Orban Avropa İttifaqını tənqid etdi

Orban Avropa İttifaqını tənqid etdi

Macarıstanın Baş naziri Viktor Orban Avropa İttifaqının Ukraynaya hərbi dəstək və sürətli üzvlük siyasətini sərt tənqid edib.

"Cebheinfo.az" xəbər verir ki, o, bu fikri "Kossuth" radiosunun səhər proqramında çıxışı zamanı səsləndirib.

Orban bu yanaşmanın Avropa iqtisadiyyatını çökdürəcəyini bildirib:

"Avropa pulları, o cümlədən bizim pullarımız əl arabaları ilə Ukraynaya daşınır", - deyə hökumət başçısı bildirib və əlavə edib ki, Aİ iqtisadiyyatı ciddi maliyyə çatışmazlığı ilə üz-üzədir.

Onun sözlərinə görə, əgər Ukraynaya göndərilən pullar Avropa iqtisadiyyatına yönləndirilsəydi, nə Macarıstan, nə də Avropa İttifaqı bu cür problemlərlə qarşılaşmazdı.

Baş nazirin fikrincə, Aİ Ukraynaya dəstəyi ABŞ olmadan davam etdirməyə çalışsa da, bu, real deyil:

“ABŞ olmadan nə Ukrayna ordusunu, nə də iqtisadiyyatını ayaqda saxlamaq mümkün deyil. Bu gün Kiyev bir milyonluq ordu qurmaq istəyir, amma bunu maliyyələşdirmək Aİ üçün qeyri-mümkündür”.

Orban həmçinin Ukraynanın 2030-cu ilədək Aİ-yə üzv qəbul olunması planını təhlükəli sayır.

Onun sözlərinə görə, bu məqsədlə Brüssel nəhəng məbləğdə kredit götürməyi planlaşdırır və nəticədə Avropa borc bataqlığına düşəcək.

Üstəlik, bu pulların əksəriyyəti Ukraynaya yox, orada fəaliyyət göstərən böyük xarici şirkətlərə çatacaq.

“Ukraynaya tələsik üzvlük vermək həm səhv, həm də zərərlidir. Hələ gec deyil, bu səhvi düzəltmək olar”, - deyə Orban vurğulayıb.

O qeyd edib ki, Macarıstanda bu məsələyə dair referendum keçirilir və Budapeşt onun nəticələrini Brüssellə müzakirələrdə nəzərə alacaq.

Sonda isə Orban Aİ-ni müharibəni uzatmaq yox, sülhə çalışmaq istiqamətində hərəkətə çağırıb:

“Avropa iqtisadiyyatı yalnız Ukraynada sülh bərqərar olandan sonra rahat nəfəs ala bilər. Biz müharibəni yox, danışıqları dəstəkləməliyik”.

Səbinə Uğur
"Cebheinfo.az"