"Qızını döyməyən dizinə döyər”:XXI əsr üçün köhnə yanaşma

"Qızını döyməyən dizinə döyər”:XXI əsr üçün köhnə yanaşma

“Son zamanlar uşaqların intihara cəhd etmə halları artıb”.

Ağır cümlədir, bilirəm. 

Ağırlığı altında cəmiyyət olaraq əzilirik... Bu cümlənin ətrafında hördüm bu axşam düşüncə torumu. Səbəblər axtardım uşaq intiharlarına. Qarşıma ümidsizlik çıxdı ən birinci. Göyçə mahalından olan bir tanışım var, bir dəfə ondan belə söz eşitdim: “Uşaq 7 yaşınadək yeməklə, 14 yaşınadək geyimlə, 20 yaşınadək ümidlə böyüyür”. Müasir dövrdə həyatın qaç-qovunda valideynlər uşağına yemək və paltar almaqla, onun ehtiyaclarını qarşılamaqla öz vəzifələrini bitmiş hesab edirlər. Bəs uşağın mənəvi dünyası? Hə, razıyam, televizorda uşaq kanalları var, hər uşağın olmasa da, 10 uşaqdan 7-sinin artıq şəxsi telefonu var, amma bunlar yetmir axı. Valideyn uşağına ümid də verməyi bacarmalıdır. Bunun üçün onunla dost, sirdaş olmalı, hər günündən, hətta hər dəqiqəsindən xəbərdar olmalıdır. 

Valideyn var ki, uşağının hansı rəngi sevdiyini bilmir... Bu valideyn uşağını necə tanıya bilər axı? Özünü lazımınca təqdim edə bilməyən, yeniyetməlikdən qaynaqlanan ruhi burulğanlarda azıb qalan, sözünü dinləyən kimsəsi olmayan uşaq intiharı ən asan çıxış yolu hesab edir. Uşaqların şəxsiyyət kimi formalaşmasında mühitin, cəmiyyətin də rolu var, razıyam. Amma Uşinskinin təbirincə desək, “ağ vərəq” olan uşaq zehninə ilk hərfləri valideynlər yazır/yazmalıdırlar! 

Ailə-məişət problemləri, dolanışıq qayğıları, “öz həyatımı yaşayıram” prinsipi ilə uşağın görməzdən gəlinməsi yazılan “ağ vərəq”də sonradan yaxşı nəsə axtarmaq absurddur.

Çünki mühitin də, cəmiyyətin də xəttinə hüsnxətt demək olmaz... Onların yazdıqları xaos, qarışıqlıq, gözqamaşdırıcı əlvanlıq olur. 

Uşaq məktəbə gedənədək fərddir, təhsil pillə-pillə onu şəxsiyyət kimi formalaşdırmağa başlayır. Arzularından xəbərdar olmaq, hisslərinə hörmət etmək, fikirlərini dinləmək, əşyalarına ehtiram göstərmək valideynin borcudur. Uşaq məktəbdən gələndən sonra hansısa sinif yoldaşı, yaxud küçədə gördüyü bir maşın haqqında təəssüratlarını danışırsa, valideyn ona qulaq asmalı, yanaşmasında yanlışlıqlar aşkar edərsə, düzgün istiqamətə yönəltməlidir. Və bunu hökmlə, diqtə edərək deyil, həmsöhbət olaraq söhbət əsnasında, mülayim ifadə ilə, sadə sözlərlə başa salaraq etməlidir. 

“Qızını döyməyən dizinə döyər”, “bala mənimdir, döyərəm də, sevərəm də” yanaşması XXI əsr üçün çox köhnədir. Döymək tərbiyə üsulu deyil; içində illərin qorxusu, qəzəbi yığılan uşaqdan cəmiyyət üçün yararlı, mərhəmətli şəxsiyyət uma bilmərik. Onlar daxillərindəki qəzəb vulkanını püskürdəndə təkcə öz valideynləri deyil, ətrafındakılar da qalır lava altında... Və bəzən həmin vulkanın adı olur intihar. 

Boşanmaların sayı artdıqca uşaqların “kozır” olması halları da çoxalır. Bir-birinə acıq edən, bir-birindən nəyinsə heyfini çıxmaq istəyən valideynlər bir-birini uşaqla təhdid edirlər: “Üzünü göstərmərəm ha!”, “Uşağı qaçıraram ha!”, “Uşağa sənin necə əclaf olduğunu deyəcəyəm, qoy atasını (anasını) tanısın!” və sair və ilaxır... Qadın da, kişi də öz eqolarının diqtəsilə bir-birinə hər sözü deyir, bir-birinə hər pisliyi edirlər. 

Halbuki, uşaq doğulan gündən onlar bu uşağın qarşısında kişi və qadın kimi deyil, ata və ana kimi məsuliyyət daşıyırlar. Hər ana qadındır, amma hər qadın ana deyil! Eləcə də, hər ata kişidir, amma hər kişi ata deyil! Ata, ana olmağın məsuliyyətini, qudsallığını öncə valideyn özü dərk etməlidir ki, bunu da uşağına ötürə bilsin, sonra da ondan hörmət, ehtiram gözləsin. Onu dünyaya gətirənlərin başqalarının atası və anası kimi olmadığı da uşağa dərd olur. Bu dərdin altında əziləndə, çıxış yolu tapmayanda intiharı seçir.  

Bir dəfə küçədə 10-11 yaşlarında oğlan uşağı ilə rastlaşmışdım. Səkidə oturmuşdu, dizlərini sinəsinə sıxmışdı. Çoxdandır qayçı görməyən saçları, çirkli paltarı, yırtıq ayaqqabıları vardı. Düşündüm, yəqin kimsəsizdir. Yaxınlaşıb hal-əhval tutdum, valideynlərinin olub-olmadığını soruşdum. Uşaq kədərli gözlərini üzümə zillədi, partlamış dodağını diliylə yalayıb astaca danışmağa başladı: 

-Atam da var, anam da. Atam tez-tez araq içir. Hər içəndə də məni döyür. Atam yorulub yatandan sonra da anam hirslə mənə çığırır: “Sən olmasan, mən bu əyyaşın yanında bircə gün də oturmaram! Sənə görə dözürəm bu əyyaşa!”-deyir. Sonra o da başlayır məni döyməyə. Elə istəyirəm ki, mənim də atam başqa atalar kimi başımı sığallasın, anam mənə “qadan alım”, “qurbanın olum” desin, bircə dəfə mən istəyən xörəyi bişirsin. Amma etmirlər... Mən hər dəfə döyülməkdənsə, bir dəfə ölmək istəyirəm. Amma ölmürəm. 

Uşağın səsindəki təəssüf ürəyimi göynətdi. Anladım ki, o, həqiqətən də, ölmədiyi üçün özünü pis hiss edir. Qəhərimi yenib nəsə deməyə macal tapmamışdım ki, uşaq yerindən qalxdı və qaçaraq gözdən itdi. İndi də, hər dəfə o küçəyə yolum düşəndə ətrafa baxır, həmin uşağı axtarıram. Ürəyimdə ümid edirəm ki, o, sağdır... 

Qarşıdan 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü gəlir. Uşaqları müdafiə etmək yetkin insanların hamısının borcudur. Ən əsası da, valideynlərin. Amma yüz dəfə, min dəfə əfsuslar olsun ki, uşaqların elə yetkin insanlardan, bəzən də valideynlərdən müdafiəyə ehtiyacı olduğu dövrə gəlib çıxmışıq. Gəlin, əl-ələ verək, uşaqlara dəstək olaq, onların xəyal dünyasının əlvanlığını qoruyub-saxlayaq. Uşaqlar sabahımızdır, gələcəyimizdir! Onları sevgiylə böyüdək ki, gələcəyimiz sevgi dolu olsun!

 Leyla Turan
"Cebhe.info"