Şahramanyanın dayısı həbs edildi - Xankəndidən köçən erməni kim imiş?

Qarabağdakı erməni əhali köçdükdən sonra Xankəndidə qalıb yaşayan Sarkis Qalstyan Ermənistana köçərkən həbs edilib.
“Cebhe.info”-nun məlumatına görə, bu barədə İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan məlumat verib.
Abramyanın sözlərinə görə, Qalstyan casusluqda ittiham olunur və onun barəsində həbs qətimkan tədbiri seçilib.
Sarqis Qalstyanın martın 29-da Ermənistana daxil olduğu və Gorusda Milli Təhlükəsizlik Xidməti tərəfindən həbs edildiyi məlum olub. O, həmin gün həyat yoldaşı ilə Beynəlxalq Qızıl Xaç Komitəsinin müşayiəti ilə Xankəndi şəhərindən Ermənistana köçüb.
Ermənistan mətbuatının verdiyi məlumata görə, Sarkis Qalstyan uzun illər Qarabağdakı qondarma rejimdə müxtəlif “vəzifələr”də çalışıb. O, 1990-cı illərdə Azərbaycana qarşı döyüş əməliyyatlarında iştirak edib, işğal dövründə Şuşa qurulmuş uydurma inzibati rayon rəhbərliyində müavin işləyib.
Sonra Qalstyan cinayətkar rejimin “Hərbi Vətənpərvərlik və Təhsil Nazirliyi”ndə fəaliyyət göstərib.
Sarkis Qalstyan ləğv edilmiş qondarma rejimin keçmiş rəhbəri Samvel Şahramanyanın dayısıdır. Onun qardaşı oğlu, “qurum”da özünü deputat adlandıran David Qalstyanın verdiyi məlumata görə, ötən il sentybarın 19-20-də Azərbaycan Ordusunun keçirdiyi antiterror əməliyyatından sonra Şahramanyan öz dayısını başqa "vəzifəyə" təyin edib. Qalstyan 2023-cü ilin dekabr ayında “Azadlıq” radiosunun Ermənistan xidmətinə açıqlamasında özü və həyat yoldaşının Azərbaycan vətəndaşlığını almaqdan imtina etdiklərini deyib.
Müşfiq Abdulla
“Cebhe.info”