İran səfiri işə başladı: 8 ildən sonra

İranın 8 ildən sonra Sudana təyin etdiyi səfir Həsən Şah əl-Hüseyni vəzifəsinə Sudan Suverenlik Şurasının Prezidenti Əbdülfəttah əl-Burhana etimadnamə təqdim etməklə başlayıb.
"Cebheinfo.az" xəbər verir ki, Suverenlik Şurasından verilən yazılı açıqlamaya görə, Burhan İranın səfir təyin etdiyi Hüseyni ölkənin şərqindəki Port Sudan şəhərində qəbul edib.
Görüşdə Sudan Xarici İşlər Nazirliyinin müşaviri Hüseyn əl-Əmin də iştirak edib.
Əmin görüşdən sonra verdiyi açıqlamada iki ölkə arasında əlaqələrin möhkəm olduğunu və İran səfirinin etimadnaməni təqdim etməsinin iki ölkə arasında münasibətlərdə yeni mərhələnin başlanğıcından xəbər verdiyini bildirib.
Səfir Hüseyni etimadnaməni “iki ölkə arasında səfirlərin mübadiləsi və ikitərəfli əlaqələrin inkişafı ilə bağlı ümumi konsensus çərçivəsində” təqdim etdiyini bildirib.
İran İslam Respublikası ilə Sudan arasında əməkdaşlıq əlaqələrinin gücləndirilməsi üçün əlindən gələni edəcəyini vurğulayan Hüseyni ölkəsinin Sudanın milli suverenliyi, birliyi və ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib.
Nigar Hacılı
"Cebheinfo.az"