Dünyanın diqqəti Niderlandda

Niderlandda Baş nazir Dik Şofun rəhbərlik etdiyi hökumət ifrat sağçı Azadlıq Partiyasının (PVV) koalisiyadan çıxmasından sonra dağılıb.
"Cebheinfo.az" xəbər verir ki, koalisiyanı təşkil edən liberal-mühafizəkar Azadlıq və Demokratiya Xalq Partiyası (VVD), sağ mərkəzçi NSC və Fermerlər Partiyası (BBB), PVV lideri Geert Vildersin tələbləri ilə bağlı razılığa gələ bilməyib.
Vilders Niderlandın qaçqın və immiqrasiya siyasətinə radikal məhdudiyyətlər qoyulmasını tələb etmişdi.Vilders sosial media platforması “X”-da "Heç bir imza, heç bir qayda, PVV koalisiyanı tərk edir" deyib.
Belçikanın ictimai yayımı VRT-nin məlumatına görə, Vilders koalisiya sazişinə sərhədlərin qaçqınlar üçün bağlanması, hərbi sərhəd nəzarətinin artırılması, qaçqın mərkəzlərinin sayının azaldılması və müvəqqəti yaşama icazəsi olan suriyalıların deportasiyası daxil olmaqla 10 sərt tədbirin daxil edilməsini tələb edib.
Vilders bir gün əvvəl verdiyi açıqlamada koalisiyadan imtina etdiyini bildirmişdi:
"Əgər heç nə dəyişməsə və ya kifayət qədər dəyişiklik olmasa, PVV gedəcək".
Nigar Hacılı
"Cebheinfo.az"