Əli qana batan separatçılara əfv olmayacaq

Əli qana batan separatçılara əfv olmayacaq

ABŞ Dövlət katibi Entoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığında Qarabağın erməni sakinlərinin təhlükəsizliyinə zəmanət verilməsi və hüquqlarının qorunmasının vacibliyini vurğulayıb.

Bu barədə Dövlət Departamentinin mətbuat katibi Metyu Millerin bir neçə saat əvvəl dərc olunmuş press-relizində belə deyilir.
Məlumata görə, Blinken Azərbaycan Prezidentinə bir neçə təklif verib.

Bunlardan biri Azərbaycanın Qarabağda gələcək hərbi əməliyyatlardan çəkinməsi və humanitar yardıma maneəsiz çıxışın təmin edilməsi ilə bağlıdır.

“Entoni Blinken Prezident İlham Əliyevdən Qarabağ sakinlərinə öz evlərində təhlükəsiz yaşaya bilməsi və hüquqlarının müdafiəsi üçün təminat verməyi xahiş edib”, - deyə məlumatda qeyd edilir.

Dövlət katibinin Azərbaycan Prezidentindən ümumi amnistiya tətbiq etməyi təklif edib.

O, Qarabağda beynəlxalq müşahidə missiyasına icazə verməyin vacibliyini bildirib. Blinkenin öz fikirlərini Qarabağda hamının sülh, anlaşma və qarşılıqlı hörmət əsasında gələcəyini təmin etmək öhdəliyi ilə əsaslandırıb”.

Azərbaycan Prezidenti isə Blinkenə bildirib ki, antiterror tədbirləri 24 saatdan az müddətdə başa çatıb. Bu müddət ərzində zərbələr yalnız hərbi obyektlərə endirilib, onun sözlərinə görə, mülki şəxslərə zərər dəyməyib.

O bildirib ki, Ermənistan hərbçilərinin tərksilah edilməsi və Azərbaycan ərazisindən çıxarılması prosesi davam edir və bu beş gün ərzində külli miqdarda silah-sursat və hərbi texnika müsadirə edilib.

Prezidenti İlham Əliyevin sözlərinə görə, hazırda digər milli azlıqlar kimi, Azərbaycan ərazisində də erməni əhalisinin bütün hüquqlarının ölkə qanunvericiliyinə və beynəlxalq öhdəliklərinə uyğun olaraq təmin edilməsi üçün tədbirlər görülür.

Azərbaycan mətbuatının məlumatına görə, söhbət zamanı o da bildirilib ki, erməni sakinlərə yardım göstərmək məqsədilə Beynəlxalq Qızıl Xaç Komitəsi ilə əməkdaşlıq aparılır. BMT-nin Azərbaycandakı Rezident Əlaqələndirici Ofisinin nümayəndələri də Qarabağa səfər etməyi planlaşdırır.

ABŞ Dövlət katibi öz təkliflərini Azərbaycanın keçirdiyi antiterror əməliyyatından sonra bölgədə yaranmış yeni siyasi və humanitar vəziyyətin tənzimlənməsinə yönəlik təşəbbüs kimi təqdim etməyə çalışıb. Ancaq bu məsələdə Azərbaycanın suveren hüquqlarına zidd olan və qəbulu mümkün olmayan nüanslar var.

Əvvəla, Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə Azərbaycan vətəndaşlığını qəbul edən bütün ermənilərin təhlükəsizliyinin təmin ediləcəyini və onlara digər milli azlıqlarla eyni hüquqlar veriləcəyini bildirib.

Dövlət başçısı bunun Azərbaycan Konstitusiyasına uyğun olaraq həyata keçirləcəyini bəyan edib. Ona görə də ermənilər üçün xüsusi təhlükəsizlik təminatı və hüquqları nəzərdə tutan ayrıca öhdəliyə ehtiyac yoxdur.

Ermənilər Qarabağı və digər əraziləri işğal etdiyi bir vaxtda, yəni 1992-ci ilin sentyabr ayında mərhum prezident Əbülfəz Elçibəy Azərbaycan Respublikasında yaşayan milli azlıq, azsaylı xalq və etnik qrupların hüquq və azadlıqlarının qorunması, dil və mədəniyyətinin inkişafı üçün dövlət yardımı haqqında fərman imzalayıb.

Həmin sənəddə Azərbaycan ərazisində yaşayan bütün azsaylı xalqlara bütün milli-mədəni, təhsil, sosial hüquqlar, söz azadlığı verilir.
Sözügedən fərmanın 14-cü bəndi isə Azərbaycan vətənlığını daşıyan bütün milli azlıqların nümayəndələrinin təhlükəsizliyinə ciddi təminat yaradır. Fərmanın 5-ci bəndi isə Azərbaycanda yaşayan bütün millətlərin nümayəndələrinin digər dövlətlərin ərazisində yaşayan soydaşları ilə sərbəst əlaqə saxlaması məqsədilə Azərbaycan Respublikasının dövlət sərhədlərini sadələşdirilmiş qaydada keçmək hüququ verir.

Bu isə o deməkdir ki, Qarabağda yaşayan ermənilər Azərbaycan pasportu ilə “Laçın” sərhəd-buraxılış məntəqəsindən keçməklə Ermənistana sərbəst gedib-qayıda bilər. Amma Ermənistan azərbaycanlıların Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının yerinə yetirlməsi ilə bağlı tələbləri icra etmək istəmir.

Eyni zamanda, Azərbaycan Konstitusiyasının 25, 44 və 45-ci maddələrində nəzərdə tutulmuş “Bərabərlik hüququ” milli azlıqların, o cümlədən erməni sakinlərin hüquqlarının qorunmasını müdafiə edir.

Azərbaycan Konstitusiyası həm də Azərbaycan vətəndaşlarının təhlükəsizliyinin zəmanətidir. Ona görə də Blinkenin əlavə çağırışlarına, şərtlər irəli sürməsinə ehtiyac yoxdur.

Qeyd edək ki, Azərbaycan həm də “Milli azlıqların müdafiəsi haqqında” Çərçivə Konvensiyasına qoşulub. Yəni Azərbaycan milli azlıqların hüquqlarının və təhlükəsizliyinin təminatı ilə bağlı beynəlxalq hüquqi öhdəlilklərə əməl edir. Bu prinsip bütün Azərbaycanda yaşayan bütün millətlərə, o cümlədən Qarabağda yaşayan ermənilərə aiddir.

Təhlükəsizlik və hüquqlar paralellik təşkil edir. Əgər bunlardan biri pozulsa, digəri də mümkün ola bilməz. Ona görə də Azərbaycan erməni sakinlərə hər hansı hüquqlar verirsə, deməli onların təhlükəsizliyini də təminat yaradacaq. Azərbaycan Prezidenti də sentyabrın 21-də xalqa müraciətində Qarabağda yaşayan erməni sakinlərin bütün hüquqlarının təmin ediləcəyini rəsmən bəyan edib. Dövlət başçısı onlara təhsil, mədəniyyət, din və munisipal seçki hüquqları vəd edib.

Təbii ki, qeyd edilən hüquqlara malik olmaq üçün əsas şərt Azərbaycan vətəndaşlığını qəbul etməkdir. Bununla razılaşmayan istənilən erməni Azərbaycan ərazisini tərk etməlidir.

Blinken Azərbaycan Prezidentinə ümumi amnistiya tətbiq etməyi təklif edir. Azərbaycan böyük humanizm göstərərək tərksilah edilmiş qanunsuz erməni silahlı birləşmələrinin minlərlə üzvünə amnistiya elan edib və onların Ermənistana getməsinə şərait yaradıb.
Amma ABŞ-ın Dövlət katibi bununla qane olmur. Görünür, ABŞ Azərbaycandan separatçı rejimə rəhbərlik etmiş və axtarışa verilmiş bütün terrorçulara toxunmamağı istəyir. Bu məntiqlə ABŞ üsəma bin Laden, Əbu Bəkr əl-Bağdadi və digər terrorçulara amnistiya elan etməli idi.

Amma ABŞ heç bir terrorçunu cəzasız buraxmadı. O zaman, Azərbaycanın da Bako Saakyan, Arkadi Qukasyan, Araik Arutyunyan, Vitali Balasanyan kimi cinayətkarlara da amnistiya tətbiq etməsi üçün heç bir əsas yoxdur. Onlar Azərbaycanın dinc əhalisinıə qarşı kütləvi soyqırım və etnik təmizləmə həyata keçiriblər.

Terrorçunun milliyəti, dini olmur. Bu mənada, üsəma bin Ladenlə Araik Arutyunyanın heç bir fərqi yoxdur. Azərbaycan Prezidenti hələ may ayında Laçın şəhərində çıxışı zamanı amnistiya təşəbbüsü ilə çıxış edib.

Amma bu, iki halda mümkündür. İlk növbədə, qondarma rejim özünü buraxmalı, ikincisi bu oyuncaq quruma hazırda və əvvəllər rəhbərlik etmiş adamlar təslim olmalıdır. Ona görə də insanlığa qarşı cinayət törətmiş separatçılara amnistiya tətbiq oluna bilməz.
Qarabağda beynəlxalq müşahidə missiyasının fəaliyyətinə gəlincə, buna hazırda ehtiyac görünmür. Həmin ərazidə sülhməramlı missiyanı 10 noyabr 2020-ci il Bəyanatına uyğun olaraq, Rusiya hərbi kontingenti həyata keçirir.

Humanitar yardımların çatdırılması isə Beynəlxalq Qırmızı Xaç Komitəsinin xətti ilə təmin edilir. Prezident İlham Əliyev də bildirib ki, BMT-nin Azərbaycandakı Rezident Əlaqələndirici Ofisinin nümayəndələri də Qarabağa səfər etməyi planlaşdırır. Əgər ABŞ müşahidəçiləri bu prosesdə iştirak etmək istəyirsə, Bakıya gəlib BMT-nin nümayəndələri ilə birlikdə monitorinq aparmaq üçün Qarabağa səfər edə bilər.

Amma bu səfər Avropa İttifaqının Ermənistandakı mülki missiyası kimi əraziyə uzunmüddətli nəzarət məqsədi daşıya bilməz. Azərbaycan artıq 44 günlük müharibədən sonra Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti fəaliyyət zonasına tamamilə nəzarət edir və əlavə müdaxilələrə ehtiyac yoxdur.

Müşfiq Abdulla
Cebhe.info