Böyük Qayıdış: Azərbaycanın 5 Milli Priortetindən biri uğurla başlayıb

İSTİQAMƏT: 6.3.7. işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış
Qarabağ artıq öz doğma sakinlərini qarşılayır. Bir zamanlar o torpaqlara həsrətlə baxan qarabağlılar bu gün o torpaqlarda yaşamağa başlayır.
Əvvəl onu qeyd edək ki, Azərbaycan 2020-ci il 27 sentyabrdan 9 noyabrına qədər 44 gün ərzində torpaqlarını işğaldan azad etdi. Ardınca sürətli tikinti-quruculuq işlərinə başlanıldı və nəhayət ötən ilin 19 iyulunda Qarabağa ilk köç başladı. Belə ki, ilk olaraq Zəngilan rayonunun Ağalı kənd sakinləri 30 ilə yaxın həsrətdən sonra öz doğma yurdlarına qayıtdılar.
Zəngilan rayonunda “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə əhalinin köçrülüməsinin birinci mərhələsinə həsr edilmiş tədbir Abşeron rayonunun Masazır kəndi ərazisində məcburi köçkünlər üçün salınmış yaşayış kompleksində keçirildi. Məcburi köçkünlərin ilk qrupu Abşeron rayonu Masazır qəsəbəsində yerləşən “Zəngilan şəhərci”yindən Daxili İşlər Nazirliyinin əməkdaşlarının müşayiəti ilə öz doğma yurd-yuvalarına yola salındı. Bu, Qarabağa Böyük Qayıdış prosesinin ilk mərhələsi idi.
Sonrakı mərhələlərdə Laçın şəhərinə qayıdış başladı. İlk olaraq bu ilin 28 may tarixində 20 ailə, yəni 97 nəfər Laçın şəhərinə köçürülüb. Sonradan mərhələli şəkildə davam etdirilən qayıdış prosesində 9 avqustda da 93 nəfərdən ibarət 23 ailə Laçına qayıdıb. 16 avqustda isə daha 18 ailə, yəni 65 nəfər Laçına köçürülüb. Bununla da Laçın şəhərinə 221 ailənin, yəni 858 nəfərin Laçına qayıdışı təmin edilib. Növbəti qayıdış prosesi isə Füzuli şəhərinə olacaq.
Artıq proses başladılıb, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Füzuli şəhərinə birinci mərhələdə köçürüləcək ailələr arasında keçirdiyi püşkatma 144 ailə ( 509 nəfər) mənzillə təmin olunub. Həmin ailələr indiyədək Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşma yerlərində yaşayıblar. Bu gündən isə həmin ailələrin Füzuli şəhərinə köçürülməsinə başlanılıb. Onu da qeyd edək ki, Füzuli şəhərində hazırda 38 binada tikinti-quraşdırma əməliyyatları sürətlə aparılır. Bu ilin sonunadək 800 ailə Füzuli şəhərinə qayıdacaq.
2040-ci ilədək isə şəhərdə 50 min vətəndaşın məskunlaşacağı gözlənilir. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan Böyük Qayıdış prosesini nəzərdə tutulandan da qısa zamanda yekunlaşacaq. Müharibədən dərhal sonra dövlətin başlatdığı tikinti-quruculuq işləri sürətlə davam etdirilir. Xüsusilə qeyd edək ki, Azərbaycan bütün bu işləri öz gücü hesabına görür.
Prezident İlham Əliyev də bildirib ki, Azərbaycan bunun üçün kənardan yardım almayıb:
“Müharibə bizim gücümüzü göstərdi, əyilməz iradəmizi göstərdi, birliyimizi göstərdi, müharibə rəmzinə, qələbə rəmzinə çevrilən dəmir yumruq öz gücünü göstərdi. Bu, həm birlikdir, həm gücdür. Cəmiyyətimizdə birlik də var, ölkəmizin gücü də var və həmişə olacaq”.
Böyük Qayıdışın başlamasına qədər isə Qarabağda çox ciddi infrastruktur işləri aparılıb. Füzuli, Laçın və Kəlbəcərdə hava limanlarının tikilməsi strateji baxımdan çox əhəmiyyətli hesab olunur. Füzuli Beynəlxalq Hava Limanı artıq istifadəyə verilib və təyyarələri qəbul edir. Laçın və Kəlbəcərdə isə hava limanlarının tikintisi davam edir. Plana görə, gələn ilin sonu, ya da 2025-ci ilin əvvəllərində Laçın hava limanı istismara veriləcək. Qarabağda xüsusilə yol infrastrukturunun qurulması çox çətin prosesdir. Dağlıq ərazilər olan bölgədə belə sürətli quruculuq işləri aparmaq isə Azərbaycan dövlətinin gücünü göstərir.
"Kəlbəcər-Laçın yolunun yenidən qurulması prosesinə start verildi. Mən özüm Kəlbəcərdən Laçına maşınla getmişəm, məsafə o qədər uzun olmasa da, bu yol həddindən artıq çətin və təhlükəlidir, indiki yoldan istifadə etmək, demək olar ki, qeyri-mümkündür. Sovet vaxtında o bölgələrdə yaşamış insanlar da yaxşı xatırlayırlar ki, o yol çox çətin idi, bir çox hallarda bu, serpantin yoldur və çox təhlükəli idi. Ona görə biz bu yolu yenidən qururuq, bir çox tunellər inşa ediləcək. Ümumiyyətlə, Kəlbəcər və Laçın rayonlarında bizim ən çox tunellərimiz məhz o bölgədədir və Murov dağının altından keçən tunelin uzunluğu təxminən 12 kilometr olacaq. Beləliklə, biz Göygöl rayonundan da Şərqi Zəngəzura yol açırıq. Eyni zamanda, Qubadlı-Laçın yolu da sürətlə inşa edilir", - Prezident İlham Əliyev martın 28-də Məsim Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edərkən belə deyib.
Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan Böyük Qayıdış prosesini daha qısa zamanda başa çatdıracaq. Nəhayət, 30 ildən sonra Qarabağ öz sakinlərinə qovuşacaq. Onu da qeyd edək ki, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunub. Bu Milli Prioritetlərə əsaslanan “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edən mühüm sənəddir.
QEYD: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Vilayət Muxtar
Cebhe.info