İranda həbs olunan gəncin ailəsi dövlətdən vəkil istəyir  

İranda həbs olunan gəncin ailəsi dövlətdən vəkil istəyir  

“Mən dövlət səviyyəsində İranda bizə vəkil tutulmasını istəyirəm. Çünki dövlətin təyin etdiyi vəkil daha təsirli olacaq”.

Bu sözləri Cebhe.info-ya açıqlamasında üç aya yaxındır İrana səfər edən və qarşı tərəfinin açıqlamasına görə casusluq ittihamı ilə saxlanılan Fərid Səfərlinin anası Dilarə Əsgərova deyib. Dilarə Əsgərova İranda vəkil tutduqlarını bildirib:

“Vəkil İranda tutulmalı, İran qanunlarını və fars dilini bilməlidir. Bizim İranda tutduğumuz vəkil Fəridin yerinin müəyyən olunması ilə bağlı məhkəməyə və hüquq-mühafizə orqanlarına müraciət etmişdi. Heç ondan da bir xəbər çıxmadı”.

Xatırladaq ki, bu il Almaniyanın Yena Universitetində magistr təhsilini başa vuran Fərid Səfərli fevral ayının 20-si Almaniyadan İrana gedib. F.Səfərli martın 5-də Almaniyaya qayıtmalı olsa da, geri qayıtmayıb. Martın 4-dən etibarən Fəridin telefonu sönüb, onunla əlaqə tamamilə itib. Ondan xəbər alınmaması ilə bağlı müraciət Xarici İşlər Nazirliyinə martın 9-da daxil olub.

Azərbaycan Xarici İşlər Nazirliyi Fərid Səfərli ilə bağlı İranın Azərbaycandakı səfirliyinə martın 9-da nota ünvanlayıb. Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə mətbuata açıqlamasında bildirib ki, çoxsaylı müraciətlərdən sonra İran tərəfi notaya cavab olaraq, Fərid Səfərlinin həbs olunaraq, ona qarşı cinayət işi başladıldığını bildirib.

Məlum terror hadisəsi ilə bağlı Azərbaycanın İrandakı diplomatik təmsilçiliyinin məhdud olmasına baxmayaraq, Fərid Səfərli barədə məlumat verildiyi ilk gündən etibarən, həm Xarici İşlər Nazirliyi tərəfindən, həm də Təbrizdəki Baş konsulluğumuz tərəfindən İranın aidiyyəti qurumları ilə müzakirələr aparılmaqdadır. Bununla yanaşı, F.Səfərlinin ailəsi və özü ilə mütəmadi əlaqə saxlanılır. Yaxın zamanlarda Təbrizdəki Baş konsulluğumuz tərəfindən Fərid Səfərli ilə görüşün keçirilməsi üçün tədbirlər görülür.

Günay Şahmar
Cebhe.info