Dünyaya 44 günlük Zəfər dərsi
İSTİQAMƏT: 6.3.5. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması
Azərbaycanın torpaqlarını işğal azad etməsi dünya miqyasında bir ilk idi. Qısa zamanda - 44 gün ərzində torpaqlarını 30 illik erməni işğalından azad edən Azərbaycan dünyaya bir nümunə oldu. Eyni zamanda, Azərbaycan bununla dünyaya öz gücünü də göstərdi. İşğala son qoyan Azərbaycan azad etdiyi tarixi torpaqlarında erməni vəhşiliyinin, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətləri dünyaya açıq formada təqdim etməyə başladı. Dağıdılan infrastruktur, tarixi abidələr, ekoloji terror və yaşayış məskənlərinin məhv edilməsini vizual olaraq dünya ictimaiyyətinə təqdim etdi.
Ermənistanın 30 ilə yaxın müddətdə işğal altında saxladığı Azərbaycan torpaqlarını minalarla çirkləndirmişdi. Azərbaycan postmüharibə dövründə əraziləri minalardan təmizləmək üçün böyük maliyyə və işçi qüvvəsi sərf etməyə məcbur qaldı. Digər tərəfdən, Ermənistan bu cinayətini davam etdirərək mina xəritələrini də Azərbaycana vermək istəmirdi. Azərbaycanın Ermənistanı məcbur buraxaraq aldığı xəritələr isə ən yaxşı halda 25 faiz doğruluq payına sahib idi. Bütün bu erməni cinayətləri dünya ictimaiyyətinə tam çılpaqlığı ilə təqdim olundu. Amma buna baxmayaraq yenə də bəzi dövlətlər xristian həmrəyliyindən çıxış edərək ermənipərəst mövqeyindən əl çəkmədi və işğalçını müdafiə etməyi davam etdirdi.
Mövzu ilə bağlı “Cebheinfo.az”-a danışan VI çağırış Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib ki, Azərbaycanın Vətən müharibəsində və antiterror tədbirlərində müstəsna qələbəsi yalnız hərbi zəfər hesab olunmamalıdır:
“Cənab İlham Əliyev 30 ildən artıq davam etmiş işğala, təcavüzə, çoxsaylı müharibə cinayətlərinə son qoymaqla, habelə Azərbaycanın beynəlxalq hüquqla tanınmış ərazisində separatizmin kökünü birdəfəlik kəsməklə, son nəticədə beynəlxalq hüququn aliliyinin təmininə yönəlmiş kompleks bir Zəfərə nail olub. Lakin işğal və təcavüzün "dünya ictimaiyyətinin" gözü önündə davam etməsi, 30 il ərzində işğalçıya və işğala məruz qalana "bərabər" münasibət, dünyanın ayrı-ayrı bölgələrində, o cümlədən bizim regionda başqa dövlətlərin, məsələn Gürcüstanın, Ukraynanın ərazi bütövlüyünə xüsusi "həssaslıq" nümayiş etdirən riyakar mövqeyin hökm sürdüyü bir şəraitdə Azərbaycanın ərazilərinin işğalda qalmasına göz yumulması prosesin yalnız Azərbaycan və Ermənistan arasında hərbi münaqişədən ibarət olmadığını göstərirdi. Yəni Azərbaycan Respublikası cənab İlham Əliyevin müzəffər Ali Baş Komandanlığında yalnız Qarabağ və Şərqi Zəngəzurda işğala, təcavüzə, separatizmə son qoymadı, bu həm də nəhəng və çoxillik informasiya səddinin aşılması idi. Ədalətsizlik üzərində bərqərar olunmuş bu sədd özünü zaman-zaman Azərbaycana münasibətdə qeyri-konstruktiv və reallıqları təhrif edən kampaniyalarda biruzə verir, haqq səsimizin dünyaya çatdırılması qarşısında ciddi əngəl kimi çıxış edirdi. Bundan başqa, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi, BMT Baş Assambleyasının, digər çoxsaylı beynəlxalq təsisatların qətnamə və bəyanatlarına baxmayaraq bu sənədləri heçə sayan Ermənistana münasibətdə heç bir diplomatik həmlə, beynəlxalq hüququn aliliyinə yönəli real addım müşahidə olunmurdu.
Yəni bu, o deməkdir ki, Azərbaycan özünün hərbi qələbəsinin ardınca çox ciddi siyasi, diplomatik və informasiya maneələrini aşmalı idi. Postmünaqişə dövrü, o cümlədən antiterror tədbirlərindən sonra müşahidə olunan reallıqlar isə göstərir ki, Azərbaycan Prezidenti hərbi qələbələrinin ardınca digər istiqamətlərdə də zəruri kriteriyaları adlamağı və Azərbaycanın qələbəsinin dayanıqlılığını təmin etməyi bacardı”.
B.Məhərrəmov qeyd edib ki, ötən dövr ərzində Azərbaycan və Ermənistan arasında sülh prosesinin məhz Azərbaycanın direktivləri əsasında davam etməsi, sülh danışıqlarının sərhədlərin delimitasiya və demarkasiyası prosesindən ayrılması, o cümlədən dialoqun vasitəçisiz formada davam etdirilməsi əslində Azərbaycanın qələbələrinin davamı sayılmalıdır:
“Əldə olunan nailiyyətlər, o cümlədən sərhədlərin delimitasiyası və hətta demarkasiyası istiqamətində real razılaşmalar da göstərməkdədir ki, Azərbaycanın son nəticədə hədəfi bölgədə dayanıqlı sülhə nail olmaq, regionun inkişaf və tərəqqisində bütün bölgə sakinlərinin iştirakını təmin etməkdir. Lakin çox təəssüflər olsun ki, özünün ardıcıl məğlubiyyətlərinə, 3 il ərzində iki dəfə kapitulyasiya aktı imzalamasına və bütövlükdə dəyişən reallıqlara baxmayaraq Ermənistan hələ də revanşist niyyətlərlə yaşayan qruplaşmalara geniş meydan verməkdədir, habelə İrəvan Qərbin regionda sülh və sabitlik arzulamayan imperialist dairələrinin təhriki ilə regionda dayanıqlı sülh və sabitliyin bərqərar olunması qarşısında əngəllər yaratmaqdadır. Hərbi, o cümlədən siyasi və diplomatik yolla regiona hər hansı formada təsir edə bilməyən Qərb imperializmi indiki məqamda bütün informasiya rıçaqlarını işə salaraq Azərbaycan ətrafında təcavüzkar blok formalaşdırmaq və ölkəyə qarşı 30 ildən artıq davam etmiş informasiya hücumlarının intensivləşdirilməsinə nail olmağa çalışır. Bu prosesdə xüsusən Qərbin ayrı-ayrı dövlətlərinin hökumət dairələrinə bağlı olan "müstəqil" insan haqları təsisatları, o cümlədən digər "qeyri-hökumət" təşkilatları xüsusi fəallıq göstərir, Azərbaycan əleyhinə eyni mənbədən qidalanan, oxşar ssenarilər əsasında formalaşdırılmış, ittihamlarla dolu, qərəzli hesabatlar yayımlamaqdadırlar. Təbii ki, müşahidə olunanlar hüquq və ədalət adına təəssüf doğurur, lakin eyni zamanda bizi təəccübləndirmir.
Cənab İlham Əliyevin inaqurasiya mərasimindəki tarixi çıxışında da bəyan etdiyi kimi, biz Vətən müharibəsində elə daşları tərpətmişik ki, bilirdik ki, bizdən əl çəkməyəcəklər və bu mənada, edilən bu qərəzli hücumlar və beynəlxalq hüquqa zidd davranışlar qarşısında hazırlıqsız deyilik. Azərbaycan daxilində tam şəkildə ictimai qayda və ictimai təhlükəsizlik təmin olunub. Möhtərəm Prezidentin 2023-cü ilin may ayının 10-da Şuşadan ifadə etdiyi kimi, Azərbaycan təhlükəsizlik adasıdır”.
Həmsöhbətimiz onu da əlavə edib ki, ölkəmizin artan nüfuzu, getdikcə genişlənən strateji tərəfdaşlıqlar dairəsi beynəlxalq aləmdə də istənilən qərəzli hücumu neytrallaşdırmağa imkan verir:
“Yəni cənab İlham Əliyev Azərbaycanın maraq və mənafelərini bütün spektrlərdə, o cümlədən təhlükəsizlik, informasiya diplomatiya və siyasi müstəvidə tam şəkildə təmin edib. İndiki məqamda Azərbaycan vətəndaşlarının, o cümlədən Azərbaycan mediasının qarşısında dayanan yeganə vəzifə real situasiyanı doğru qiymətləndirmək, proseslərə aydın gözlə baxmaq və əldə olunan nəticələrin dayanıqlılığının qorunması üçün cənab İlham Əliyevin ətrafında daha sıx birləşmək və haqq işimizdə bir mövqedən çıxış etməkdir. Möhtərəm Prezidentin 2019-cu ildə Bakı Dövlət Universitetinin 100 illiyi mün¬asibətilə tədbirdə də çıxışında ifadə etdiyi kimi, hər kəs anlamalıdır ki, bizi bizdən daha çox sevən yoxdur. Qərbin ayrı-ayrı təsisatlarının, eləcə də onların Azərbaycandakı beşinci kolon funksiyasını yerinə yetirən tör-töküntülərinin "demokratiya", "insan haqları" adına verdiyi bəyanatlar populizmdən başqa bir şey deyil, yalnız və yalnız Qərb imperializminin maraqlarına xidmət edir”.
QEYD: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Vilayət Muxtar
“Cebheinfo.az”