Özəl liseylər qiymətləri qaldırır: “Dövlət müdaxilə etməkdən…”

Özəl liseylər qiymətləri qaldırır: “Dövlət müdaxilə etməkdən…”

Azərbaycanda fəaliyyət göstərən bir çox lisey və kurslar şagird qəbul olduğu zaman imzaladıqları müqaviləni yeniləyir.

"Cebhe.info" xəbər verir ki, bu barədə sosial şəbəkələrdə də valideynlər məlumat verib.

Belə ki, bəzi liseylər valideynlərdən müqavilənin yenilənməsini istəyib. Bildirilir ki, yenilənmədən sonra qiymətlərdə də artım müşahidə olunub.

Təhsil eksperti Kamran Əsədov "Cebhe.info"-ya açıqlamasında bildirib ki, hazırda Azərbaycanda 32 özəl lisey fəaliyyət göstərir:

"Bunların hər biri daxili xidmət nizamnaməsinə və əsasnaməsinə uyğun olaraq, xidmət haqlarını müəyyənləşdirir. Bu gün Azərbaycanın hər hansı bir dövlət qurumu özəl liseylərə qiymətlə bağlı irad bildirə bilməz. Onlar müvafiq olaraq, hər il xərcləri kəskin artdığına görə, xidmət haqlarını da artırırlar.

Özəl liseylər öz qiymət siyasətində müstəqildir. Hazırda ölkədə inflyasiya göstəricisi yüksəkdir, nəticədə bu da qiymətlərə öz mənfi təsirini göstərir. Pandemiyadan sonra xərclər kəskin artıb. Özəl qurumlar qiymət siyasətində müstəqil olsa da, insanların gəlirini, maddi vəziyyətini nəzərə almalıdır".

Onun sözlərinə görə, hazırda bəzi dövlət məktəbləri keyfiyyətli təhsil verə bilmir, nəticədə valideynlər övladlarına daha yaxşı təhsil vermək üçün özəl liseylərə müraciət edirlər:

“Amma özəl liseylərin qiymət siyasətinə dövlət müdaxilə etməkdən çəkinməməlidir ki, qiymətlər aşırı dərəcədə yüksək olmasın. Hazırda liseylərdə ən aşağı qiymət 8-10 min, yuxarı isə 50 min manata qədərdir. Düşünürəm ki, bu da doğru deyil. Bildirim ki, hər il tədris başa çatanda sonra qiymətlər dəyişir. Amma Elm və Təhsil Nazirliyi buna qarşı heç bir addım ata bilməz".

Naibə
"Cebhe.info"