Bu ölkədə it ətinin istehlakı qadağan edildi
Cənubi Koreyada it ətinin ticarətini və istehlakını qadağan edən qanun qüvvəyə minib.
"Cebheinfo.az" xəbər verir ki, “The Korea Herald” qəzetinin yazdığına görə, Cənubi Koreyanın Kənd Təsərrüfatı Nazirliyi məsələ ilə bağlı açıqlama verib.
Açıqlamada Milli Məclisdə yanvarın 9-da qəbul edilən və it ətinin ticarətini və istehlakını qadağan edən qanunun bu gündən qüvvəyə mindiyi bildirilib və hökumətin bizneslərini bağlamaq və ya dəyişdirmək planlarını təqdim edən qəssablar, restoranlar və it fermerlərinə kompensasiya ödəyəcəyi qeyd edilib.
Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi Park Jung-hoon, ölkədə it əti istehlakının 2027-ci ilin fevralına qədər tamamilə dayandırılması üçün lazımi tədbirləri dəstəkləyəcəklərini bildirdi.
Cənubi Koreya Kənd Təsərrüfatı Nazirliyinin may ayında verdiyi açıqlamaya görə, ölkədə it əti ticarəti ilə məşğul olan 5625 müəssisə təzminat almaq üçün müraciət edib.
Yeni qanuna görə, it fermerləri və it əti satan restoran sahibləri 2027-ci ilin fevralına kimi müxtəlif sektorlara keçməlidirlər.
Bu tarixdən sonra "ət üçün it kəsənlər" maksimum 3 il həbs və ya təxminən 23 min dollar, "ət üçün it böyüdən və satanlar" isə maksimum 2 il həbs və ya 15 min dollara qədər pul cəzası alacaqlar.
Nigar Hacılı
"Cebheinfo.az"