Müəllimləri ixtisar gözləyir: Nazir anons etdi

Müəllimləri ixtisar gözləyir: Nazir anons etdi

“Ali təhsil müəssisələrində proqramların yenilənməməsi daima gündəmə gəlir”.

Bunu elm və təhsil naziri Emin Əmrullayev Təhsilin İnkişafı Forumunu çərçivəsində təşkil edilmiş "Biliyi dəyərə çevirən sinerji" adlı paneldə çıxışı zamanı deyib.

O bildirib ki, bəzən dəyişiklik edilməməsinin səbəbi təhsilə aidiyyatı olmayan məsələlər olur:

"Ali təhsil müəssisələrində o qədər fənn var ki, onlar keçirilməməlidir. Əgər dəyişiklikliyə hazırıqsa, bunu edək". 

Qeyd edək ki, bir sıra təhsil mütəxəssisləri tərəfindən də ali məktəblərdə proqramların yenilənməməsi, hətta bir sıra təhsil ocaqlarında Sovet dövrünün proqramlarından hələ də istifadə edildiyi bildirilir. Nəticədə isə tələbələr yeniliklərdən kənarda qalır, ancaq məhdud çərçivədə biliklərə yiyələnirlər. 

Bu gün ali məktəb proqramının yenilənməsinin vaxtı çatıb? 

Təhsil üzrə ekspert Vüsal Kərimli “Cebheinfo.az”a bildirib ki, əslində elm və təhsil nazirinin məsələyə yanaşması doğrudur: 

"Son 5 il ərzində dövlət sənədləri və standartlarında xeyli innovativ proqramlarda, yenilənmələr olub. Əhəmiyyətli dərəcədə dəyişikliklər, yenilənmələr olmayıb. Ancaq zaman-zaman bu məsələlərə diqqət verilir. Hazırda elm və təhsil naziri Emin Əmrullayevin fikri ilə tam razıyam, məhz bunun sosial bir tərəfi də olacaq. Əgər biz lazımsız hesab etdiyimiz fənnləri çıxarsaq sabah universitetlərdə kifayət qədər ciddi şəkildə müəllimlərin ixtisarına səbəb ola bilər.

İkincisi, əgər biz hansısa bir proqramı yeniləmək istəyiriksə, bundan öncə müəllimlərin təlimlərə cəlb edilməsi məsələsini gündəmə gətirməliyik. Bu gün Azərbaycan Dövlət İqtisad Universiteti bu məsələdə kifayət qədər aktivdir. Müəllim heyətilə müvafiq ixtisaslar üzrə xarici mütəxəssisləri dəvət etməklə təlimlər keçirir. Fənnin adını dəyişməklə yeniliyə nail olmaq olmaz.

Əsas fənnin içindəki təqdim ediləcək düzgün kompitensiyaların verilməsinə fokuslanılmalıdır. Yəni fənnin adını dəyişsək heç nə dəyişməyəcək. Bununla yanaşı son illər tədris proqramlarında yenilənmələr aparılıb və bunun birdən-birə kəskin şəkildə dəyişməsini təmin etmək çox çətindir.

Dünya təcrübəsinin ölkəyə gətirilməsinə gəldikdə, təhsil prosesində bizim özümüzün də iqtisadi reallıqlarımız var. Biz onları da, əmək bazarının tələblərini də nəzərə almalıyıq.

Əgər biz Amerika, İngiltərə və yaxud Almaniyanın eyni tədris proqramlarını Azərbaycana gətirsək nə qədər faydalı olacaq? Bu gün həm də kadr məsələsində ciddi problemlər var.

Əksər universitetlərdə müəllim-tələbə nisbəti çox aşağıdır, ixtisaslı, kvalifikasiyalı (şəxsin müvafiq standartlara uyğun olan təlim nəticələrinin əldə edilməsi haqqında səlahiyyətli qurum tərəfindən aparılan qiymətləndirmə və təsdiqetmə prosesinin rəsmi nəticəsidir (sertifikat, attestat, diplom)) müəllimlərin sayı aşağıdır. Bu məsələni də nəzərə almalıyıq”.

Nigar Abdullayeva
“Cebheinfo.az”