Yeni tarixi dövr başlayır - Sülh prosesi yekunlaşır 

Yeni tarixi dövr başlayır - Sülh prosesi yekunlaşır 

“Qarabağda qondarma qurumun süqutundan sonra Ermənistan Baş naziri Nikol Paşinyanın Azərbaycan ilə sülh danışıqları masasına oturmaqdan başqa heç bir seçimi yoxdur”.

Bu sözləri politoloq Elçin Xalidbəyli “Cümhuriyət” qəzetinə açıqlamasında Qarabağda separatçı rejimin buraxılmasından sonra Azərbaycan-Ermənistan münasibətlərində yeni dövrün başlanacağı ilə bağlı fikirlərini bölüşərkən bildirib.

Onun sözlərinə görə, Ermənistan hakimiyyəti artıq regiondakı siyasi reallıqları başa düşüb.

“Son vaxtlara qədər Fransa başda olmaqla ermənipərəst beynəlxalq qüvvələr Cənubi Qafqazda vəziyyəti gərginləşdirmək istəyirdilər. Bunu da Ermənistan vasitəsilə həyata keçirməyə çalışırdılar. Onlar Azərbaycan ilə Ermənistan arasında sülh prosesini pozmaq məqsədi güdürdülər. Ona görə də son dövrlər Ermənistan demək olar ki, sülh prosesindən kənaşlaşmışdı. Ancaq Azərbaycanın Ermənistanla sərhəd ərazilərdə erməni silahlı birləşmələrinin təxribatlarına qarşı cavab tədbirləri, o cümlədən Qarabağda son uğurlu antiterror əməliyyatları Ermənistanı faktiki olaraq yenidən sülh prosesinə qayıtmağa vadar etdi.

Ermənistan hakimiyyəti çox yaxşı başa düşdü ki, vəziyyətin bu cür davam etməsi Azərbaycan ilə Ermənistan arasında yeni müharibəyə gətirib çıxaracaq. İrəvan onu da bilir ki, bu müharibədə Ermənistana heç bir ölkə hərbi dəstək göstərməyəcək, habelə həmin ölkələrin Azərbaycana qarşı sanksiyalar tətbiq etmək ehtimalı da yoxdur. Ona görə də Baş nazir Nikol Paşinyan, parlamentin sədri Alen Simonyan və digər rəsmilər sülh danışıqlarının davam etməsinin zəruriliyini vurğulamağa başlayıblar. Onlar Ermənistanın Azərbaycanla tez bir zamanda sülh müqaviləsinin imzalanmasında maraqlı olduğunu bəyan edirlər”.

Oktyabrın 5-də İspaniyanın Qranada şəhərində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında keçiriləcək sülh danışıqlarına toxunan E.Xalidbəyli vurğulayıb ki, bu görüşdə mühüm nailiyyətlər əldə oluna bilər:

“Yaxın günlərdə böyük addımların atılması şübhə doğurmur. Bunu göstərən əlamətlər var. Misal üçün, vaxtilə Rusiyanın XİN rəhbərliyi bəyan edirdi ki, Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanması heç bir tərəfə xeyir gətirməyəcək. Lakin indi vəziyyətin dəyişdiyini görən Kreml deyir ki, Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün böyük imkanlar açılıb.

Ən maraqlısı budur ki, bu cür açıqlamalar Azərbaycan Ordusunun Qarabağda antiterror əməliyyatlarından sonra verilib. Sülh müqaviləsinin imzalanmasına ən çox müqavimət göstərən Rusiya həmin müqavilənin imzalanmasına qarşı çıxmır və bunun nə zamansa baş verəcəyini yüksək qiymətləndirir.

Eyni zamanda, sülh müqaviləsinin 70%-nin hazır olması ilə bağlı bəyanatlar da səsləndirilir. Böyük ehtimalla, Qranada görüşündə sülh prosesinin daha da irəli aparılmasına yönələn mühüm razılaşmalar əldə olunacaq.

Əgər sülh prosesi intensiv şəkildə davam edərsə, bu ilin sonuna qədər və ya gəlin ilin əvvəllərində Bakı ilə İrəvan arasında yekun sülh sazişinin imzalanacağı istisna deyil”.

Hər iki ölkə arasında sülh sazişinin Moskva və ya Vaşinqton formatı çərçivəsində imzalanması məsələsinə gəlincə, politoloq bunun yalnız gələcək proseslərdən asılı olduğunu qeyd edib:

“Hazırda Azərbaycan-Ermənistan sülh prosesi ətrafında mübarizə gedir. Rusiya bu prosesin özünün vasitəçiliyi ilə davam etməsini və sülh müqaviləsinin Moskvada imzalanmasını istəyir. Eyni zamanda, ABŞ və Avropa İttifaqı yekun sülh müqaviləsinin Qərb şəhərlərinin birində imzalanmasını istəyir.

Amma Bakı ilə İrəvan arasında sülh müqaviləsinin Rusiya və ya Qərbin vasitəçiliyi ilə imzalanacağını dəqiq proqnoz etmək mümkün deyil. Əslində Azərbaycan üçün bunun heç bir fərqi yoxdur. Çünki Bakı üçün əsas kimin vasitəçiliyindən asılı olmayaraq sülh müqaviləsinin imzalanmasıdır. Amma Ermənistan üçün bunun fərqləri ola bilər. Çünki Ermənistan Rusiyadan uzaqlaşıb Qərbə doğru getməyə çalışır. Əgər Ermənistan sülh müqaviləsinin Rusiyanın vasitəçiliyi ilə imzalanmasını istəməzsə, böyük ehtimalla, bu, Qərbdə imzalanacaq”.

Sonda E.Xalidbəyli bildirib ki, Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması, yəni hər iki dövlətin münasibətlərində yeni tarixi dövrün başlanması Cənubi Qafqaz regionunda yeni dəyişikliklərə gətirib çıxaracaq:

“Bundan sonrakı mərhələdə regionda yeni geosiyasi və geoiqtisadi layihələrin reallaşması üçün münasib imkanlar yaranacaq. Cənubi Qafqazın inkişaf perspektivlərinin önü açılacaq. Burada ən önəmli məsələlərdən biri Zəngəzur dəhlizidir. Bu dəhlizin açılması həm region ölkələrinin inkişafında, həm də Avrasiya qitəsində mühüm marşrutların yaranmasında əhəmiyyətli rol oynayacaq.

Sonrakı mərhələdə Zəngəzur dəhlizi əsas gündəm mövzusu olacaq. Yəni Qərb ilə Rusiya arasında ciddi mübarizə bu dəhliz üzərində gedəcək”.

Yunis Abdullayev
Cebhe.info