Dörd kənd boşaldılır: “İlham Əliyev tarix yazmağa davam edir”

Dörd kənd boşaldılır: “İlham Əliyev tarix yazmağa davam edir”

"Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması birmənalı şəkildə Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin tərkib hissəsidir".

Bu sözləri Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü "Cebhe.info"-ya açıqlamasında deyib.

O bildirib ki, bu uğurlu siyasət uzun illərdir davam edir:

"2016-cı ildəki aprel döyüşlərindən sonra bir dönüş nöqtəsi yarandı. Azərbaycan dövləti və Ordusu Ermənistan üzərində psixoloji üstünlük qazandı. Onunla birlikdə uzun illərin məğlubiyyət sindromu dağılmağa başladı.

Azərbaycan Ordusu 2020-ci ildə 44 gün davam edən Vətən müharibəsində isə Qarabağı işğaldan azad etdi. 2023-cü ildə isə Azərbaycan ərazilərindəki separatizm ocağını tamamilə söndürməklə suverenliyi və ərazi bütövlüyünü tam təmin etdi". 

Ekspert vurğulayıb ki, bir güllə belə atılmadan Qazax rayonunun 4 kəndinin işğaldan azad edilməsi də bu uğur zəncirinin növbəti halqasıdır:

"Hesab edirəm ki, bu, möhtəşəm bir hadisədir. Azərbaycan dövləti və onun qalib lideri İlham Əliyev tarix yazmaqda davam edir. Bu cür qələbələr hər birimizi sevindirir və bizə qalib xalq məğrurluğu yaşadır".

Mübariz Göyüşlü onu da diqqətə çatdırıb ki, bütün dünya Azərbaycanın gücünü bir daha gördü:

"Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Onların qanları ilə topraqlarımızı işğaldan azad etdik. Ermənistan və onun havadarları Azərbaycan dövlətinin gücünü gördü. 35 ilə yaxındır işğalda olan Qazaxın kəndlərinin güllə atılmadan azad edilməsi də dövlətimizin gücünün təzahürüdür.

Bu, həm də xalqımızın qəhrəmanlığının göstəricidir. Ermənilər yaxşı başa düşürlər ki, əgər bu vəziyyətlə razılaşmasaydılar, biz onlarla başqa şəkildə davranaraq həmin kəndlərimizi də işğaldan azad edəcəkdik".

Elmir Mustafa
"Cebhe.info"