İrəvanı müharibəyə sürükləyən “fransız məntiqi”

İrəvanı müharibəyə sürükləyən “fransız məntiqi”

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi Əli Nağıyev Fransanın Ermənistanı yeni müharibəyə təhrik etdiyini deyib.

O, bu barədə rəsmi qəzetə müsabibəsi zamanı danışıb:

“Fransa regionda sülhə dəstək vermək əvəzinə 30 ilə yaxın müddətdə Azərbaycan torpaqlarını işğal altında saxlamış və xalqımıza qarşı soyqırımı cinayətləri törətmiş Ermənistanı silah-sursatla təmin edərək orada öz hərbi missiyasını yaratmaqla revanşist hisslərin alovlanmasına rəvac verir, Ermənistanı yeni müharibəyə təhrik edir, Cənubi Qafqazı yenidən müharibə meydanına çevirmək planını reallaşdırmağa çalışır”. 

Xatırladaq ki, bir müddət əvvəl rəsmi Moskvadan da Fransanın bu niyyəti barədə bəyanat gəlib. 

Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib ki, Fransanın Cənubi Qafqazdakı mövcudluğu kəşfiyyat xarakteri daşıyır: 

“Fransanın Cənubi Qafqaz regionunda olması kəşfiyyat məlumatlarının toplanması, region dövlətlərinin monitorinqini aparmaq və ölkələrimiz arasında əldə olunmuş sülh sazişlərinin icrasına mane olmaq cəhdidir”. 

“Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi”nin rəhbəri, politoloq Samir Hümbətov “Cebhe.info”-ya açıqlamasında bildirib ki, Fransa uzun müddətdir Ermənistanı müharibəyə sürükləyir:

“Fransanın Cənubi Qafqazda yeni gərginlik yaratmaq istədiyi açıq şəkildə görünür. Hətta rəsmi Paris Ermənistanı növbəti müharibəyə də təhrik edir. Fransa əvvəlcə silah-sursat və hərbi texnika ilə Ermənistanı təchiz etməyə başladı, sonra sözügedən ölkəyə Avropa İttifaqının mülki missiyası adı altında jandarm qüvvələrini göndərdi”. 

Politoloq Fransanın Ermənistanı müharibəyə təhrik etməsinin səbəblərindən də söz açıb:

“Fransa bölgədə yeni gərginlik yaratmaqla Ermənistan üzərindən silah satışını həyata keçirmək niyyətindədir. Həmçinin, rəsmi Paris Cənubi Qafqazda yeni gərginlik ocağı yaratmaqla prosesləri öz əlinə almağa çalışa bilər. Fransa İkinci Qarabağ müharibəsindən sonra regionda itirdiyi mövqeləri Ermənistanın vasitəsilə bərpa etməyə çalışır”. 

Samir Hümbətovun sözlərinə görə, Fransanın addımları müharibəyə səbəb ola bilər:

“Düşünürəm ki, bütün bunlar planlı şəkildə həyata keçirilir. Ümumiyyətlə, Fransa Afrikada itirdiklərini Cənubi Qafqazda tapmağa çalışır. Amma bu cür addımlar Parisin marağına xidmət etsə də, İrəvanı çətin vəziyyətə sala bilər. Çünki Ermənistan Fransa ilə əməkdaşlıq etdikcə, onun diqtəsi ilə hərəkət edəcək. Bu isə bölgədə ciddi müharibə təhdidinin yaranmasına gətirib çıxaracaq”. 

Elmir Mustafa 
“Cebhe.info”