İnsanların pulu azalıb: Banklar da kredit vermir

İnsanların pulu azalıb: Banklar da kredit vermir

Bu il aprelin 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 470,8 milyon manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, martın 1-i ilə müqayisədə 0,35 % çoxdur.

Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 7,5 % artıb, son 1 ildə isə 20,3 % azalıb.

Martın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,9 % təşkil edib. Bu nisbət fevralın sonuna da 1,9 %, ötən il dekabrın sonuna 1,8 %, ötən il martın sonuna isə 2,9 % olub.

Maraqlıdır ki, insanlar daha kredit götürmürlər? Yoxsa kreditlərin ödənişi daha da asanlaşıb?

Məsələ ilə bağlı vəkil Əkrəm Həsənov "Cebhe.info"-ya açıqlamasında bildirib ki, ümumilikdə problemli kreditlərin sayı azalıb:

"1-2 ay artım isə tendensiya deyil, tendensiya bütövlükdə il ərzində nəzərdə tutulanlardır. Problemli kreditlərin sayının azalmasına səbəb insanların pulunun çox olması deyil, əksinə, insanların pulu azalıb, onlar kredit götürmək istəyirlər. 

Əsas səbəbi budur ki, banklar kredit vermirlər. Çünki banklar da problemli kreditlərdən qorxurlar, buna görə daha etibarlı insanlara kredit verirlər".

O qeyd edib ki, hazırda bankların bir çoxu izafi likvikliklə üzləşib. Yəni pulları çoxdur, lakin bilmirlər hara və kimə versinlər. Son illərdə kreditlərin həcmi iri şirkətlərə verilən kredit sayəsindədir. Sadə insanlarda isə bu say azalıb. Həm də Azərbaycanda inhisarlaşma var, böyük banklar daha da böyüyür, kiçik banklar daha da kiçilir. Nəticədə böyük banklar daha çox kredit verirlər və problemli kreditlərı bəzən qanuni, bəzən də qanunsuz yolla həll edirlər".

Ləman İsmayıl
"Cebhe.info"