Putin sərhədə qoşun yığır: Yeni müharibə başlayacaq

Bir çox ölkələrin diqqəti Ukrayna ətrafında baş verən hadisələrə yönəldiyi bir zamanda Vladimir Putin Finlandiya və Baltikyanı ölkələr sərhədləri yaxınlığında hərbi mövcudluğunu artıraraq sakitcə NATO ilə münaqişəyə hazırlaşır.
Qərb kəşfiyyatı və hərbi rəsmilərinin fikrincə, 2024-cü ilin əvvəlində yenidən yaradılmış Leninqrad Hərbi Dairəsi Şimali Atlantika Alyansı ilə qarşıdurma bazasına çevrilməlidir. Kreml orada hərbi obyektlər tikir, sərhədyanı ərazilərdə dəmiryol xətlərini modernləşdirir, hərbi xidmətə cəlb olunma və silah istehsalını genişləndirir.
“Cebheinfo.az” “The Wall Street Journal”-a istinadən yazır ki, hakimiyyət hazırda genişlənən hərbi bazalarda yerləşdiriləcək on minlərlə hərbçini idarə etmək üçün bir neçə il ərzində Petrozavodskda yeni ordu qərargahı yaratmağı planlaşdırır. Qərb hərbi və kəşfiyyat mənbələrinin məlumatına görə, onların bir çoxunun Ukraynada tammiqyaslı müharibə başa çatdıqdan sonra ora köçürülməsi planlaşdırılır, kiçik briqadalar təxminən üç dəfə artacaq və 10 min nəfərlik diviziyalara çevriləcək.
“Onlar nə qədər taktiki və ya əməliyyat müstəvisində yeniliklər yaratmağa çalışsalar da, ruslar üçün ölçü hər şeydən önəmlidir”,- deyə Finlandiyanın strategiyaya cavabdeh olan Baş Qərargah rəisinin müavini general-mayor Sami Nurmi bildirib.
Moskvadakı Strategiyaların və Texnologiyaların Təhlili Mərkəzinin direktoru Ruslan Puxov deyir:
“Son onilliyin məntiqi göstərir ki, biz NATO ilə hansısa konflikt gözləyirik. Finlandiya sərhədində hərbi mövcudluğun artması Kremlin belə bir münaqişəyə hazırlığının bir hissəsidir və qoşunlar Ukraynadan qayıdanda sərhədin o tayında düşmən hesab etdikləri ölkəyə baxacaqlar”.
Donald Tramp hesab edir ki, Rusiyanın Ukraynadan kənara çıxa biləcəyi qorxusu şişirdilib. Fevral ayında Volodimir Zelenskinin ABŞ-nin alyansa dəstəyi kəsəcəyi təqdirdə Rusiyanın NATO ilə müharibəyə başlaya biləcəyi xəbərdarlığı ilə bağlı suala Tramp belə cavab verib:
“Mən bununla razı deyiləm”.
Öz növbəsində, NATO-nun şərq cinahında yerləşən ölkələr onunla razılaşmır. Finlandiya, Latviya, Estoniya, Litva, Polşa sərhədi möhkəmləndirir və yaxud buna hazırlaşır) hasarlar, tank əleyhinə maneələr və möhkəmləndirilmiş nöqtələr ucaldır. 2021-ci ildə Rusiya 40-a yaxın T-90M əsas döyüş tankı istehsal etdi, lakin indi onların illik istehsalı 300-ə yüksəlib.
Finlandiyanın yüksək rütbəli hərbi rəsmisi hesab edir ki, onların Ukrayna cəbhəsinə demək olar ki, göndərilməməsi, sonrakı istifadə üçün saxlanılması Putinin daha genişmiqyaslı qarşıdurmaya hazırlaşmasına sübutdur.
Rusiyanın yenidən silahlanma planları NATO ilə sərhəddə yerləşdiriləcək yeni qoşunların ehtiyaclarını ödəmək üçündür. Əsasən Ukraynadakı müharibəyə göndərilən köhnə və təmir edilmiş sovet texnikası, yeni istehsal olunan texnika isə ilk növbədə yeni bölmələr üçün nəzərdə tutulub. Karnegi Berlin Mərkəzinin Rusiya və Avrasiya üzrə baş əməkdaşı Dara Massicot deyir ki, Ukrayna qüvvələri son illərdə nadir hallarda yeni rus texnikasını görüb və ya məhv edib.
Finlandiyanın OSINT təşkilatı “Black Bird Group” tərəfindən təhlil edilən 2022 və 2025-ci illərə aid peyk şəkillərinə əsasən, ölkə sərhədi yaxınlığında, Leninqrad vilayətinin Vıborqski rayonunun Kamenka kəndindəki hərbi bazada yeni kazarmalar yaranıb. Norveç və Finlandiya ilə sərhəddən bir neçə kilometr aralıda yerləşən Sputnik Şimal Donanmasının bazasında hərbi texnika üçün yeni anbarlar var.
“Barents Observer” ixtisaslaşdırılmış hərbi nəşri xəbər verir ki, 2024-cü ilin oktyabrında müdafiə naziri Andrey Belousov Rusiya Hərbi Dəniz Qüvvələrinin və Şimal Donanmasının baş komandanları ilə birlikdə “Sputnik”-ə səfər edib. Rusiya Silahlı Qüvvələrinin planlarına görə, 2030-cu ilə qədər orada silah və hərbi texnika üçün bir neçə anbar, o cümlədən raketlər və artilleriya, yeni kazarmalar və yataqxanalar tikilməlidir ki, bu barədə Belousova məlumat verilib.
“Sputnik”-də yerləşən 61-ci dəniz piyada briqadası Ukraynaya qarşı müharibədə fəal iştirak edir. “Barents Observer” qeyd edir ki, Norveç kəşfiyyatının 2023-cü ilin əvvəlinə dair hesabatına görə, o, bir ildən az davam edən döyüşlər ərzində şəxsi heyətinin 80%-ni itirib.
Finlandiya və Norveçlə sərhədlər boyunca, eləcə də Sankt-Peterburqun cənubundan Estoniya ilə sərhədə qədər yeni dəmir yolu xətləri çəkilir. Ərazidə mövcud xətlər də genişləndirilir.
Danimarka kəşfiyyatı 2025-ci ilin fevralında xəbərdarlıq etmişdi ki, Rusiya beş il ərzində Avropada genişmiqyaslı müharibəyə başlaya bilər. WSJ Qərb hərbi rəsmilərinə istinadən yazır ki, Ukraynada atəşkəs ona daha da sürətlə hazırlaşmağa imkan verəcək. Polşanın müdafiə naziri Vladislav Kosiniyak-Kamış qəzetə deyib:
“Bizim çox vaxtımız yoxdur. Güclü ittifaq, güclü komanda strukturu və yaxşı təchiz olunmuş ordu qurmalıyıq”.
Xəzər
“Cebheinfo.az”