlarının, Qarabağda formalaşmış görkəmli tarixi şəxsiyyətlərinin fəaliyyətinin, eyni zamanda Qarabağ tarixinin, ədəbiyyatının, incəsənətinin, musiqisinin, Qarabağda aparılan abadlıq-quruculuq işlərinin intellektual oyunlar vasitəsilə yeniyetmə və gənclər arasında təbliğ edilməsi olduğunu bildirib.
Bir dövrəli dairəvi sistem üzrə keçirilən turnirdə qalib adını İkinci Nügədi kəndini təmsil edən “İnvektus” komandası qazanıb. Səbətlər kəndini təmsil edən “Assansins Creed” və Amsar kəndini təmsil edən “Amsar” komandaları yarışda müvafiq olaraq ikinci və üçüncü yerləri tutaraq final mərhələsində oynamaq hüququ əldə ediblər.
Qalib və mükafatçılar müvafiq olaraq kubok, medal, diplom və bədii ədəbiyyat nümunəli kitablarla təltif edilib.
Qeyd edək ki, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən “Konstitusiya və Suverenlik ili”nə həsr olunan “Şəhidlərin qəhrəmanlıqlarının təbliği” adlı layihə çərçivəsində bu günə qədər Quba rayonunun 3 müxtəlif kənd zonasında yarışlar keçirilib. Layihənin növbəti mərhələlərində daha 3 kənd zonasında seçim turları keçiriləcəkdir.
"Cebheinfo.az"