Nazir istefa verdi: Qalmaqallı qanuna görə

Nazir istefa verdi: Qalmaqallı qanuna görə

Gürcüstanın maliyyə nazirinin müavini Mirzə Gelaşvili ölkənin gələcəyini yalnız Avropada gördüyünü söyləyərək istefa verib. 

“Cebhe.info” “NewsGeorgia”-ya istinadən xəbər verir ki, buna səbəb xarici agentlərlə bağlı qalmaqallı qanun olub.

“10 il dövlət qulluğunda işlədikdən sonra Gürcüstanın Maliyyə Nazirliyindən gedirəm. Fərdi məsləhətçi kimi karyeramı davam etdirəcəyəm.Müstəqillik gününüz mübarək! Gürcüstanın gələcəyi Avropadadır!”, – deyə Gelaşvili “LinkedIn”-də yazıb.

“Formula” telekanalı ilə söhbətində o, qərarın xarici agentlər haqqında qanunla bağlı olduğunu təsdiqləyib. Gelaşvili deyir ki, o, bu qərarını bir ay əvvəl hakim “Gürcü arzusu” təşəbbüsü yenidən parlamentə təqdim edəndə qəbul edib.

Gelaşvilinin bəzi həmkarları da açıq şəkildə xarici agentlər haqqında qanunla razılaşmırlar. Onlardan biri də maliyyə nazirinin birinci müavini Georgiy Kakauridzedir. O, cümə günü jurnalistlərə deyib ki, beynəlxalq tərəfdaşların şərhlərini nəzərə alaraq təşəbbüsün dəyişdirilməsinin məqsədəuyğun olacağına inanır.

Kakauridze həmçinin açıq şəkildə bildirib ki, o, Tbilisi ilə Vaşinqton arasında münasibətlərin hazırkı kəskinləşməsindən narahatdır. Strateji tərəfdaşlığa yenidən baxılması qərarını şərh edərkən o, Gürcüstanın Avro-Atlantik kursunun maliyyə yardımından daha vacib olduğunu bildirib.

Xəzər
“Cebhe.info”