Brüssel formatı qayıdır? - “Müharibə daha real görünür”

Brüssel formatı qayıdır? - “Müharibə daha real görünür”

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaarın Bakıya səfəri Brüsseldə keçiriləcək Azərbaycan-Ermənistan danışıqlarına hazırlıq məqsədi daşıyır.

Hətta Toyvo Klaar Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinə bundan sonra da öz töhfəsini verəcəyini deyib. Münxen Təhlükəsilik Konfransında Azərbaycan və Ermənistan liderləri ilə görüşən Şarl Mişel qısa müddətdə tərəfləri Brüsseldə bir araya gətirməyə çalışır.

Bu, həm də, ötən ilin sentyabr ayından sonra iflasa uğramış Brüssel formatının bərpa edilməsinə hesablanıb. Məlum olduğu kimi, hələ dekabr ayında Azərbaycan Fransanın Brüssel formatı çərçivəsində keçirilən danışıqlara qatılmaması şərtini irəli sürüb. Şarl Mişelin vasitəçiliyi ilə müzakirələrin davam etdirlməsinə dair razılığın əldə olunması rəsmi Bakının tələbinin qəbul edildiyini deməyə əsas verir. Yəni görüş üçtərəfli formatda baş tuta bilər. Xüsusilə də son günlər Qarabağda baş verən hərbi təxribatlara Rusiyanın səssiz qalması Moskvanın sülh təşəbbüslərinə şübhələri artırır. Bu isə Brüsselin vasitəçiliyinə üstünlük verilməsi ilə müşahidə olunur.

Politoloq Əziz Əlibəyli Cebhe.info-ya açıqlamasında bildirib ki, Brüssel formatı bərpa olunsa da, danışıqlarda irəliləyişin əldə olunmasına mane olan ciddi səbəblər qalmaqdadır: “Təcrübə və bilik göstərir ki, vasitəçilik səylərinin uğurlu olacağına inam azalmaqdadır. Çünki Brüssel formatının bölgədə təsirə malik olan güclər üçün keçərli olduğunu demək çətindir. Yəni Brüssel formatında Azərbaycan və Ermənistan arasında sülh razılaşması prinsipial olaraq mümkündür. Amma bunun icrası mümkün deyil. Bu istiqamətlərdə mövqelər toqquşur. İrəvanın siyasi iradəsi Rusiyadan icazəsiz belə bir müqaviləni imzalamağa imkan vermir. Eyni zamanda, Ermənistan sülh danışıqlarının pozulmasına yönəlik addımlar atarkən Rusiyanın yaratdığı imkanlardan istifadə edir. Rusiya isə Qarabağın gələcək taleyini qeyri-müəyyən müddətə təxirə salmağı təklif edirsə, bu, bizə lazım deyil. Ona görə də sülh axtırışı yaxşı hadisədir. Ancaq nəticə etibarı ilə indiki vəziyyətdə müharibə daha real görünür. Yaxud digər tərəfdən baxsaq, Qərb Azərbaycana vasitəçilik təklif edirsə, nə üçün savaş aparır? Niyə Azərbaycanda insan haqları məsələsində Ermənistanın tezislərini qabardır? Nə üçün Paşinyanın dəstəyi ilə Qərb Ermənistan üzərindən Azərbaycana təzyiq etməkdə maraqlı görünür? Rusiyaya gəlincə, əgər Moskva sağlam vasitəçidirsə, Qarabağda baş verən hərbi təxribat, ermənilərin sülhməramlılar vasitəsilə silahlandırılması hansı sülh danışıqlarına gətirib çıxara bilər? Ona görə də məsələnin həllinə yönəlik prinsipial problemlər var. Bu proses 2020-ci ilə qayıdışı şərtləndirəcək formul kimi görünür. Ermənilərin martın 5-dəki təribatı və iki hərbçimizin şəhid olması, eyni zamanda, Araik Arutyunyanın “Azərbaycan bizə ya inteqrasiya olun, ya da sərt tədbirlər görəcəyik deyir” açıqlaması bu rəsmi Bakının beynəlxalq aləmdə sülh tərəfdarı olduğuna dair mesajlarıdır. Eyni zamanda, Azərbaycanın daxili hesablaşmalara hazırlaşdığına dair mesajını aldıq. Sülh müqaviləsi və tərəflərin öhdəliyi yoxdursa, bölgədə müharibə ehtimalları da artır”.

Qeyd edək ki, 2022-ci ildə Brüssel formatı çərçivəsində bir sıra razılaşmalar əldə olunub. Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyasına dair birgə komissiyanın yaradılması, sülh sazişinin hazırlanmasına dair İşçi Qrupun təşkili və sülh müqaviləsinin mətninə dair birgə razılaşmalar olub. Lakin ilin sonuna doğru bu proses pozulub. Hazırda Brüssel formatının bərpasına başlanılsa da, həmin razılaşmaların icrası hələ mümkün görünmür.

Əziz Əlibəylinin sözlərinə görə, Avropa İttifaqı Şurasının vasitəçiliyi ilə keçirilən görüşlər ötən ilin avqust ayında mövqelərin xeyli yaxınlaşması ilə müşahidə olunurdu.

Xüsusilə də Laçın şəhəri və ətraf kəndlərin Azərbaycana qaytarılması təmin olundu və sülh sazişinin mətninin hazırlanmasına start verildi. Lakin Ermənistan sentyabr ayında dövlət sərhədində hərbi təxribat törətməklə prosesi pozdu: “Mayın 22-də İlham Əliyev və Nikol Paşinyanın Brüsseldə keçirilən görüşündə Zəngəzur dəhlizinin açılmasına dair razılaşma əldə olunmuşdu. Ancaq sentyabr müharibəsindən, ilin sonuna doğru uzunmüddətli siyasi pauzanın yaranmasından və Ermənistanın radikal mövqe sərgiləməsindən sonra Zəngəzur məsələsinə dair razılaşma reallaşmadı. Burada Fransanın və İranın Ermənistana təsiri də mühüm rol oynadı. Sentyabr ayından etibarən Azərbaycanın və Ermənistanın şərtləri meydana çıxdı. Yəni bütün bu təmaslara baxmayaraq, pozucu tərəf kimi Ermənistan çıxış etdi. Artıq Rusiyanın, yaxud Qərbin adının çəkilməsindən asılı olmayaraq, hesab edirəm ki, əsas pozucu tərəf məhz Ermənistandır”.

Müşfiq Abdulla
Cebhe.info