İrəvan niyə 1991-ci il xəritələrində israr edir? - BİZİM TƏHLİL

İrəvan niyə 1991-ci il xəritələrində israr edir? - BİZİM TƏHLİL

“Ermənistan və Azərbaycan 1991-ci ildə SSRİ-nin dağılması zamanı iki ölkə arasındakı sərhəd xəttinin demarkasiya və ərazi bütövlüyünün qarşılıqlı tanınması üçün əsas kimi tanınması barədə razılığa gəlməyə yaxındırlar”. 

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Məclisin Xarici Əlaqələr Daimi Parlament Komissiyasının iclasında hökumət proqramlarının icrasının gedişi və nəticələrinə dair hesabatın müzakirəsi zamanı belə deyib. 

Onun sözlərinə görə, bu məsələdə, məsələn, bir ay əvvəl olduğundan daha çox qarşılıqlı anlaşma var. “Məndə belə bir təəssürat yaranıb ki, biz bu məsələdə qarşılıqlı razılığa gəlməyə çox yaxınıq”, - deyə Mirzoyan bildirib.
 
Qeyd edək ki, Ermənistan delimitasiya və demarkasiya prosesinin 1991-ci ilin dekabr ayında, yəni Almatı Bəyannaməsinin imzalandığı dövrə uyğun aparılmasını təklif edir. Lakin Ermənistanın bu mövqeyinin hüquqi əsası yoxdur. Çünki Almatı Bəyannaməsinin imzalanmasından sonra Ermənistan Azərbaycana qarşı işğalçılıq müharibəsinə başlamaqla həmin sənəd üzrə götürdüyü öhdəlikləri pozub. Eyni zamanda, Ermənistan Azərbaycanla sərhədlərdən rəsmən imtina edib. Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları Ermənistanın konstitusiyasında, Hərbi Doktrinasında, Milli Təhlükəsizlik Strategiyasında və digər hüquqi-normativ aktlarında bu gün də qalmaqdadır. 

Həmçinin, Azərbaycan və Ermənistan arasında Sovet dönəmində və ya Almatı Bəyannaməsinin imzalandığı dövrdə mövcud olmuş sərhədlərin müstəqillik dövründə dövlət sərhədi kimi tanınmasına dair hüquqi öhdəlik yaradan müqavilə yoxdur. Ona görə də Azərbaycan-Ermənistan sərhədi yenidən müəyyənləşməlidir. 

İkincisi, tərəflər arasında dövlət sərhədlərinə dair müqavilə, yaxud sərhədlərin delimitasiyasına və demarkasiyası ilə bağlı niyyət protokolu imzalanmalıdır. Lakin belə sənədlər razılaşdırılmazdan əvvəl Ermənistan konstitusiya islahatı aparmalı və Azərbaycana qarşı ərazi iddilarını nəzərdə tutan digər qanunvericilik aktlarına hüquqi cəhətdən xitam verməlidir.

Bunlar reallaşmadan Azərbaycanın Ermənistanın tələblərinə uyğun şəkildə 1991-ci ildə mövcud olmuş sərhədlər əsasında delimitasiya və demarkasiya aparması mümkün deyil. Çünki Almatı Bəyannaməsi imzalandığı vaxt Ermənistan Azərbaycanın bir sıra ərazilərini işğal və ilhaq etmişdi. 

1989-cu il dekabrın 1-də keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirlməsinə dair qanunsuz qərar hələ ləğv edilməyib. Ermənistan SSR Ali Soveti və DQMV Milli Şurasının çıxartdığı həmin qərara Ermənistanın Müstəqillik Bəyannaməsində, eləcə də konstitusiyasında istinad edilir. Ona görə də Ermənistan konstitusiya referendumu keçirərək Qarabağın ilhaqına dair hissəni konstitusiyadan çıxartmalıdır. 

Eyni zamanda, Ermənistan 1990-cı ilin yanvar ayında Sədərək rayonunun Kərki, 1990-cı ilin mart ayında isə Qazax rayonunun Bağanıs Ayrım kəndlərini işğal edib. Almatı Bəyannaməsi imzalandığı müddətdə adıçəkilən yaşayış məntəqələri Ermənistanın işğalı altında olub. Ona görə də Ermənistan hər iki kəndi qeyd-şərtsiz Azərbaycana qaytarmalıdır. 

Əslində, Ermənistan 1991-ci il xəritələrini gündəmə gətirməklə ikibaşlı siyasət yürüdür. Bu, ilk növbədə Sovet dövründə Azərbaycandan qoparılaraq qanunsuz şəkildə Ermənistana verilmiş torpaq sahələrini nəzarətdə saxlamaq məqsədi daşıyır. İkincisi, Ermənistan Qarabağın və iki kəndin işğalından əvvəlki deyil, sonrakı dövrə aid sərhədlərə dair müqavilə imzalamaqla Azərbaycana qarşı ərazi iddiasının hüquqi cəhətdən rəsmiləşdirmək istəyir.

Son vaxtlar rəsmi İrəvan Azərbaycan Ordusunun nəzarətində olan və şərti sərhəddə yerləşən yüksəklikləri özünün 31 kəndinin ərazisi elan etməklə bu iddiaları davam etdirir. Ermənistan 1991-ci il sərhədləri ilə bağlı maraqlarına uyğun müqavilə bağlasa, konstitusiya islahatından və sözügedən iki kəndi qaytarmaqdan yayına bilər.
 
Baş nazir Nikol Paşinyanın sözlərinə görə, Vyana Konvensiyasının 27-ci maddəsi iştirakçı dövlətdaxili qanunvericiliyə istinad edərək müqavilənin yerinə yetirməməsinə bəraət qazandıra bilməz. Paşinyanın bu açıqlaması daha çox hüquqi islahatlardan yayınmaq və Azərbaycanı arxayın salmaq cəhdi kimi də başa düşülə bilər.

Ancaq perspektivdə Ermənistanda hakimiyyətə gələcək başqa bir siyasi qüvvə bundan istifadə edərək Azərbaycana qarşı ərazi iddialarını davam etdirə bilər. Ermənistan nə işğal dövründə, nə də hazırda beynəlxalq hüququn prinsiplərinə əməl edib. Bu baxımdan, gələcəkdə də eyni siyasətin təkrar olunmayacağına zəmanət yoxdur. Ona görə də sərhədlər müəyyənləşmədən öncə Ermənistan Azərbaycana qarşı ərazi iddialarına son qoyan hüquqi islahatlar aparmalıdır. 

Müşfiq Abdulla 
“Cebhe.info”