Fransa “Paris qırğını”nı pisləyən qətnamə qəbul edib

Fransa “Paris qırğını”nı pisləyən qətnamə qəbul edib

Fransa parlamenti 300-dən çox əlcəzairlinin həyatını itirdiyi “1961 Paris qırğını”nı pisləyən qətnaməni təsdiqləyib.

"Cebhe.info" xəbər verir ki, 1961-ci il oktyabrın 17-də Parisdə 300-dən çox əlcəzairli nümayişçinin öldürüldüyü "qırğın"ın tanınması və pislənməsini nəzərdə tutan təklif Parlamentin Baş Assambleyasında müzakirəyə çıxarılıb.

Bir maddədən ibarət təklif 11 “xeyr” səsinə qarşı 67 “hə” səsi ilə qəbul edilib.

Qətnamədə 17 oktyabr 1961-ci ildə Paris polisinin yalnız “Əlcəzairli müsəlman fransızlarına” tətbiq etdiyi komendant saatına qarşı çıxan əlcəzairli ailələrin dinc nümayiş keçirdikləri bildirilib.

Əlcəzairli nümayişçilərin o vaxtkı Paris polis rəisi Maurice Paponun əmri ilə polisin sərt və ölümcül təzyiqi ilə üzləşdiyini xatırladan təklifdə “1961 Paris qırğını” pislənilib.

Bundan əlavə, təklifdə "1961 Paris qırğını" üçün bir anma gününün milli günlər və rəsmi mərasimlər əhatəsinə daxil edilməsi tələb olunub.

Təklifin parlamentin yuxarı palatası olan Senatda müzakirəyə çıxarılması gözlənilir.

Nigar Hacılı 
"Cebhe.info"