"Epşteyn işi"ndə daha 6 ad: Elə adamlar var ki...
ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Ro Hanna "Ceffri işi" ilə bağlı sənədlərin senzurasız versiyalarını araşdırdıqdan sonra materiallarda yer alan 6 nəfərin adını açıqlayıb.
“Cebheinfo.az” xəbər verir ki, Hanna ictimaiyyətə açıqlanan sənədlərin 70-80 faizinin senzuradan keçdiyini bildirib.
Hanna araşdırmadan sonra Nümayəndələr Palatasının kürsüsündə etdiyi çıxışın videosunu "X" sosial şəbəkə platformasındakı hesabında paylaşıb.
O qeyd edib ki, digər konqresmen Tomas Messi ilə birlikdə bir gün əvvəl ABŞ Ədliyyə Nazirliyində sənədlərlə tanış olublar:
“Orada təxminən iki saat keçirdik və gördük ki, dosyaların 70-80 faizi hələ də senzuralıdır”.
Hanna vurğulayıb ki, sənədlərdə adı keçən 6 “varlı və nüfuzlu” şəxsin kimliyi Ədliyyə Nazirliyi tərəfindən “heç bir əsas olmadan” gizlədilib. Onun sözlərinə görə, həmin şəxslər bunlardır: Les Veksner, Sultan Ahmed bin Sulayem, Salvatore Nuara, Zurab Mikeladze, Leonic Leonov və Nikola Caputo.
Konqresmen əlavə edib ki, cəmi iki saatlıq baxış zamanı bu adları müəyyən edə biliblər. Təxminən 3 milyon sənəd senzurasız araşdırılarsa, daha çox adın üzə çıxa biləcəyini deyib.
Hanna bildirib ki, Federal Təhqiqat Bürosunun (FTB) Ədliyyə Nazirliyinə göndərdiyi faylların hamısı senzuralıdır. O, bunu qəribə hal kimi qiymətləndirib:
“Hamısı senzuralıdır. Bu, bir az qəribədir. Bütün Konqres üzvlərini Ədliyyə Departamentində “senzurasız” fayllarla tanış olmağa dəvət edirlər, lakin FTB-dən gələn bütün fayllar senzuradan keçib".
Digər konqresmen Tomas Məssi isə "X" hesabında paylaşım edərək qeyd edib ki, Epşteyn sənədlərində adın hallanması avtomatik olaraq günahın sübuta yetirilməsi demək deyil. Bununla belə, o iddia edib ki, 2019-cu ilə aid FBI sənədində Les Veksnerin Epşteynlə birlikdə “uşaq cinsi istismarı cinayətində” ortaq kimi göstərildiyi bildirilir.
Əfsanə Rəcəb
“Cebheinfo.az”

